Tramp: "Ticarət müharibəsi hələ bitməyib"

      Tramp:    "Ticarət müharibəsi hələ bitməyib"
  10 Aprel 2025    Oxunub:684
"Ticarət müharibəsi hələ bitməyib. Lakin bir çox ölkə ABŞ-la ticarət razılaşmaları əldə etmək istəyir".
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərin ticarət "müharibəsi" və ticarət danışıqlarına hazır olan ölkələrlə bağlı suallarını cavablandırarkən deyib.

70-ə yaxın ölkə ABŞ-dən tariflərin azaldılmasını xahiş edib
O qeyd edib ki, məlum proseslərlə bağlı hələ heç nəyi yekunlaşdırmayıblar. Ağ Ev-in Çin də daxil olmaqla, digər ölkələrlə bağlı bir sıra böyük planları var.

ABŞ dövlət başçısı gömrük rüsumlarının artırılmasının səbəblərindən də danışıb. "ABŞ-yə münasibətdə dünya ticarətində baş verənlər dayanıqlı deyildi. Kimsə tətiyi çəkməli idi. Mən tətiyi çəkməyə qərar verdim. Bu, çoxdan edilməli idi", - dövlət başçısı əlavə edib.

Jurnalistlər həmçinin Trampdan niyə 90 gün ərzində qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını dayandırmaq qərarına gəldiyini soruşublar. O cavab verib ki, tarif məsələlərinin elanından sonra insanlar bir qədər təşvişə düşmüşdülər: "Onlar əsəbi, gərgin olmağa başladılar, bir az qorxmuş durumda idilər. Çünki qarşıda bizi çox iş gözləyir. Mənim etdiyimi başqa heç bir prezident etməzdi!".

Xatırladaq ki, Donald Tramp çərşənbə günü bəzi ölkələrə və ərazilərə əlavə qarşılıqlı idxal tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Ağ Evin mətbuat katibi Carolin Livitt bu fasilənin ticarət danışıqlarına görə yaradıldığını deyib. O, bu müddət ərzində 10%-lik universal tarifin qüvvədə olacağını söyləyib. ABŞ-nin maliyyə naziri Skot Bessent isə öz növbəsində rüsumların dayandırılmasının Kanada və Meksikaya da aid olduğunu vurğulayıb. Eyni zamanda, Amerika lideri Çin məhsullarına rüsumları 125%-ə qaldırıb.
Dünən isə Senatda Trampın tariflərinin ləğvi təklif olunub. Oreqon ştatından olan demokrat senator Ron Uayden ABŞ Konqresinə prezident Donald Trampın administrasiyası tərəfindən tətbiq olunan yeni tariflərin ləğvi üçün qətnamə layihəsi təqdim edib.
Sənəd “imtiyazlı qətnamə” kimi təqdim olunub və bu, Senatı yaxın iki gün ərzində ona baxmağa məcbur edir.

“Tariflər Amerika ailələrinə və vətəndaşların kiçik bizneslərinə zərbə vurur. Bu baxımdan, Konqresin prezidentin ticarət üzərində səlahiyyətlərinə müdaxilə etməsi zəruruidir. Mənim təklifim bəzi respublikaçılar tərəfindən də dəstəklənir”, - demokrat senator Ron Uayden iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Ticarət   ABŞ  





Xəbər lenti