Erməni əsgərlər niyə intihar edirlər? - Zabit çatışmazlığı problemi yaşanır

  Erməni əsgərlər niyə intihar edirlər?  - Zabit çatışmazlığı problemi yaşanır
  29 Avqust 2023    Oxunub:3515
Bu ay Ermənistan ordusunda “dedovşina” nəticəsində 4 nəfər ölüb. Avqustun 10-da çağırışçı əsgər Jora Karapetyan ölümcül güllə yarası alandan sonra, onun iki hərbçi yoldaşı intihara təhrik ittihamları ilə həbs edildi.
Məlumata görə, hərbçilər arasında münaqişəyə səbəb Karapetyanın bölmədəki “hörmətli” əsgərlərin əvəzinə döyüş növbətçiliyini yerinə yetirmək istəməməsi olub. Bu zəmində münaqişə yaranıb və dava sonra faciəyə səbəb olub.

Ermənistanda ardıcıl intiharlara görə hərbi hissə rəhbərliyi qovulur
Maraqlıdır ki, bu hadisənin ertəsi günü həmin hərbi hissədə çağırışçı Qarnik Xnkoyan adlı erməninin meyiti tapılıb. Burada da versiya eyni olub - intihar. Avqustun 27 -də isə, Ermənistan ordusunun əsgəri əvvəlcə döyüş postunda yoldaşını öldürüb, sonra isə özünü güllələyib.

Ermənistan mediası İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra orduda xaos və intiharların, satqınlıq hallarının artdığını yazır.

Hərbçilərin intihar və əsgər yoldaşlarını vurması hallarınin artmasını şərh edən hərbi ekspert, müdafiə nazirinin keçmiş müşaviri David Camalyan deyib ki, əsas problem kadr məsələsindədir.

- Ermənistan ordusunda baş verən bir sıra faciəli hallar, “dedovşina” nəticəsində hərbi qulluqçuların ölməsi, ilk növbədə, komanda və zabit heyətində kəskin kadr çatışmazlığı ilə bağlıdır, - o qeyd edib.

Orduda artan “dedovşina” və güllələnmə hadisələrindən məyusluğunu ifadə edən Camalyan çoxsaylı hüquq müdafiə təşkilatlarının və aidiyyəti şəxslərin məlum proseslərə susqunluq nümayiş etdirməsini də maraqlı hal sayıb.

“Onlar həmin adamlardılar ki, keçmişdə orduda baş verən hər insidentdən istifadə edib cəmiyyətdə qıcıq yaradır, əslində isə ordu və təhlükəsizlik məsələlərinə əhəmiyyət vermirdilər. Yalnız Sorosun qrantlarını xərcləyən o insanlar və QHT-lər indi susurlar. Bu adamların bəziləri yüksək dövlət vəzifələrində oturduqlarına görə susqundurlar... Məsələn, götürək elə Arayik Arutyunyanı(Baş nazirin aparatının rəhbəri – red.). O, bir vaxtlar orduya qarşı təbliğatın başında dururdu”, - Camalyan vurğulayıb.

Müdafiə nazirinin keçmiş müşaviri həmçinin qeyd edib ki, "Biz orduda çox ciddi sistem problemi ilə üzləşirik. Qoşunlarda çoxlu sayda vakant zabit yerlərimiz var. Əsasən tağım və rota komandirləri ilə bağlı boşluqlar yaranıb. Aydın məsələdir ki, zabit çatışmazlığı hazırda xidmətdə olan zabitlərin həddən artıq yüklənməsinə səbəb olur. Əgər bir orduda vakant zabit vəzifələri varsa, istər-istəməz bu, əsgərlərə nəzarət, nizam-intizam probleminə gətirib çıxarır”.


Erməni ekspert qeyd edib ki, əvvəlki hakimiyyət dövründə də orduda nizam-intizam problemləri olub, faciəvi hallar yaşanıb. Lakin sonradan institusional səviyyədə sistemli problemlər həll olunub.

"Bu gün bizim döyüş qabiliyyətini hələ də bərpa edə bilməyən ordumuz var. Kadr çatışmazlığı da bunun elementlərindən biridir. İndiki rəhbərlik isə faktiki olaraq hərbi islahatları imitasiya edir, praktikada əsas resurslar orduya deyil, polis və patrul xidmətlərinə sərf olunur", - Camalyan gileylənib.

Onun fikrincə, hazırki hakimiyyətə regional təhlükəsizliyin və regional siyasətin subyekti kimi köklü, güclü ordu lazım deyil. Hakimiyyət daha çox polisi öz vətəndaşlarına qarşı istifadə etməyə hazır olan repressiv aparat kimi qurmaqda və gücləndirməkdə maraqlıdır.

Camalyan ordudan patrul xidmətinə kadr sızmaları barədə məlumatlar əldə etdiyini də söyləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İntihar   Ordu   Dedovşina  





Xəbər lenti