Gələn ilin sualı: Minimum əməkhaqqı niyə artırılmayacaq? | TƏHLİL

      Gələn ilin sualı:    Minimum əməkhaqqı niyə artırılmayacaq?    | TƏHLİL
  15 Dekabr 2023    Oxunub:5705
Gələn il maaşların kompleks şəkildə artacağı gözlənilmir. Minimum aylıq əməkhaqqı 345 manat səviyyəsində qalacaq. Minimum aylıq pensiya məbləği (280 manat) də artırılmayacaq. Amma yaşayış minimumu ilə ehtiyac meyarı 9,7% qaldırılaraq, 246 manatdan 270 manata çatdırılacaq.
Bu ilin əvvəlində ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23% artırılaraq 246 manat edilməklə yaşayış minimumu səviyyəsi ilə bərabərləşdirilmişdi. Yaşayış minimumu ilə ehtiyac meyarı qanunvericiliyə əsasən hər növbəti il üçün yenidən hesablanaraq, dövbət büdcəsi ilə birgə təsdiq edilir. Minimum aylıq əməkhaqqısa hökumətin qərarından asılıdır. Yəni illərlə artırılmaya da bilər, bir ildə 2 dəfə də artırıla bilər. 2019-cu ildə olduğu kimi...

Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artıb. Minimum əməkhaqqı 130 manatdan 345 manata, əmək pensiyası isə 110 manatdan 280 manata çatdırılıb. Ölkəmiz müstəqillik əldə etdiyi ildən bəri heç vaxt son 5 ildəkinə bənzər artımlar olmamışdı.

Minimum əməkhaqqı artırılarkən həm dövlət, həm də özəl sektorda maaşlar artır. Birincisi, işəgötürən bundan aşağı maaş təklif edə bilmir, ikincisi də həmin göstərici büdcə təşkilatlarında çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını müəyyən edir. Söhbət maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən 700 min nəfər işçidən gedir. Bəs növbəti ildə minimum əməkhaqqı niyə artırılmayacaq?

Bu ilin yanvarın 1-də sözügedən göstərici 345 manat edilərkən prezident İlham Əliyev demişdi ki, bu, hələ də qaneedici deyil. Bəli, minimum əməkhaqqı 1 yanvar 2023-cü ildən 15%, yəni 300 manatdan 345 manata deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Ən azı ona görə ki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı göstəricisini orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmağı öhdəlik götürüb. Cari ilin sonuna ölkədə orta aylıq əməkhaqqının 930 manat təşkil edəcəyini nəzərə alsaq, hazırda bu rəqəm heç 37%-ə də çatmır. Niyə?

Çünki bu istiqamətdə düşünərək addım atmaq lazımdır. Əsassız artım, ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər. İkincisi və ən mühümü isə minimum əməkhaqqının artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin xərclərini çoxaldır. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir.

Düzdür, növbəti ildə sözügedən göstəricinin artırılmayacağı sırf bu səbəblərlə bağlı deyil. 2024-cü ilin dövlət büdcəsinin həcmi builkindən cüzi artıqdır. Gəlir və xərclərin artması heç 1% təşkil etmir. Növbəti ildə dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur ki, bu məbləğ cari ilin müvafiq göstəricinə nisbətən cəmi 510 milyon manat çoxdur. Yəni 6%. Müqayisə üçün qeyd edim ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından ötən ildəkindən 1 milyard 31,5 milyon manat çox idi. Yəni, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə aşağıdır. Çünki, neft-qaz sektorundan vergi daxilolmaları azalır. Növbəti ilin dövlət büdcəsində neft sektorundan vergilərin iki dəfəyə qədər azalacağı gözlənildiyindən ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnoz göstəricisindən 7,5% geriləmə olacaq.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə, yəni iki dəfəyə qədər azaldığından, bu, bizi narahat etməlidir. “Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilat enir, qazın qiyməti səmərəli deyil. Bu səbəbdən də, Neft Fondundan dövlət büdcəsinə transfert gələn il cari illə müqayisədə 1 milyard manat artıq olacaq. 2024-cü ildə gəlirlərin strukturunda ARDNF-dən transfert 12 milyard 781 milyon manat - 2023-cü il üzrə proqnozdan 8,9% çox təşkil edəcək.

Bundan əlavə, 2021-ci ilin əvvəlindən başlanan inflyasiya və bahalaşma prosesi nisbətən səngiyib. Cari ilin sonuna inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyini dəqiq söyləmək mümkün olmasa da gələn il bunun reallaşacağı əminliklə göstərilir. Cari ilin yanvarın 1-dən tətbiq edilən artımlar isə ötənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksək idi. Rəqəmlər nöqteyi-nəzərindən inflyasiya və bahalaşma prosesinin səngiməsi səbəbindən builki artımlar hələ tam "yemə" çevrilməyib.

Ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisinin artım səviyyəsi də bunu müəyyən mənada təsdiqləməyə imkan verir. O baxımdan ki, qeyd olunan göstəricinin bu il üçün 930 manat, gələn ilin yekununa isə 980 manat təşkil edəcəyi bildirilir. Hökumət həm də bu səbəbdən minimum əməkhaqqı artımına getməyi düşünmür. Lakin, minimum maaşın artırılmayacağı heç bir sahədə əməkhaqqı artımlarının baş verməyəcəyi demək deyil. Hər şey ilin gedişatından asılı olacaq. İl ərzində heç nə istisna deyil, o cümlədən minimum əməkhaqqının artırılacağı da...


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat   Maliyyə   Minimum-maaş  





Xəbər lenti