Polşa-Belarus müharibəsi başlaya bilərmi? – Keçmiş müdafiə naziri ilə müsahibə

Polşa-Belarus müharibəsi başlaya bilərmi? –    Keçmiş müdafiə naziri ilə müsahibə
  05 Avqust 2023    Oxunub:3930
Rusiya prezidenti Vladimir Putin qalmaqallı açıqlamalarla çıxış edərək bildirib ki, Polşa müstəqilliyinin bərpasına görə SSRİ-yə təşəkkür etməlidir, çünki qərb torpaqlarını ona Stalin hədiyyə edib və əgər “Varşava bunu unutsa, Rusiya xatırlatacaq”. O, həmçinin eyham vurub ki, Polşa Belarusa hücum etmək istəyir və sərhəddə qüvvələr toplayır. İş o yerə çatıb ki, Rusiyanın səfiri Sergey Andreyev Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Polşa-NATO-Rusiya-Belarus dördbucağında yaşanan ziddiyyətli prosesləri şərh etməsi üçün AzVision.az Polşanın keçmiş müdafiə naziri Yanuş Onışkeviçə üz tutub.

- Necə düşünürsünüz, Polşa ABŞ və ya NATO-nun təhriki ilə Belarusla müharibəyə cəlb oluna bilərmi?
- Prezident Putinin açıqlamaları açıq-aşkar qalmaqallıdır. SSRİ Polşaya müstəqillik təklif etməmiş, əksinə, onu müstəqillikdən məhrum edərək, SSRİ-nin vassalına çevirmişdi. İkinci Dünya Müharibəsi ona görə başladı ki, Böyük Britaniya və Fransa sentyabrın 1-də Almaniyanın hücumuna məruz qalan Polşanın müdafiəsinə qalxdılar, SSRİ isə sentyabrın 17-də hücuma keçdi, Polşanı Hitlerlə bölüşdürmək üçün biabırçı pakt imzaladı.
İkinci Dünya Müharibəsinin başa çatması nəticəsində Polşa Almaniyanın hesabına əhəmiyyətli ərazilər aldı, lakin daha böyük ərazini SSRİ-yə vermək məcburiyyətində qaldı. Polşanın aldığı ərazilər şərqdə itirdiyi torpaqların kompensasiyası olmalı idi. Bu dəyişikliyi Polşa cəmiyyəti qəbul etmədi. Londonda mühacirətdə fəaliyyət göstərən qanuni Polşa hökuməti deyil, yalnız kommunist hökuməti razılaşdı. Polşanın Belarusa qarşı heç bir ərazi iddiası yoxdur. Bu cür bəyanatlar verən heç bir siyasi qüvvə, belə düşünən heç bir marjinal müşahidəçi və ya ideoloq mövcud deyil. Əgər haradasa belə bir şey səslənibsə, həddindən artıq axmaq bir fikirdir. Eyni şey Ukrayna və Litvaya da aiddir.
NATO-da qərarlar yekdilliklə qəbul edilir, ona görə də, onun razılığı olmadan Polşanı müharibəyə “sürükləmək”dən söhbət gedə bilməz. NATO-da heç kim belə bir müharibə planlaşdırmır. Bunun əvəzinə Alyans hər bir üzvünü hər hansı təcavüzə qarşı birgə müdafiə edəcək. Ancaq yadda saxlamaq lazımdır ki, SSRİ-nin də imzaladığı beynəlxalq konvensiyaya uyğun olaraq, təcavüz - hər hansı ərazinin aqressorların ixtiyarına verilməsidir; bu başqa dövlət də ola bilər, rəsmi vətəndaşlığı olmayan insanlardan ibarət silahlı qrup da. Odur ki, bir qrup “Vaqner”çi Belarusdan Polşaya hücum edərsə, bu, Belarusun təcavüzü olacaq və Alyans bu təcavüzün miqyasına uyğun cavab verəcək.

- Sizcə, Rusiya-Ukrayna müharibəsi necə başa çatacaq?
- Müharibə tezliklə bitməyəcək. Ukrayna ərazisinin bir hissəsinin itirilməsi ilə barışa bilməz. Rusiya da bu müharibədən asanlıqla çıxa bilməz. Ona görə də, yaxın illərdə bu müharibənin sülh yolu ilə yekunlaşması mümkün deyil.
Bu gün 1967-ci il Ərəb-İsrail müharibəsindən sonra baş verənlərə bənzər, hər iki tərəfin kiçik döyüşlər apardığı və düşmənin yorulmasını gözlədiyi vəziyyət müşahidə olunur. Təbii ki, Rusiya prezidenti Vladimir Putinin mümkün addımlarını proqnozlaşdırmaq çətindir. Rusiya hansısa çıxılmaz addım ata və NATO ilə böyük müharibəyə girə bilər. Alyans da bundan yayına bilməz. Ancaq xoşbəxtlikdən bu ehtimal yüksək deyil. Bir şey aydındır - NATO belə bir müharibə istəmir, lakin şantajı və qəbuledilməz güzəştləri qəbul etməyəcək.

- Amma heç də gizli olmayan məlumat var ki, Polşa Belarusla sərhədə qoşun yeridir...
- Polşa Belarusla sərhəddə heç bir əhəmiyyətli silahlı qüvvə yerləşdirmir. Polşa Visladan şərqdə hərbi potensialını genişləndirmək üçün uzun illər əvvəl qəbul edilmiş proqramı həyata keçirir. Polşa silahlı qüvvələri Varşava Müqaviləsi Təşkilatının mirası kimi bu müqavilənin tələblərinə uyğun olaraq ölkənin qərb hissəsində yerləşdirilmişdi. Təkcə onu demək kifayətdir ki, Belarusla sərhəddə Polşa quru qoşunlarının əməliyyat bölmələri yox idi. İndi Belarusla sərhəddə deyil, Lublin və Kruleva bölgələri yaxınlığında yerləşən bölmələrdən yeni diviziya yaradılır.

- Belə bir fikir var ki, Rusiya müharibəni uduzsa, o zaman Ukrayna torpaqlarının bir hissəsi Polşaya keçəcək. Varşavanın Zakarpatyeni ilhaq etmək üçün “NATO çətiri altında” koalisiya yaratmağa çalışması doğrudurmu?
- Düzdür, bir il əvvəl Belarus hakimiyyəti Yaxın Şərqdən Avropa İttifaqı ərazisinə keçmək istəyən izdihamı gətirəndə və onlara Polşa sərhədini keçməyə dəstək verəndə Polşa müəyyən qüvvələrin köməyi ilə sərhəd təhlükəsizliyini gücləndirməyə məcbur olmuş, ağır texnikası olmayan ərazi müdafiə qüvvələrinin döyüşçülərini cəlb etmişdi.
Ukraynanın Rusiya ilə müharibədə qələbəsindən sonra Polşanın və ya hansısa digər NATO ölkəsinin Ukraynadan hansısa ərazini ödəniş şəklində tələb edə biləcəyini güman etmək tamamilə absurddur. Yuxarıda Belarus məsələsini müzakirə edərkən Polşadan Ukraynaya qarşı heç bir iddianın olmadığını qeyd etdim. Ukraynaya qarşı iddiaları olan yeganə ölkə Macarıstandır, lakin bu, Ukraynadakı macar azlığının statusuna aiddir. Bununla belə, bu postulatların müharibə başa çatdıqdan sonra hər hansı şəkildə nəzərdən keçirilə biləcəyinə dair heç bir işarə yoxdur.

Murad Nəcəfov
Tariyel Həsənov

AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti