İlklər müəllifi - VİDEO

  19 Aprel 2013    Oxunub : 678
İlklər müəllifi - VİDEO
Bu gün Azərbaycanda ilk baletin müəllifi, xalq artisti, bəstəkar, dirijor, librettoçu Əfrasiyab Bədəlbəylinin doğum günüdür.
Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə,Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.

20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.

İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.)

Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir. Ə.Bədəlbəyli 1976-cı il yanvar ayının 9-da vəfat edib.




Teqlər: