Elçin Əmirbəyov Fransa televiziyasına: Ermənilər konstruktiv davranmalıdırlar – VİDEO

      Elçin Əmirbəyov Fransa televiziyasına:    Ermənilər konstruktiv davranmalıdırlar –    VİDEO
  21 Sentyabr 2023    Oxunub:779
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın İ24 kanalına müsahibə verib. O bildirib ki, anti-terror tədbirlərindən sonra Azərbaycan öz ərazisi üzərindəki suverenliyini tam bərpa edib.
Əmirbəyov vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, o cümlədən də, dünya ictimaiyyətin qəbul etdiyi kimi, bu torpaqlar Azərbaycan ərazisidir. Hamı, o cümlədən də, Fransa bu faktı qəbul edir:

- Hesab edirəm, razılaşmanın vacib nəticələrindən biri də ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin həlli üçün də mühüm təsirə malik olacaq. Söhbət danışıqlar mövzusu olan sülh müqaviləsinin imzalanmasından gedir. Çünki qeyri-qanuni erməni hərbi kontingentin bizim ərazimizdə olması həm iki ölkə arasında danışıqlara, həm də sülh prosesinin davam etdirilməsinə ən ciddi maneə idi. Biz güman edirik ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra, bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək, eyni zamanda, sülh müqaviləsinin razılaşdırılması və imzalanması üçün də münbit şərait yaradacaq. Bilirsiniz ki, bu müzakirələr bir ilə yaxındır davam edir.


- Əgər bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunubsa, Dağlıq Qarabağda yaşayan erməni sakinlər sülh və təhlükəsizlik şəraitində Azərbaycanın bu ərazisində yaşayacaqlarmı?
- Əlbəttə. Amma kiçik bir düzəliş etmək istəyirəm. “Dağlıq Qarabağ” mövcud deyil. Azərbaycan ərazisində yalnız Qarabağ regionu var. “Dağlıq Qarabağ” Sovet İttifaqı dönəmində süni yaradılmış bir anlayış idi. Bir də orada yaşayan sakinlərin sayı haqqında demək istəyirəm. Çünki bunda da yanlışlıq edilir. 120 000 rəqəmini işlədirlər. Halbuki, təxmini rəqəmlərə görə orada cəmi 50 000-ə yaxın erməni əsilli sakin yaşayır. Bu rəqəmə 10 000 silahlı birləşmə də daxildir ki, onlar da tərksilah olunub ərazimizi tərk etməlidirlər. Bu, sülh üçün çox vacibdir.
Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının təmsilçiləri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə Qarabağda yaşayan ermənilərin Azərbaycanın siyasi və iqtisadi məkanına reinteqrasiyası məsələləri müzakirə olunacaq. Bizim tərəfimizdən bununla bağlı artıq müvafiq fikirlər və hətta tədbirlər planı hazırlanıb. Həmin təkliflər erməni icmasının nümayəndələrinə təqdim olunacaq. Buraya onların hüquqları və Azərbaycan vətəndaşları kimi əldə edəcəkləri haqqlar daxildir. Erməni nümayəndələr konstruktiv davranmaları vacibdir. Təbii ki, bu da həm danışıqlara, həm də onun nəticə verməsinə müsbət təsir göstərə bilər.

- Cənab Əmirbəyov, sonuncu sualı vermək istəyirəm. Siz nikbinsinizmi? Azərbaycan bəyan etdi ki, Ermənistanla uzun sürən gərginlikdən və müharibədən sonra münasibətlərini normallaşdırmağa hazırdır. Siz ermənillərin də münasibətləri normallaşdırmağa hazır olmaqlarına nikbin baxırsınızmı?
- Bəli. Peşəm diplomat olduğuna görə, bir qayda olaraq nikbin olmağa çalışmalıyam. Lakin bununla yanaşı hesab edirəm ki, ərazimizdə qanunsuz silahlı birləşmələrin mövcudluğu problem aradan qaldırılmalı idi. İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub. Ona görə də Ermənistan Azərbaycanla müzakirələri, danışıqları bərpa etməlidir. Ermənistanla müzakirə aparan bizim heyətimizin üzvü kimi deməliyəm ki, sülh müqaviləsinin layihəsinin demək olar kı yarısı razılaşdırılıb və bu, hər iki tərəfin konstruktiv yanaşma yolu ilə edilib. İndi bizim dünyanın, xüsusilə də, hər iki xalqın – azərbaycanlıların və ermənilərin qəbul edəcəyi müsbət nəticəyə gəlmək üçün daha çox ümidimiz var. Hazırda onların yaxşı qonşular kimi, sülh, sabitlik və tərəqqi şəraitində həyatlarını davam etdirmək şansları yaranıb.


Teqlər: Qarabağ   Antiterror  





Xəbər lenti