Dollara niyə tələbat yoxdur? – TƏHLİL

   Dollara niyə tələbat yoxdur? –    TƏHLİL
  19 İyul 2023    Oxunub:5169
Ölkədə 2018-ci ildən bəri ilk dəfə olaraq bu ilin 5 ayı ərzində banklar tərəfindən nağd ABŞ dollarının alışı onun satışını üstələyib. Qeyd olunan dövr ərzində mütəşəkkil banklararası valyuta bazarının həcmi keçən ilin eyni dövrünə nisbətən 45% çox təşkil edib. Qısa desəm, xarici valyutaya tələb daralmaqda davam edib. Bu isə müəyyən suallarla yanaşı, manatın məzənnəzi ilə bağlı da müammalar yaradır.
İlk sual odur ki, 2018-ci ildən bəri ilk dəfə olaraq bu il banklar tərəfindən xarici valyuta alışının satışı üstələməsi nə ilə əlaqədardır?! İkincisi, bu, müsbət iqtisadi proseslərlə - inkişaf dinamikası ilə bağlıdır, yoxsa hansısa təhlükə və yaxud ajiotajın gözlənilməsi ilə?
Üçüncüsü, bu tendensiya inkişaf edə bilərmi?
Dördüncüsü isə, ölkədə xarici valyutaya tələbin daralması valyuta bazarındakı tarazlığa təhlükə yaradırmı?

Bir daha xatırladıram ki, söhbət banklar tərəfindən alınan valyutadan gedir. Başqa sözlə desəm, banklararası valyuta bazarından... Bu sahədə müvafiq mexanizmin təşkili həqiqətən böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, əhali tərəfindən xarici valyutaya tələbin artdığı qeydə alınmayıb. Sual yarana bilər ki, banklarda nəsə bir siqnal var, yoxsa necə?!..

Xeyr, heç bir siqnal yoxdur. Ölkədə xarici valyutataya heç bir kütləvi tələbatın olmadığı AMB-nin keçirdiyi valyuta hərraclarından da aşkar görünür. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olub.

Banklararası mütəşəkkil valyuta bazarı AMB tərəfindən ölkəmizdə ilk dəfə bu il yanvarın 9-da yaradılıb. Bu o demək idi ki, artıq banklar da biri-birlərinə valyuta alıb-sata bilərlər. Əvvəl bu, banklar tərəfindən nağdlaşdırılıb ya əhaliyə, ya da AMB-yə satılaraq həyata keçirilirdi. Yeni platforma yaradılandan sonra isə valyuta kəsiri olan hər hansı bank öz kəsirini bağlamaq, profisiti olan banksa onu satmaq imkanı əldə etdi. Bu, çox müsbət cəhət və mexanizm sayılır.

İlin əvvəlində AMB-in keçirdiyi hərracların bəzilərində banklar tərəfindən ümumiyyətlə, tələb qeydə alınmadı. Sonrakı tələblərin həcmləri isə təklifdən aşağı olub. Bu faktın özünün də bilavasitə banklararası mütəşəkkil valyuta bazarının işə düşməsindən sonra ortaya çıxdığı nəzərdən qaçırılmamalıdır. İlin əvvəlində ilk dəfə olaraq bir-iki hərracda satış ümumiyyətlə, baş tutmadı. Çünki buna ehtiyac qalmamışdı.

Məsələnin ölkədə gedən iqtisadi proseslərlə - inkişaf dinamikası ilə heç bir əlaqəsi yoxdur. Bu və ya digər bankın xarici valyuta ilə bağlı kəsiri və yaxud profisiti varsa, bunun real sektorla birbaşa əlaqəsindən heç bir söhbət gedə bilməz. O səbəbdən ki, bizdə banklar iqtisadiyyatla işləmirlər. Odur ki, hər hansı təhlükə gözləntisi və yaxud ajiotaj haqda da söhbət açmağın yeri yoxdur.

Tendensiyanın inkişafına gəlincə, mütəşəkkil banklararası valyuta bazarının həcmi arta və ya azala bilər. Bu, ölkədə əhalinin xarici valyutaya tələbatının artıb-artmayacağından asılıdır. Ümumən valyuta bazarındakı mövcud tarazlığın aqibəti də məhz bununla bağlıdır. Belə ki, xarici valyutaya ümumi tələbin azalması prosesi davam edərsə, banklar tərəfindən dolların alışı tendensiyası müəyyən balans yarandıqdan sonra dayanacaq. Yox, əksinə, xarici valyutaya kütləvi tələb artmağa doğru istiqamət götürərsə, banklar arasındakı valyuta bazarının həcmi də genişlənməkdə və yeni sürət almaqda davam edəcək.

Manatın məzənnəzinə gəlincə, AMB-nin sədri Taleh Kazımovun sözlərilə desəm, ölkədə inflyasiyanın 80%-nin təklifdən, idxal inflyasiyasından qaynaqlandığı bəllidir. Hələ yaxşı ki, manatın nominal effektiv məzənnəsi buna azaldıcı təsir göstərir. Yoxsa idxalın neqativ təsirləri, başqa sözlə desəm, inflyasiya vulkan təki püskürmüşdü. Söhbət ölkəmizdə həyata keçirilən sabit məzənnə rejimindən - manatın dəyərinin inzibati yolla saxlanılmasından gedir. Bunun nəticəsidir ki, manatın nominal effektiv məzənnəsi ötən il ərzində məhz 8,4%, cari ilin ötən 5 ayında isə 5,1% möhkəmlənib.

Odur ki, hər şey neftin qiymətindən asılıdır. İşdir-işayət, əgər neftin qiyməti düşərsə idxal inflyasiyası başımıza daha böyük bəlalar aça bilər. Bu isə gözlənilmir.


Pərviz Heydərov
İqtisadçı-ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Dollar   Manat  





Xəbər lenti