“Vətən və barıt tüstüsü bizim üçün şirin və xoşdur”

   “Vətən və barıt tüstüsü bizim üçün şirin və xoşdur”
  22 Noyabr 2023    Oxunub:1652
“Uşaqlığınız harada keçibsə, vətən də oradan başlayır” - Belarus yazıçısı Kuzma Çornıy belə deyirdi
Uşaqlıq hər kəsə çox qısa müddətə verilən, incəliklə bəslədiyimiz və gələcək nəsilə ötürəcəyimiz hisslərlə dolu xatirədir.

Kəndimizi hər zaman xalamgilin həyətində yetişən şaftalı, nənəmgilin isə həyətindəki isti havalarda sərinliyi ilə seçilən eyvanı, Həkəri çayının kənarında ayaqyalın cavanların tutduqları balıqlarla, Gəyən düzündəki köhnə avtomobillərin səsi, kəndin mərkəzində güllələrdən ciddi xəsarət amış Şəhidlər xiyabanı ilə xatırlayıram.

Bəzən kəndin mərkəzində kanalın qarşısı kəsilərdi və balıq ovu başlayardı. Xüsusən də fəallıq uşaqlarda idi. Çünki Həkəri çayının axını sürətli idi. Kiçik balıqları tutmaq bizi Həkərinin sürətindən güclü edirdi. Susuz qalan balıqları ələ keçirmək üçün vedrə ilə su daşıyırdıq. Onların özünü elə suya atmaq üçün.

Məktəbin həyətində idman edən uşaqların qaçmağı da yadımdan çıxmayıb. Son nəfəslərinə kimi birinci olmaq üçün çalışırdırlar. 1993-cü ildə geriyə getmək, 2020-ci ildə isə irəliləmək üçün... 2020-ci ildə son nəfəsini verənlər 27 illik qaçışı sonlandırdı.

Çünki ermənilərin işğalından sonra kişilər bir çox şeydən qaçırdı - ermənilərə qonşu bilib çörək vermələrindən, ailə üzvlərinin üzünə baxmaqdan, kəndlə bağlı xatirlərini bölüşməkdən, itkin düşən qohumlarına görə qəbiristanlığa getməkdən. 27 il davam edən iztirab. Son nəticə Vətənin müharibəsi ilə bitdi.

Yenə yarımçıq nəsə vardı. Xanın kəndinə yad kimi belə gedə bilmirdik. Şuşada açılan pəncərəyə soyuq külək vururdu. Məqsədlərə nail olduq. 3 il sonra sonra Xanın kəndinə sahibi gəldi. Evimiz tam oldu. Bu tamlıq vəhdətdən də yüksəkdir, ucadır, sözlərlə yazıla və ifadə oluna bilməyəcək müqəddəs hissidr. Son 3 ildə baş verənlər Azərbaycan tarixində heç bir zaman olmayıb.

Bu, təkcə torpaqla yekunlaşmır. İllərdir daxildə yığılan bir çox acıların sonu oldu. Torpaq təkcə əllə toxunub iyini duyduğumuz deyil, torpaq Azərbaycan insanı üçün əsrlərdir mübarizə apardığı qeyrət simvoludur.

Torpaqlar azad olunsa da, ayaq izlərim hələ də kəndimizə dəyməyib. Bəlkə də, kəndimizin kənarında basdırılan böyük bacımın kiçik qəbrini tapa bilməmək qorxusudur.. Hisslər qarşısında düşüncə məhv olur, beyində xaos yaranır. Amma xaosun da öz nizamı olur.

Bəlkə də, kəndimiz təmir olunandan sonra oraya gedib dərindən nəfəs alaram. Onu dağılmış görmək xatirlərimin gözəl məqamlarını məhv edə bilər. Çünki xoş xatirələr bizi hər zaman sevincə qərq edir. Yeni yollar, yeni evlər, yeni məktəb...Düşünərəm ki, 30 ilimi qürbətdə olmuşam və bu illər ərzində dəyişən insanlar yox, evlər və yollar olub..

İndi dünyasını dəyişənlər də xoşbəxtdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti