Hindistan ABŞ ilə ticarət müqaviləsi imzalamaq istəyir | VİDEO

   Hindistan ABŞ ilə ticarət müqaviləsi imzalamaq istəyir |  VİDEO
  02 Sentyabr 2025    Oxunub:814
"Hindistan Vaşinqtonla ikitərəfli azad ticarət sazişi üzrə müvafiq danışıqlar aparır".
Bu sözləri Hindistanın ticarət və sənaye naziri Piyuş Goyal ölkənin sənaye palatasının iclasında dilə gətirib. O, mümkün ticarət sazişi haqqında təfərrüatı açıqlamayıb.

Hindistan və ABŞ mart ayından bəri bu sahədə razılığa dair danışıqlar aparırlar. Bu minvalda indiyədək beş görüş baş tutub.
ABŞ-nin Hindistana ikiqat rüsumu qüvvəyə minib

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən, avqustun 27-də Hindistan malları üçün gömrük rüsumu 50%-ə çatdırılıb. Əvvəllər Vaşinqton Hindistan malları üçün yalnız 25% rüsum nəzərdə tuturdu. İkiqat rüsumun irəli sürülməsi Hindistanı "Rusiya neftini aldığına görə" cəzalandırmaq məqsədi daşıyır. Bu çərçivədə Vaşinqton danışıqların avqustun 25-də planlaşdırılan altıncı mərhələsini də təxirə salıb. Hazırda növbəti görüşün vaxtı müəyyənləşdirilməyib.

Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10% olub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hindistan   ABŞ   ticarət   saziş   danışıqlar  



Xəbər lenti