Saytların başlıq oyunu: sizi necə aldadırlar?

Saytların başlıq oyunu: sizi necə aldadırlar?
  26 Yanvar 2015    Oxunub:5239
Kim yaxşı başlıq qoya bilir?

Son illər ölkəmizdə internet media sürətlə inkişaf edir. Oxucular mobil telefon, planşet və kompüterlərindən xəbər saytlarına daxil olmaqla istənilən informasiyanı, xəbəri asanlıqıa əldə edə bilərlər. Bu inkişafın fonunda xəbər bazarında bir canlanma hökm sürür. Yeni-yeni saytlar açılır, mediada birincilik uğrunda qızğın mübarizə gedir. Amma nədənsə yeni açılan xəbər portallarının əksəriyyəti “inqubator” kimi bir-birlərinə bənzəyirlər. “Kopi paste” xəbərlər, 18+ görüntülər bir yana, xəbərlərin təqdimatı, başlıq seçimi xüsusi diqqət çəkir.

Yeni açılan saytlar İP burulğanında reytinq qazanmaq üçün ən primitik xəbəri belə oxuculara “ŞOK, EKSKLÜZİV, ÖZƏL, TƏHLÜKƏ, MÜTLƏQ OXU” və s. bu kimi diqqətçəkən sözlərlə sırımağa çalışırlar. Saytlarımızın çoxu bu üsulla reytinq qazanmağa maraq göstərir. Lakin oxucu xəbərin özəlliyinə inanıb həvəslə oxumağa başlayanda məlum olur ki, yazının sərlövhəsi cəlbedici olsa da mətnində heç bir özəllik yoxdur.

Görəsən, son illər xəbər portallarını cənginə alan bu tendensiya nədən qaynaqlanır? Zamanın tələbindən, yoxsa qeyri-peşəkarlıqdan?

AzVision.az bu sualla redaktorlara və media ekspertlərinə müraciət edib.

“Oxucunu aldatmaq olmaz...”

“Yeni Musavat” qəzetinin baş redaktor müavini Azər Ayxan yazıya, xəbərə yaxşı, cəlbedici başlıq qoymağın bütün məsuliyyətinin redaktorun üstündə olduğunu deyir.

O, hesab edir ki, bu səbəbdən əgər başlıqda səhv olursa, başlıq yazını təkzib edirsə, bunu günahı redaktordadır:

“Şok, sensasiya, eksklüziv və s. bunlardan istifadə normaldı, təbii yerində. Oxucunu başlıqla heç vaxt aldatmaq olmaz. Bir-iki dəfə aldadarsan, amma sonra oxucu bu fırıldağı bağışlamır və o, qəzetin, saytın xəbərlərini oxumur. Bu yaxınlarda gözümə məşhur aktroylarımızdan biri ilə müsahibə dəydi. Başlıq sözün əsl mənasında sensasiya idi. Aktyorun adından başlığa "Yeməyə çörək tapmıram, qalmağa yerim yoxdur" başlığı çıxarılmışdı. Amma o başlıqdakı informasiyanın bu günlə əlaqəsi yox idi. Aktyor sənətə təzə gəldiyi vaxtlardan, az qala 35-40 il öncədən danışıb, jurnalist də guya orijinal başlıq kimi bu ifadəni indiki zamana uyğunlaşdırıb oxucuya təqdim edib. Bu cür başlıqlar qeyri-peşəkarlıqdan və məsuliyyətsizlikdən ortaya çıxır. Başqa bir səbəb görmürəm”.

“Xəbərə “ÖZƏL” yazmaq düşüklükdür”

Qafqazinfo.az saytının baş redaktoru Elburun Ərud hazırda onlayn mediada bu cür situasiyanın yaranmasını normal hesab edir.

Baş redaktorun sözlərinə görə, əvvəllər seks, erotika, sinə sözündən həddindən artıq çox istifadə edilirdi. Bu sözlərdən o qədər istifadə olundu ki, bu tendensiya sürətlə baş verdi və artıq sona çatmaq üzrədir:

“Artıq hamı bilir ki, informasiyanı vermək üçün o qədər də bayağı başlığa getmək lazım deyil. Ümumiyyətlə başlığı cazibədar verməyin səbəbi var. Heç kimə deyə bilməzsənm ki bütün yazıları, informnasiyaları oxu. Hətta mən özümün heç bir yazını sona kimi oxumağa nə vaxtım, nə hövsələm yoxdur. Yazının içərisində olan ən vacib məqamı yazının sərlövhəsinə qoymaq lazımıdır. Yəni bu gün yazıya reklam başlığı qoyulur”.

Xəbərlərin sonunda “Özəl” yazmağın düşüklük olduğunu deyən E.Ərud ciddi media heç zamçan “özəl”, “eksklüziv”, “yalnız bizdə” kimi ifadələrdən istifadə etmir. Hətta adamlar var ki, prezidentdən müsahibə alır, heç “eksklüziv” belə yazmır. Yəni ciddi media budur. Baş redaktor hesab edir ki, “çığıran” başlıqların öz haqqı var:

“Məsələn bu gün bizim saytda Əsəd Cahangirin Fransadakı terrorla bağlı yazısı gedib. Mən o yazını 3 dəfə oxumuşam ki, ona elə bir başlıq qoyum ki, yazıya xərclədiyim pula görə oxucunu toplaya bilim. Çünki çox ciddi yazıdır. Şou olsa Aygünün, Röyanın şəkli çıxsa, bəs edir ki, yazı oxunsun. Əsəd Cahangirin şəkli çıxsa, bu, bəs etmir. Gərək elə bir başlıq qoyasan ki, oxucu avtomatik bilsin ki, bu yazını oxumaq lazımdır. Məsələnin mahiyyəti budur ki, yazının başlığını ona görə cazibədar seçirlər ki, insanların vaxtı yoxdur. Yəni oxucuya çatdırılsın ki, materialda söhbət nədən gedir” .

“Musavat”, “Qafqazinfo.az” kimi saytların sərlövhələrini bəyəndiyini deyən Elbrus Ərud rəsmi dövlət saytlarının başlıqlarını bəyənmədiyini deyir:

“Dövlət saytları, “AzərTAc”, “Respublika” qəzeti, “Azərbaycan”, “Xalq” qəzeti, “525-ci” qəzet, “Şərq qəzeti”nin başlıqları qəbulolunmazıdır. Yazının adı başlıqdır. Yəni insanda baş nə qədər hümüm əhəmiyyət kəsb edirsə, yazı da da başlıq o deməkdir. Başlıq yazının uğurudur, başlıq yazının 65% -dir. Dünyanın hər yerində başlıq qoyan xüsusi adamlar var. Həmin şəxslər redaksiyada oturub ancaq başlıq qoymaqla məşğul olurlar. Yoxsa bizdə əlinə nə gəldi, başlıq qoyurlar.
İstərdim ki, bizdə də yazılar Türk mətbuatındakı kimi daha həssas, daha duyğusal, daha emosianal və qısa olsun. Ümumiyyətlə Azərbaycan jurnalistikanın baş redaktoru mən olsaydım bütün redaksiya heyətinin yaradıcılıq üslubunu dəyişərdim. Daha çox şəkillə, emosiya, ifadə ilə işləmək lazıdır. Olduqca qısa başlıqlardan istifadə etmək lazımdır. İnanıram ki, bu kimi qusurlar aradan qalxacaq. Yaxın gələcəkdə jurnalistika oxucunu daha az girinc edən media olacaq”.

“Oxucunu neçə dəfə aldatmaq olar...?”

Modern.az saytının redaktoru Əfqan Qafarlı hesab edir ki, xəbər saytlarında aldadıcı başlıqlar daha çox oxucu auditoriyası əldə etmək məqsədi güdür:

“Şübhəsiz ki, burada medianın qeyri-peşəkarlığını da qeyd etmək lazımdır. Təbii ki, söhbət başlıqlarla mətni uyğunğunluq təşkil etməyən yazılardan gedir. Əksər hallarda bunu bilərəkdən edirlər ki, oxunma sayı yüksək olsun. Amma oxucunu neçə dəfə aldatmaq olar: bir dəfə, iki dəfə, üçüncü dəfə artıq həmin KİV-ə inam da azalacaq. Dördüncü dəfə belə başlıqları görən oxucu həmin xəbərə daxil olmaqdan vaz keçəcək. Başlıqları ilə mətni uyğunluq təşkil etməyən xəbərələri “şok”, “özəl” materiallar kimi təqdim etməyə çalışanlar, adətən internet mediası məkanına təzə qədəm qoyan saytlar olurlar. Bu yolla daha çox tanınmağa çalışmaq isə çox ucuz vasitədir. Daha ciddi xəbər portalları buna getmirlər”.

Ə.Qafarlı bəzi xəbərlərin qarşısında “eksklüziv”, “özəl” sözlərinin yazılmasının əleyhinə deyil. Redaktor Modern.az-da da bəzən belə sözlərdən istifadə etdiklərini deyir. Amma bir şərtlə ki, həmin xəbərdə doğrudan da özəllik olsun.

“Müşahidələrimə görə, toxunduğunuz məsələ tədricən aradan qalxmağa doru gedir. Çünki bir neçə il öncə ilə müqayisədə internet oxucusu artıq ayılıb və ağı-qaradan seçə bilir.Vaxtilə belə hallar yazılı mətbuatda da müşahidə olunurdu. Ucuz yolla oxucu yığmağa çalışan saytlar tədricən sıradan çıxacaq”.

“Oxucuları ciddi xəbərlər yox, 18+ maraqlandırır”

AzVision.az saytının redaktoru Anar Rüstəmov hesab edir ki, saytların ucuz başlıqlara üstünlük verməsində təkcə jurnalistlər deyil, oxucu zövqü də əsas rol oynayır:

“Azərbaycan mətbuatında bir neçə saytı çıxmaqla yerdə qalan KİV-lərin xəbərlərə baxışı, onlara qoyduqları başlıqlar professional jurnalistikadan söhbət gedirsə qəbulolunmazdır. Saytlar daha çox İP yarışına çıxdıqları üçün professionallıq arxa planda qalıb. Təbii ki, saytları da qınamaq olmaz. Oxucuların böyük qismi ciddi xəbərləri oxumur. Onların diqqətini daha çox şou, əyləncə, 18+ xəbərlər cəlb edir. Bu tipli xəbərlər hansısa siyasətçinin, nazirin açıqlamasından daha çox oxunur, diqqət çəkir. Bu məsələdə sırf mətbuatı günahlandırmaq düzgün olmazdı. Oxucu zövqü də böyük rol oynayır.

AzVision.az daxil olmaqla ciddi jurnalistika ilə məşğul olan saytlarımız da var. İnternet mediada oxucuların diqqətini çəkmək üçün şişirdilmiş başlıqlardan daha çox istifadə edilir. Bəzən bu yerinə düşsə də, bir çox hallarda kənarda gülünc görünür. Məsələn, bu yaxınlarda Azərbaycanın dövlət xadimlərindən biri müalicə aldığı xarici ölkədə dünyasını dəyişmişdi. Adını açıqlamaq istəmirəm, saytlardan biri həmin şəxsin nəşinin Azərbaycana gətiriləcəyini özəl xəbər kimi tirajladı. Təbii ki, bunun özəl xəbər olduğu düşünmək gülüncdür. Həmin şəxsin Azərbaycanda torpağa tapşırılacağı məlum idi. Bunu özəl kimi oxucuya sırımaq qeyri-peşəkarlıqdan irəli gəlir. Yaxud da qışda qarın yağmasını sensasiya kimi təqdim etmək ucuzluqdan başqa bir şey deyil”.

A.Rüstəmovun fikrincə, Azərbaycanda internet media klassik qəzetçilik ənənələrindən xilas olmalıdır:

“Nəzərə alsaq ki, bu gün xəbər saytlarına rəhbərlik edənlər, redaktorların çoxu bu sahəyə qəzetçilikdən gəliblər, onların yazı üslubu, xəbərə baxışı da qəzet ənənəsi üzərində qurulub. Bu isə dövrün tələbi ilə uyğunlaşmır. Xəbər portalların bir çoxu hələ də qəzetlə elektron medianı ayird edə bilmirlər. İnternet medianın oxucuları daha çox qısa, maraqlı, önəmli xəbərlərə üstünlük verirlər. Uzun-uzadı yazılar kimə lazımdır? Hesab edirəm ki, internet KİV-lər artıq klassik qəzetçilikdən çıxmalıdır”.

“Oxucuları elə aldadırlar ki...”

Tanınmış media eksperti Qulu Məhərrəmli medianın aldadıcı başlıqlara üstünlük verməsini normal hesab edir. Ekspertin sözlərinə görə, sərlövhələrlə bağlı konkret tələblər var. Başlıqların çox diqqət cəlb etməsi, cazibədar olması normal haldır. Çünki yazının vitrini həmin sərlövhədir:

“Yəni bu sərlövhə yazının içində nə olduğunu göstərir. Fəlakət odur ki, verilən sərlövhə ilə yazının məzmunu arasında uyğunsuzluq var. Buna görə, bu tipli materialları izləyən oxucular bir –iki dəfə həmin agentliyi izləyir və aldandığını hiss edəndə o saytı, qəzeti oxumurlar. Düzdür burada qeyri-adi heç nə yoxdur, amma müəyyən dərəcədə etika var. Əgər siz bu materialın məzmunundan irəli gələn başlıq qoymursunuzsa ikinci dəfə oxucu o materialı oxumayacaq, həmin sayta girməyəcək”.

Materiala uyğunsuz başlıqların qoyulmasını qeyri-peşəkarlıq hesab edən Q.Məhərrəmlinin sözlərinə görə, belə saytlar qarmağı boş yerə dənizə atırlar və oradan balıq çıxmasını gözləmək əbəsdir.

“Məsələn bir də görürsən yazırlar ki, filan deputat ölkədən getdi. Halbuki yazını açıb oxuyursan görürsən ki, deputat qış tətilini haradasa keçirib qayıdacaq. Eləcədə nazilər. Bu sözün semantikası var. Yəni ölkədən getmək birdəfəlik olur. Odur ki, bu oxucunun diqqətini yayındırır. Bir vaxtlar Amerikada da bu tendensiya gedirdi. 1997-ci ildə orada Narazı Jurnalistlər Komitəsi yaradıldı. Bu kimi tendensiyaların qarşısı alındı. Mətbuat keyfiyyətli və keyfiyyətsiz mətbuat orqanlarına bölündü. Şouya meyillənən və nisbətən ciddi mətbuat orqanları var. Şou elementi varsa deməli orada məlumatlandırma yox, oxucunu yayındırma var. Odur ki, bu gedişlər alınmaz”.

Ekspert bəyəndiyi KİV-lərin adlarını açıqlayıb: “Turan, AzərTAc, APA, Trend , İzvestiya.ru kimi xəbər agentliklərinin sərlövhələrini bəyənirəm”

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti