Olimpiadada oyun çıxaranlar: Türkiyəli "Hitmen", koreyalı "Terminator"

     Olimpiadada oyun çıxaranlar:     Türkiyəli "Hitmen", koreyalı "Terminator"
  05 Avqust 2024    Oxunub:2846
"Paris-2024" Yay Olimpiya Oyunlarının indiyədək keçirilən müsabiqələri ərzində mətbuat və sosial şəbəkədə böyük maraq doğuran hadisələr baş verdi. Bir sıra idmançı ildırım sürəti ilə internet fenomeninə çevrildi.
Onlardan bir neçəsinə nəzər salsaq, ən çox diqqətçəkəni, yəqin ki, türkiyəli atıcı Yusif Dikəç və onun yarışda özünəməxsus tərzi idi. Sosial şəbəkə istifadəçiləri 51 yaşlı idmançı ilə bağlı saysız-hesabsız memlər yaratdılar. Onun məşhur duruşu istər həvəskar, istərsə də peşəkar üslubda tətbiqi sənət nümunələrində, rəsmlərdə öz əksini tapdı.

Məşhur film və videooyun personajlarına: məsələn, "Con Vik" film silsiləsinin eyniadlı baş qəhrəmanına, "Kriminal qiraət" filminin əsas obrazlarına, "Hitman" oyun seriyasındakı muzdlu qatilə bənzədilən Yusif Dikəç haqqında ən maraqlı rəylər isə aşağıdakılar idi:

"O sanki bazar günü adi halda yuxudan oyandı, evdən çıxıb çörək almağa gedərkən yolüstü Olimpiya Oyunlarına baş çəkib güllə atdı və gümüş medal qazandı":

"Təsəvvürünüzə gətirin ki, Olimpiadada qızıl medal qazanırsan, ancaq bütün şan-şöhrəti gümüş medal alan qazanır";

"Türkiyə oyunlara muzdlu qatil göndərib?".

"Çox rahat, çox professional" ( "Kurtlar Vadisi" serialının qəhrəmanı Polad Ələmdara bənzətmə ilə).

Məlumdur ki, Yusuf Dikəçin ildırım sürəti ilə məşhurlaşmasının səbəbi onun yarışa tamamilə təchizatsız, yəni atəş zamanı gözü qoruyan xüsusi linza, eynək və səsə qarşı qulaqlıq taxmadan, üstəlik, bir əli cibində çıxması idi. İdmançının özünəinamını, məğrur görkəmini məşhur milyarder, ixtiraçı İlon Mask da öz "X" hesabında sadəcə "Nice" ("Qəşəng") yazaraq bəyəndiyini bildirib.

O özünün adi eynəyi altındakı gözlərini bircə an da qırpmadan, soyuqqanlılıqla tətiyi çəkdi və oyunda komanda yoldaşı Şəvval İlayda Tarxan ilə birgə II yeri tutdu. Bu, Türkiyənin atıcılıq üzrə ilk Olimpiya medalı, Yusif özü isə ən yaşlı Olimpiya medalçısı kimi tarixə düşdü.

Bəs sözügedən yarışın qalibləri kimdir? Onlar yarışı udsalar da, sözün əsl mənasında, birinciliyi ala bilmədilər. Həmin qızıl medaçılar Serbiya təmsilçiləri Zorana Arunoviç və Damir Miketsdir.

Olimpiadaya özünün "kiberpanksayağı" stili ilə qatılan cənubi koreyalı digər atıcı, 31 yaşlı Kim Ye Cinin də çıxışı yaddaqalan idi. Onu qaməti, baxışları və tapançanı tutma tərzi ilə "Terminator" a da bənzədiblər. Xanım idmançının da çıxışını bəyənən İlon Mask onun "döyüş filmlərinə çəkilməsi" təklifini irəli sürüb. Maraqlıdır ki, xanım Cinin zəhmli duruşunun altında nəcib ana xarakteri də görünürdü: çünki kəmərindən qızının kiçik fil oyuncağını aşmışdı.



İtaliyalı gimnast Corciya Villa isə Olimpiadadakı performansı ilə yanaşı "Parmigiano Reggiano" adı altında parmezan pendiri reklamları ilə məşhurlaşıb. O, oyunlarda iştirak hüququnu da məhz brendin sponsorluğu sayəsində qazanıb. 21 yaşlı gimnast qadınlar üzrə komanda mübarizəsində II yeri tutaraq gümüş medala yiyələnib. İtaliyalı qadın idmançıların axırıncı dəfə düz 96 il əvvəl Amsterdamda keçirilən Oyunlarda Olimpiya medalı ala bildiyini nəzərə alsaq, Corciya Villa həm də bu tarixi antirekordu qırması ilə də yadda qalıb.



30 yaşlı braziliyalı sörfçü, üçqat dünya çempionu Qabriel Medinanın havada ayağı ipdən asılı vəziyyətdə qalması da builki Olimpiya Oyunlarının, bəlkə də, ən heyrətamiz məqamıdır. O özü belə bir vəziyyəti "Arzuların həyata keçdiyi an" adlandırıb. Fransadan kənarda - Sakit okendakı Taiti adasında keçirilən sörfinq yarışlarında o, 9,90/10 xalla 1/4 finala yüksəlib.



Oyunlarda amerikalı Stefan Nedoroşikin gimnast üçün qeyri-səciyyəvi görünüşü - qalın çərçivəli eynək taxması məşhur komiks qəhrəmanı "Supermen" in alter-eqosu Klark Kentə bənzədilib. Odur ki sosial şəbəkə istifadəçiləri 25 yaşlı idmançıya "Dəstəli at üzərində Supermen" ləqəbi qoyublar. Hərçənd o, yarışda III yeri tutaraq bürünc medal alıb.



Firudin Həmidli
AzVision.az


Teqlər: Paris-2024  





Xəbər lenti