`İnsan hüquqları` adlı siyasi biznes – TƏHLİL

`İnsan hüquqları` adlı siyasi biznes – TƏHLİL
  02 Oktyabr 2014    Oxunub:5445
Yaxud insan hüquqlarının müdafiəsi təzyiq alətinə çevriləndə...
Sahib Məmmədov
Varşava-Bakı

Bir vaxtlar insan hüquqları, demokratik dəyərlər, qanunun aliliyi sahəsində yeni baxışlar və standartların müəyyən olunduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İnsan meyarı (Human dimension) üzrə müşavirələri o səviyyəyə çatıb ki, indi bu müşavirələr qarşılıqlı ittihamlar, konfrontasiya, dedi qodu və alver meydanına çevrilib.

Məsələn, İnsan Meyarı üzrə 1990-cı il Kopenhagen, 1991-ci il Moskva müşavirəsində qəbul olunmuş yekun sənədlər ATƏM (ATƏT) ölkələrində demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu, eləcə də insan hüquqları, təhlükəsizliklə bağlı mühüm sənədlər qəbul etmişdir. Hazırda isə ATƏT öz təsis sənədlərinin əsas prinsiplərini pozaraq əməkdaşlıq və dialoq platformasından vətəndaş cəmiyyəti ilə dövlətlərin arasında uçurumun dərinləşməsi, üzv dövlətlər arasında qarşılıqlı ittihamların səsləndirildiyi (Ukrayna-Rusiya, ABŞ-Rusiya və s.) platformaya çevrilib.

Mən dəfələrlə ATƏT İnsan meyarı üzrə müşavirələrində iştirak etmişəm və hər zaman tənqid olub. Dövlətləri təmsil edən hakimiyyət nümayəndələrinin tənqidlərə cavabları da da olub.

ATƏT-in İnsan meyarı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə” 22 sentyabr-03 oktyabr 2014-cü il tarixində keçirilən müşavirəsində tamam fərqli bir mənzərə var idi.

İnsan Hüquqları Dövlətlərin daxili işi deyil, amma...

1648-cı ildə imzalanmış Vestfal sülh müqaviləsi Beynəlxalq münasibətlərdə yeni qaydaların əsasını qoydu. Bu müqavilənin əsas prinsiplərindən biri də daxili məsələlərdə dövlətlərin mütləq suverenliyi prinsipi idi. Dövlət öz yurisdiksiyasına daxil olan ərazilərdə özünün yaratdığı qaydaları tətbiq edirdi.

300 il keçdi və 1948 –ci ildə dekabr ayının 10-da Parisdə BMT Baş Assambleyasında İnsan Hüquqlarının Ümumi Bəyənnaməsi (Universal Declaration of Human Rights) qəbul edildi.

Dövlətlər üzərinə imperativ öhdəliklər qoymayan bu sənəd əslində beynəlxalq münasibətlərdə yeni sistemin əsasını qoydu. Sonradan (1966-cı il) Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın və İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktın qəbul olunması (1976-cı ildə qüvvəyə minib), bundan əvvəl 27 may 1970-ci ildə BMT-nin İqdisadi və Sosial Şurası (EKOSOC) tərəfindən qəbul olunmuş 1503 proseduru dövlətlərdə baş verən insan hüquqlarının total və sistematik pozulması hallarının BMT İnsan Hüquqları Komissiyasının (2006-cı ildən İnsan Hüquqları Şurası) Alt komissiyası tərəfindən təhqiq olunmasına şərait yaratdı. Qenosid, aparteid, irqi ayrı-seçkilik və s. insan hüquqlarının total və sistematik pozulması halları artıq dövlətlərin daxili işi hesab olunmurdu.

Bundan əvvəl 1950-ci ildə Avropanın 11 dövlətinin qəbul etdiyi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, 1959-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətə başlaması da fundamental insan hüquq və azadlıqlarının da, dövlətlərin daxili işi olmaması ilə bağlı konsepsiyanın, həm də beynəlxalq münasibətlərdə yeni sistemin formalaşmasına gətirdi. Bu o deməkdir ki, müasir beynəlxalq hüquqda insan hüquq və azadlıqları ilə bağlı formalaşmış universal normalar vardır ki, dövlətlər bu normalara hörmət etməli və daxili qanunvericiliklərində bunu nəzərə almalıdırlar.

Hazıda bir sıra universal və regional razılaşmalarda, beynəlxalq məhkəmə və ya kvaziməhkəmələrə fərdi şikayətlərin verilməsi, dövlətlərin dövlətlərə qarşı insan hüquqlarının pozulması halları ilə bağlı şikayət proseduru da vardır.Bununla belə insan hüquq və azadlıqları ilə bağlı tənzimləmə bütün hallarda dövlətlərin yaratdığı və formalaşdırdığı daxili (milli) normalarla müəyyən olunur.

Lakin...

İnsan Hüquqlarının müdafiəsi dövlətlər üçün başqa məqsədlərə çatmaq üçün təzyiq aləti kimi istifadə olunduqda təzyiqə məruz qalan dövlət bunu dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirməkdə haqlıdır. Bu halda insan hüquqlarından alət kimi istifadə edən dövlətin əsas məqsədləri insan hüquqlarının pozulması hallarının qarşısının alınması deyil, digər iqdisadi, siyası və s. məqsədlərə çatmaq üçün dövləti güzəştlərə məcbur etməkdir.

İnsan hüquqlarının müdafiəsində dövlətlərarası münasibətlərlə bağlı formalaşmış kosepsiyanın əsas prinsiplərindən biri də humanitar sahədə, o cümlədən insan hüquqları və azadlıqlarının təmin olunması sahəsində dövlətlərarası münasibətlər hər cür ideologiyadan və siyasətdən kənar olmalıdır. Bu, o deməkdir ki, insan hüquqlarının müdafiəsi ilə bağlı dövlətlərarası və dövlətlərin təsis etdiyi beynəlxalq təşkilatlardakı diskussiyalar digər məqsədlər üçün, o cümlədən, siyası, iqtisadi, ideoloji və s. məqsədlər üçün istifadə edilə bilməz.

Məsələn, Avropa İttifaqı Azərbaycanla bağlı iri enerji layihələrinin bağlanması ərəfəsində bir qayda olaraq insan hüquqları ilə bağlı narahatlıq ifadə edən bəyanatlar verir, ölkə daxilində fəaliyyət göstərən təşkilatlara əlavə vəsaitlər ayırır və s. Avropanın neft bazarında Norveçin rəqibi olan Azərbaycana Norveç hökumətinin və Norveç hökumət Fondlarının (hökumətdən birbaşa subsidiya alan QHT və fondlar) xüsusi diqqəti də məhz bununla bağlıdır.

ATƏT-in İnsan Hüquqları meyarı mövzusunda Varşava müşavirəsi

ATƏT-in İnsan meyarı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə” 22 sentyabr-03 oktyabr 2014-cü il tarixində keçirilən müşavirəsinin ilk plenar iclasında ilk çıxışı ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç çıxışı ilə başladı. Mən ATƏT-in insan meyarı ilə bağlı tədbirlərində dəfələrlə iştirak etmişəm və həmişə də ATƏT-in media azadlığı üzrə nümayəndəsinin çıxışlarını dinləmişəm. Məsələn, vaxtı ilə bu vəzifəni daşıyan Mikloş Hararşti həmişə tənqidi çıxışları ilə seçilirdi. Lakin o heç zaman diplomatik çərçivələrdən kənara çıxmırdı. Dunya Miyatoviçin məruzəsi daha çox o ittiham aktına oxşayırdı. Siyasi təşkilatın rəsmi nümayəndəsinin belə çıxışı bütün diplomatik çərçivələrdən kənar idi. Bu diplomat xanım sonra həmin dövlətlərlə necə dialoq aparacaq? Xanım Dunya Miyatoviçin sərt tənqid bir sıra ATƏT regionu dövlərlərini əhatə etsə də Cənub Qafqaz dövlətlərindən yalnız Azərbaycana “payı”. Ermənistan “yadından” çıxıdı. Səbəbini bilmirəm.

Əlavə tədbirlər

ATƏT-in və digər beynəlxalq təşkilatlar bir qayda olaraq bu tipli tədbirlərində yanaşı (əlavə) tədbirlər də təşkil edilir. Belə tədbirləri bir qayda olaraq QHT-lər (O cümlədən, beynəlxalq QHT-lər) təşkil edir. Belə tədbirləri təşkil etmək üçün müəyyən xərclər tələb olunur (icarə, tərcümə və s.). Bu dəfəki tədbir əlavə tədbirlərin bolluğu ilə seçilirdi. Hiss olunurdu ki, regionda yaranmış şərait Avropa təşkilatlarının əlinə işləyib. Ukrayna-Rusiya münasibətləri, Keçmiş Sovet Respublikalarının bir çoxuda QHT-lərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi və bununla bağlı olan problemlər Norveç İnsan Hüquqları Evi, Fredom House tipli təşkilatların əlavə küllü miqdarda qrantlar almasına gətirib.

Norveç İnsan Hüquqları evi Azərbaycandan çoxsaylı QHT rəhbərlərini və ayrı ayrı şəxsləri dəvət edib onların plenar iclaslarda və əlavə tədbirlərdə çıxışlarına, bəzən isə haray-həşirlərinə, isterik çıxışlarına şərait yaradırdılar. Eləcə də başqa dövlətlərdən yüzlərlə belə şəxslər dəvət edilmişdi. QHT-lər və ya fərdi dəvət alan şəxslər ən azı iki səhifədən ibarət çıxışı (əlavə tədbirlədəki məruzələr isə daha çox olmalıdır) əvvəlcədən təqdim etməldir.

Təşkilatçı tərəfin “senzoru” belə çıxışlara baxdıqdan sonra ən azı iki dilə tərcümə edilərək yayılırdı və çıxış zamanı oxunurdu. Əlavə çıxışlar yazılmadan da ola bilərdi. Əsas odur ki, hərə öz dövlətində vəziyyətin çox acınacaqlı olmasını sübut etməlidir. İttihamlar irəli sürməli və ölkəyə təzyiq göstərilməsi üçün tövsiyələr verməlidir. Hökumət nümayəndələri də əks çıxışlar edərək deyilənlərin yalan olmasını sübut etməyə səy göstərirdi.

Vətəndaş cəmiyyəti nümayəndələri hökumətləri kəskin ittiham edir, hökumət nümayəndələri cavab çıxışı edir və bununla da məsələ bitirdi. Ortada isə nəticə yoxdur, daha doğrusu nəticə var təşkilatçılar üçün, onlar aldıqları küllü miqdarda pulları “səmərəli” xərclədiklərinə dair hesabat verə biləcəklər və yeni pullar ala biləcəklər. Başqa hansı nəticə ola bilər? Ancaq pis nəticə. Dövlət hakimiyyəti orqanları bu misli-görünməmiş ikiüzlülükdən daha da qeyzlənirlər, uçurum dərinləşir.

Məncə təşkilatçılara da elə bu lazımdır. Onlar üçün yeni üfüqlər açılır.

Siyasi məhbus biznesi

2005-ci ildə siyasi məhbus məsələsinin araşdırılması üçün Avropa Şurasının da təklifi nəzərə alınmaqla hakimiyyətin hüquq müdafiəçiləri ilə birgə yaratdığı İşçi Qrup fəaliyyətə başlayada ölkədə insan hüquqlarını müdafiə edən təşkilatların iki qrupu var idi. Hər iki qrupun nümayəndələri dəvət edilməklə yaradılan bu qrupun fəaliyyəti müsbət nəticələrə gətirdi. Fəaliyyət göstərdiyi iki ildən artıq bir müddət ərzində 180 nəfərə yaxın şəxs barədə müxtəlif aktlar (əvf, məhkəmə işləri və s.) qəbul edildi. İşçi qrup fəaliyyətə başlayanda hər iki qrupun təqdim etdiyi siyasi məhbus siyahıları üzrə işlərə baxırdı.

O vaxtlar siyahılardakı say ikirəqəmli idi. Fəaliyyət nəticəsində 180 nəfərə yaxın şəxs barədə müsbət qərar oldu. İşçi qrupun fəaliyyəti Avropa Şurasının Azərbaycan üzrə siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etməsindən sonra dayandı. Elə bu zaman mövcud olan siyahılarda siyasi məhbus adlandırılanların sayı üçrəqəmli idi. Baxmayaraq ki, bu dövrdə siyasi məhbus hesab edilə biləcək demək olar ki, heç kəs həbs olunmamışdır. Bu qrupda təmsil olunmayanlar işçi qrupuna daxil edilən hüquq müdafiəçilərini satqınlıqda ittiham etməklə yanaşı siyahılarına yeni-yeni adlar daxil etməyə başladılar. Azərbaycanda siyasi məhbus biznesi daha da genişləndi.

İndi Avropanın bəzi təşkilatlarının siyasi məhbus siyahıları tərtib edən partnyorlarına tapşırığı budur: Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıdakı şəxslərin sayı Ermənistandan və Gürcüstandan bir neçə dəfə çox olmalıdır. Bütün məhkum olunanların azad olunmaq istəyinə hörmət etməklə yanaşı qeyd etməliyəm ki, o siyahıda elə şəxslərin adları vardır ki, onlar heç bir siyası fəaliyyəti olmamışdır. Deməli siyahılar süni surətdə şişirdilir.

Bu, kimə lazımdır? İlk növbədə Azərbaycanla bağlı qrantlar alan QHT-lərə və İnsan hüquqlarının müdafiəsini Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edən dövlətlərə və qurumlara. Burda qazananlar da məlumdur uduzanlar da. Uduzanlar ilk növbədə adları o siyahıya salınan şəxslərdir. İndi işçi qrupunun yaradılması ilə bağlı diskussiyalar gedir. Hökumətdəkilər yaxşı bilir ki, belə qrup yaradılsa siyahıdakı 98 nəfər 198 nəfər olacaq, bəlkə də daha çox.

Siyasi mühacir biznesi

QHT rəhbərlərinin həbsi, və QHT-lərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi, bəzi QHT-lərin hesablarına müvəqqəti həbslərin qoyulması Avropada olan bir sıra QHT-lərin işini, həm də qrantlarını dəfələrlə artırıb. Bu təşkilatlar çoxsaylı tədbirlər təşkil etdir, müxtəlif bəyanatlar verir və ölkədə amansız təqiblərin baş alıb getməsi ilə bağlı geniş təbliğat işləri aparırlar. Paralel olaraq yaxın ölkələrdə müvəqqəti sığınacaqlar təşkil edilir. Sığınacaqların ilk sakinləri artıq ailə üzvləri daxil yerləşdiriliblər.

Sonrakı proses belədir: “Qaçqın” ların sənədləri hazırlanacaq və Avropaya göndəriləcəklər. İndi taksi sürücüsü, fermer, uğursuz biznesmen hər kəs istəsə siyasi mühacir ola bilər. Təbii ki, xərclər tələb olunur. Burada iki yol var: uzun və qısa. Uzun yol belədir ki, mühacirəti planlaşdıran şəxs ilk növbədə müxalifət birliklərinin yaratdığı qurumların birinə üzv yazılmalıdır. Sosial şəbəkələrdə, imkan olduqda KİV-də hökumətin ünvanına sərt fikirlər səsləndirməlidir, mitinq olsa orda iştirak edib şəkillər çəkdirməlidir. Bir az xərc çəksə, onu sürüyüb yaxın güncdə buraxa da bilərlər. İnzibati həbs isə “daşdan keçən” sənəddir.

Əsas bu sənədləri (sənədlər, şəkillər, videomateriallar və s.) bir yerə yığmaq. Müxalifət partiyasından və Avropada tanınmış “alovlu” hüquq müdafiəçisindən alınan arayışlar da öz yerində. Qısa yol bir az çətindır. Amma daha ucuz başa gəlir. Bir ilə qədər azadlıqdan məhrum olunmaq. Neçə il cəza alsan da əvf üçün ərizə ilə məsələ bitir.

Problemin səbəblərini araşdırmaq heç kəsə lazım deyil

ATƏT-in Varşava müşavirəsində dövlətlər sərt şəkildə ittiham olunurdu. Əlbətdə tənqid üçün səbəblər də az deyil. Amma elə səbəblər var ki, onlar barədə danışmaq olmaz. Avropanın və ABŞ-ın bəzi fondlarının və ya onların vasitəçilərinin keçmiş Sovet İttifaqı Respublikalarında (yənı təkcə bu ölkələrdə deyil) tətbiq etdiyi korrupsiya və qeyri şəffaf fəaliyyət.

Belə donorlar qrant adı ilə milyonlarla vəsaitləri şəxsi hesablara və ya QHT-lərin hesablarına köçürməklə həmin şəxsləri və QHT-ləri qurbanlara çevirmişdir. Təkçə onları yox, həm də onlarla heç zaman əlaqəsi olmayan vətəndaş cəmiyyəti qurumlarını. Necə deyərlər “qurunun oduna yaş da yanır”. Ona görə də belə halda “vicdan məhbusu” ifadəsindən çox “Çirkli donorların qurbanı olan məhbuslar” ifadəsi yerinə düşür.

“Hesab edirəm ki, ATƏT ölkələrində baş vermiş bu hallarla (donorlar və ya onların vasitəçilərinin qeyri-şəffaf fəaliyyəti) bağlı müşavirənin yekun sənədlərində bəzi donorların və onların vasitəçilərinin keşmiş Sovet İttifaqı Respublikalarına tətbiq etdiyi korrupsiya halları ilə bağlı narahatçılıq ifadə olunmalıdır.

Mən əminəm ki, gec tez ATƏT və ya digər beynəlxalq təşkilatlar bu məsələyə qayıtmalı olacaqlar. Əks halda bu faktlar tədqiq olunmadan hökümətləri inandırmaq çətin olacaqdır”. Bu mənim ATƏT-in İnsan Meyarı üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş müşavirəsinin plenar iclasındakı çıxışımın son cümlələri idi. Sonrakı günlər az qala bütün donorların nümayəndələri mənimlə görüşüb etirazlarını bildirdilər. Hətta adlarını çəkmədiklərim də. Baxmayaraq ki, mən demişdim ki, mənim dediklərim bütün donorlara aid deyil. Çox narahat olmuşdular.


Teqlər:





Xəbər lenti