Dilimizi niyə sevmirik?

   Dilimizi niyə sevmirik?
  25 Fevral 2025    Oxunub:593
(Karikatura "Molla Nəsrəddin" jurnalındandır)

Son günlər cəmiyyətdə, xüsusən də ziyalılar arasında dilimizin problemləri, cari vəziyyəti ilə əlaqədar gərgin müzakirə gedir. Belə taleyüklü məsələyə ciddi yanaşmaq lazımdır. Dilin qorunması ilə kimlər məşğul olmalıdırlar? Söz yox ki, vətənimizin dilçi alimləri və sayılıb-seçilən ədibləri. Amma olurlarmı? Meydanda dişədəyən söz söyləyən çox azdır; məzmunsuz çığır-bağır onların səsini də tamamilə eşidilməz, sayılmaz hala gətirir.
Dilimizə iki kənar damar calanıb (Əslində, “üçdür” deyərək, ingilis dilini də bu hesaba qata bilərik, ancaq bu qlobal dilin Azərbaycan dilinə təsiri hələ ki zəif və məhduddur). Həmin kənar damarlardan birinin kökü şimalda – Rusiyada, digəri qərbdə – Türkiyədədir. Son günlərin mübahisəsi məhz bu iki damarın tərəfdarlarının arasında gedir. Çaxnaşmada öz dilimizə qahmar çıxanlar isə bir ovucdur...

Şübhəsiz, rus dilinin ünsürlərinin Azərbaycan dilində məqbul sayılmasına heç kim qol qoymaz. Çünki hamıya agahdır ki, bu, tamamilə özgə dildir, batinində də, zahirində də bizə aid nəsə yoxdur. Təqribən 200 il ərzində dilimizə keçən bu, ya digər rusca sözlər həm nitqimizdə, həm də yazımızda hər kəsə “xaric not” təəssüratı bağışlayır; hətta rusdilli ailələrdə doğulub boya-başa çatan və ya rusca təhsil alan vətəndaşlarımız qayıdıb öz dilimizdə danışanda fərqinə varırlar ki, söylədikləri rusca kəlmələr Azərbaycan dilinə yaddır.

SSRİ dövrünü yada salaq. Ədəbiyyatımızda neçə-neçə sanballı roman, misilsiz poeziya nümunələri o illərdə ərsəyə gəlib. Dilimizin saflığı, şirinliyi və gözəlliyindən danışarkən həmin əsərlərin adlarını çəkirik. İctimai-siyasi sahədə rus dilinin Azərbaycan dilinə, ən yüngül ifadə ilə desək, yön verdiyi illərdə axı bu necə baş verib? Çünki ədiblərimiz, elm adamlarımız başa düşürdülər ki, rus dili yaddır; doğma dilin libasında dərhal nəzərəçarpan yamaqdır.

Bəs Türkiyə türkcəsinin təsiri haqqında da oxşar fikri deyə bilirikmi? Təəssüf ki, xeyr. Türkiyə türkcəsi dilimizlə eyni dil ailəsinə mənsubdur, ona görə də fonetik, leksik nöqteyi-nəzərdən cəmiyyətimiz üçün doğma səslənir. Təqribən 20 ildir ki, əvvəllər televiziyadan (əsasən seriallardan), ardınca da sosial şəbəkədən adamlarımızın qulağına bir ucdan türkcə sözlər axır. Həmin sözlər doğma və təbii sayıldığı üçün yavaş-yavaş qulaqdan zehnə, axırıncı 5-10 ildə isə nitqə ötürülüb, ünsiyyətə qarışıb. Eyni zamanda, mətbuatın, radio və televiziyanın dilinə, bədii ədəbiyyata, hətta rəsmi sənədlərə də ayaq açıb, elmi məqalələrdə, xəbər mətnlərində, şeir və romanlarda, habelə reklam lövhələrində, elanlarda, divar yazılarında qarşımıza çıxır...

Dilimizə calanmış kənar damarların, söz yox ki, ikisi də təhlükəlidir, lakin gəlin hamılıqla bir məqamda birdəfəlik razılaşaq: Türkiyə türkcəsi Azərbaycan dilini açıq-aydın sıxışdırır, "yeyir". Bu proses hansı zəmində gedir? Cəmiyyətimizin Azərbaycan dilində mütaliəyə lazımi diqqət ayırmamağı, dilimizi qoruyan, ona düzgün yön verən sanballı əsərlərin qələmə alınmamağı, radio, televiziya, mətbuat, habelə sosial şəbəkədə Azərbaycan dilinin normalarına nəzarətin zəifliyi, alınma sözlərin, xüsusilə də Türkiyə türkcəsinin ünsürlərinin saf-çürük aparılmadan akademik çərçivəyə, lüğətlərə salınması və hələ neçə-neçə amilin iştirakı bu ağrılı mənzərəni doğurub. Türkiyə türkcəsindən dilimizə keçən sözlərin, ifadələrin, cümlə quruluşlarının istifadəsinə etiraz bildirəndə, onları “parazit” adlandıranda bizə irad tuturlar: “Bu dillər eyni dil ailəsinə mənsubdur”.

İstənilən sözü müəyyən dilin vahidi saymaq üçün kökünün o dilə aidliyi dəlil deyil. Burada meyar sözün tarixən “vətəndaşlıq” qazanması, həm şifahi, həm də ciddi yazılı ədəbiyyatda işlənməsidir. Sözün 5-10, hətta daha da artıq il ərzində istifadəsi onun “vətəndaşlığ”ına əsas vermir. Söz əsrlərin axarında dildə üzvi surətdə əriməli, cilalanmalı, istər məişət, istərsə akademik səviyyədə özünə yer tapmalıdır. Kəlmənin, ifadənin konkret zümrə, təbəqə və ya fəaliyyət sahəsi tərəfindən qəbulu o demək deyil ki, onu bütöv dilə mənsub saya bilərik.

Digər etiraz arqumenti isə belədir: “Türkiyə türkcəsinin ünsürləri dilimizi zənginləşdirir, sinonimlərin sayını artırır”.
Xeyr.
Məsələyə belə sadəlövh yanaşmaq həqiqəti ya görməməyin, yaxud bu, ya digər puç təəssübün naminə danmağın nəticəsidir. Həqiqətən, fikirləşirsiniz ki, “önəm”, “dönəm”, “nəysə ki”, “aşırı”, “vaz keçmək”, “güvən”, “gərəkmək”, “haqq etmək”, “tək kəlmə ilə”, “...deyə düşünürəm” və s. kimi onlarla, yüzlərlə söz və ifadələri işlədən, hətta bu cür də yazan cavanlarımız sadalananların öz dilimizdəki doğma “sinonimlər”ini də dillərinə gətirirlər? Min dəfə xeyr! Nümunə üçün sıralasaq, görərik ki:
– “önəm” – “əhəmiyyət”;
– “dönəm” – “dövr” (yaxud yerinə görə “mərhələ”);
– “nəysə ki” – “xoşbəxtlikdən”, (“yaxşı ki”, “bəxtim gətirdi ki”);
– “aşırı” – “həddən artıq” (“həddən ziyadə”, “artıq dərəcədə”);
– “güvən” – “etibar” (“etimad”, “inam”);
– “gərəkmək” – “lazım olmaq” (“ehtiyac duyulmaq”, “zərurət yaranmaq”);
– “haqq etmək” – “layiq olmaq” (“yaraşmaq”);
– “tək kəlmə ilə” – “bir sözlə” (“sözün qısası”);
və s. doğma, zəngin sözlərimiz, ifadələrimiz dilimizə calanan kənar damarın ucbatından unudulur. Bizə özgə (etnik mənada yox!) cəmiyyətin, təfəkkürün “sinonimləri" lazımdırmı? Yuxarıda mötərizələrdə sıraladığımız, hələ neçəsini də yaza biləcəyimiz öz sözlərimiz bizə kifayət deyilmi?

Əksəriyyət təbii dilimizin süni mahiyyət qazanmasını “dilin saflaşması”, “ərəb-fars sözlərindən qurtulma” adlandırır. Cəmiyyət, hətta əksər dilçilərimiz xəbərsizdirlər ki, “əsl türkmənşəli söz” adı altında məmnuniyyətlə dilimizə qatılan həmin ünsürlər, əslində, türkcə deyil. Hazırda istər məişətimizdə, istər mətbuatımızda, ədəbiyyatımızda özünə yer tapmış bu parazitləri bir neçə qrupa bölə bilərik:
– Türkiyədə 1930-cu ildə başlayan, siyasi zəminə əsaslanan dil inqilabının məhsulları. “Olay”, “önəm(li)”, “dönəm”, “toplum”, “güvən”, “qutsal”, “gündəm”, “anlam”, “təpki”, “özgür”, “öncül” və s. sözlər bir qrup dilçinin oturub, müxtəlif feillərə “necə gəldi” şəkilçilər artırmaqla uydurduqları sözlərdir;
– Dilimizdə tarixən işlənməmiş sözlər, yaxud hər dildə başqa-başqa mənalara gələn, mahiyyətini dəyişən kəlmələr, ifadələr. Məsələn, “gərəkmək”, “yetərli”, “fərqində(lik)”, “aşırı”, “nəysə ki”, “(nəyinsə) üzərindən” (bu ifadə, adətən, “internet üzərindən qeydiyyat”, “sosial şəbəkə üzərindən danışmaq” kimi birləşmələrdə rastımıza çıxır), “haqq etmək”, “təxliyə etmək” və s;
– Dil inqilabı dövründə avropamənşəli sözlərin yamsılanması hesabına uydurulan sözlər. Belə ünsürlərin nümunələri dilimizə (hələ ki) az keçsə də, dil inqilabının mahiyyətini görmək üçün maraqlıdır. Məsələn, “gündəm” (fransızca “agenda”, latınca “agendum”), “öndər” (ingiliscə “leader” [lider]), “onur” (fransızca “honneur” [onör]), “okul” (fransızca “école” [ekol]) və s.
Türkcə sayılan ərəbcə və farsca sözlər: “qutsal”, “taksit”, “vaz (keçmək)” və s.

Dilimizi bu cür yad və qeyri-təbii ünsürlərdən, uydurmaçılıqdan ona görə qorumalıyıq ki, qədim və zəngin mədəniyyətimizi əldən verməyək. Bu iddia əbəs deyil. Türkiyədə aparılmış dil inqilabı aşkar nümunədir. Həmin inqilabın ucbatından bu gün Türkiyədə nəinki gənc nəsil, hətta orta və yaşlı nəslə mənsub adamlar da öz qədim ədəbiyyat nümunələrini oxuyub başa düşmürlər. Vəziyyət elə həddə çatıb ki, hətta 1945-1950-ci illərəcən yazılmış romanlarda, hekayələrdə, elmi tədqiqat əsərlərində nəşriyyat oxucular üçün söz izahları qoymağa məcbur qalır…

Dilimiz üçün də belə bir təhlükə var. Həqiqi, ya saxta millətçilik hisslərinə qapılanlar dilimizi sadələşdirməyə çalışarkən onu, əslində, necə qəliz, əcaib-qəraib hala saldıqlarından bixəbərdirlər. Bu meyil özünə ciddi axar taparsa, mədəniyyətimizdən uzaq düşəcəyik.

Cavanlarımız doğma dilimizi artıq unutmağa üz tutublar.
Onların dilindəki yad ünsürlər sanballı kitablardan öyrəndikləri və ya elmi-texniki, ictimai-mədəni yeniliklərin öz leksikonumuzda tapa bilmədiyimiz ifadələridirsə, razılaşardıq. Halbuki həmin sözlər sosial şəbəkə jarqonlarıdır, dilin tör-töküntüsüdür. Maraqlıdır ki, gənc nəsil bəzən öz sözlərimizi də Türkiyə türkcəsinin tələffüzünə əsaslanan qəribə vurğular, uzatmalarla deyir. Bu, şübhəsiz ki, təfəkkürə də təsirsiz ötüşmür. Gənclərimizin nitqi onların özgə dildə fikirləşməsinin bariz nümunəsidir. Bu nə deməkdir? Danışan şəxs zehnində həmin dildə düşünmürsə, fikrini söyləməzdən qabaq onu ağlında ayrı dildə qurursa, başqa ifadə ilə desək, beyin özgə dilə əsaslanırsa, deməli, düşüncə-dil rabitəsi pozulub.

Nə üçün dilimizə, onun taleyinə laqeydik? Bəzən digər dillərlə ünsiyyət zamanı belə qənaət yaranır ki, söz ehtiyatımız, ifadə imkanlarımız kasaddır. Odur ki məsələnin həqiqətinə varmadan yeni ifadə üsulları axtarır, özgə dillərə üz tuturuq. Təəssüf ki, dilçi alimlərimizin dilə vaxt-bivaxt gətirdikləri gülünc “yeniliklər”, təhsil və iş karyerasında problemlər, işəgötürənlərin xarici dil tələbi, bədii ədəbiyyatımızın ürəkağrıdan vəziyyəti cəmiyyətimizi Azərbaycan dilini sevmək şərəfindən məhrum qoyur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan-dili  





Xəbər lenti