Allah Paşinyanın cəzasını verəcək - “Arqumentı i faktı”

 Allah Paşinyanın cəzasını verəcək  - “Arqumentı i faktı”
  15 Sentyabr 2023    Oxunub:3821
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” qəzetinə qalmaqallı müsahibə verib. O, bir həftə öncə İtaliyanın "La Republica" nəşrinə verdiyi açıqlamalardakı Kremldən olan giley-güzarını amerikalı jurnalist üçün də təkrarlayıb.
Paşinyan əsasən Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinə qarşı şikayətlərini dilə gətirib. Onun fikrincə, məhz sülhməramlılar Azərbaycana Laçın dəhlizində istədiyi fəaliyyətləri həyata keçirməyə şərait yaradırlar. Erməni baş nazir konkret olaraq qeyd edib ki, "Rusiya sülhməramlıları indiyə kimi öz missiyalarını yerinə yetirə bilməyiblər” .

Eyni zamanda, İrəvan rəhbəri təzadlı fikir də səsləndirib. O, rus əsgərlərinin iştirakı olmadan regionda vəziyyətin yaxşılaşacağını düşünmür.

Nikol çevriliş təşvişindədir, ölkəni rus fiquru idarə edə bilər - "Joğovurd"
Bundan başqa, Paşinyan qəti şəkildə bəyan edib ki, o, artıq Rusiyanı Ermənistanın təhlükəsizliyinin təminatçısı hesab etmir.

“Ukraynada müharibə başlayandan bəri Rusiyanın imkanları dəyişdi. Ermənistan artıq Azərbaycanla artan açıq münaqişə təhlükəsi şəraitində belə, öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz ”, - erməni siyasətçi gileylənib.

Həmçinin, baş nazir Ermənistanın suveren ölkə olmasını və Şərqlə Qərb arasında toqquşmaların mərkəzinə çevrilməməsini arzulayıb.

" Hər dəfə münaqişə başlayanda “böyük himayədara” ( Rusiyaya-red. ) müraciət etmək məqsədəuyğun deyil ”, – “Politico” Paşinyandan sitat gətirib.

İrəvanın Kremlə açıq şəkildə arxa çevirməsi, Paşinyanın Amerika nəşrinə verdiyi müsahibəsi Rusiya mediasında birmənalı qarşılanmayıb.

Məsələn, "Arqumenti i Faktı" mövzu ilə bağlı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepanın fikirlərini dərc edib. O, Paşinyanın açıqlamalarını biabırçılıq adlandırıb.

Biz erməni xalqını münaqişədən qorumuşuq və indi də qoruyuruq. Əsgərlərimizin həyatını təhlükəyə ataraq bu münaqişə alovunu söndürdük. Qan töküldü, amma əsgərlərimiz olmasaydı, daha çox şey olardı. Bunlar vətəndaş Paşinyanın biabırçı bəyanatlarıdır. Allah onun cəzasını verəcək! ", - Çepan qeyd edib.

Çepa qeyd edir ki, Paşinyan özü Ermənistan və Azərbaycan arasında Rusiyanın iştirakı ilə əldə olunmuş bütün razılaşmalara məhəl qoymayıb.

“Paşinyan öz xalqının maraqlarına xəyanət etdi və çətin ki, ermənilər buna görə onu nə vaxtsa bağışlasınlar. Onun adı Ermənistan tarixinə mənfi və qara hərflərlə yazılacaq. Bu bəyanat bütün siyasi problemlərini Rusiyanın üzərinə atmaq cəhdidir”, - o qeyd edir.

Deputat Rusiya rəhbərliyinin gələcəkdə Ermənistan liderinə qarşı neytral mövqe tutamayacağını proqnozlaşdırıb. O, Nikol Paşinyana ünvanlanan hədələrini də gizlətməyib: “Əsas odur ki, Ermənistan və Azərbaycan xalqları əziyyət çəkməsinlər. Ancaq siyasətçilər belə səhvlərə yol verəndə, onlara qarşı nəsə etmək lazımdır ”.

Çepa Paşinyanın ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracağını da istisna etməyib. Lakin onun fikrincə bunun ağır nəticələri olacaq.

“Heç bir variantı istisna etmirəm. Çünki son bir neçə ay ərzində bu lider çox radikal hərəkətlər etdi ki, bu da Ermənistan daxilində nəhəng neqativliyin yaranmasına səbəb oldu. Orada etirazlar artır...”, - Dövlət Dumasının nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12-də Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin “Paşinyanla heç bir problemim” yoxdur demişdi. Eyni zamanda Rusiya lideri vurğulayıb ki, Moskva keçmiş Qarabağ münaqişəsinin həlli üçün fərqli variant təklif etsə də, Ermənistan özü sonda "Dağlıq Qarabağ"ın Azərbaycanın ərazisi olduğunu tanıdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Rusiya   İrəvan   Müsahibə   Deputat   Sülhməramlı  





Xəbər lenti