Azərbaycan alternativ xidmətdən niyə imtina etdi?

Azərbaycan alternativ xidmətdən niyə imtina etdi?
  09 Fevral 2015    Oxunub:2633
“Həmin qanunun qəbuluna lüzum görülmədi. Artıq Avropa Şurasından da bu qanunla bağlı elə bir tələbin olmadığı fikrindəyəm”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.

O bildirib ki, 2001-ci ildə Avropa Şurasına daxil olan zaman öhdəliklərin biri də “Alternativ hərbi xidmət haqqında” qanunun qəbulu ilə bağlı olub. Hətta 2002-ci ildə bu məsələ Konstitusiyaya da salınıb. Sonralar isə bu parlamentdə qanun layihəsi kimi hazırlanıb.

Z.Oruc qanunun qəbulunun məqsədəuyğun hesab olunmadığına da aydınlıq gətirib: “Bu qanunla bir şəxsin ön cəbhədə xidmətdən əqidəsinə görə yayınmasına asanlıqla şərait yaradılması deyil. Əvvəla həmin şəxs sübut etməlidir ki, onun dini əqidəsi ilə hərbi xidmət arasında ziddiyət var. Məsələn, Rusiya bu qanunu qəbul edib. Lakin əqidəsinə görə, ön cəbhədə xidmət etməyin əvəzinə, həmin adamlar arxada hərbi-təminat birləşmələrində 3 il qulluqda olmalıdırlar. Bununla da əqidə məsələsinin uydurulması problemi, ortadan qalxmış olur. Eyni zamanda alternativ xidmət edənlərlə, real hərbi mükəlləfiyyəti həyata keçirənlər arasında dövlət qulluğuna qəbulda da yanaşma fərqi var”.

Deputat deyib ki, məsələ ilə bağlı Silahlı Qüvvələrlə də birgə müzakirələr aparılıb. Son anda bu qanun layihəsinin üzərində dayanılmayıb və bu haqda da Avropa Şurasına məlumat verilib.

Onun sözlərinə görə, alternativ hərbi xidmət və alternativ xidmət məsələsinə də cəmiyyətdə fərqli baxış var: “Bəziləri hesab edir ki, bunlar eyni mahiyyətlidir. Halbuki belə deyil. Alternativ hərbi xidmət müqavilə qaydasında peşəkar xidmətə cəlb olunmaqdır. Bunu beynəlxalq terminlə ifadə etsək, söhbət “kontrakt”niklərdən gedir. Bu çağırış sistemindən imtina etmiş ölkələrin təcrübəsində geniş yayılıb. Alternativ xidmət isə əqidəsi ilə bağlı məsələdir və bu Avropa İnsan Haqları Konvensyasından irəli gəlir. Belə bir öhdəliyi Avropa ölkələrinin heç də hamısı da öz üzərinə götürməyib. Məlumatıma görə, Avropa Şurasına daxil olan dövlətlərdən yalnız 60 faizi həmin qanunu qəbul ediblər. Digərlərində bu məsələyə baxış problemli olaraq qalmaqdadır”.

Ramil Məmmədli


Teqlər:





Xəbər lenti