Fərhad Hacıyev: `İşsiz qalmaq gənclərin öz günahıdır` - VİDEO

Fərhad Hacıyev: `İşsiz qalmaq gənclərin öz günahıdır` - VİDEO
  25 Fevral 2015    Oxunub:26754
AzVision.az-ın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir. Fərhad Hacıyev saytımızda oxucuların ona ünvanladıqları sualları cavablandırıb.

Samirə:
- Fondun apellyasiya komitəsi niyə yoxdur? Qəbul olunmayan layihələr haqqında heç kimdən cavab və izah ala bilmirik. Hansısa tədbirlər görmək planlaşdırılıbmı?




- Bizim kriteriyalar var və layihələr həmin kriteriyalara uyğun seçilir. Onlar bizim internet səhifəmizdə əksini tapıb. Əgər layihə onlara cavab verirsə, Müşahidə Şuramız tərəfindən onlara dəstək verilməsi və ya verilməməsi ilə bağlı qərar qəbul edilir. Bizim fond və ya donor təşkilatı kimi qarşımızda duran missiyamız, prezident tərəfindən qarşımıza qoyulan məqsədlər var. Əgər layihə kefiyyətli və uğurludursa, ekspertlər tərəfindən dəstəklənir.

Apellyasiya sonsuza qədər davam edə bilər. Bu, elə prosesdir ki, hər zaman hər bir kəsin özünün arqumenti ola bilər. Hesab edirəm ki, tətbiq etdiyimiz format çox uğurludur. Elə olmasaydı, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artmazdı. Hər müsabiqədə 1300-dən artıq müraciət qəbul olunur. Sonuncu müsabiqədə 408 layihəni dəstəkləmişik.

Əfqan:
- Belə bir plan üzərində işləyirsinizmi ki, hesabat `1 pəncərə` sistemi kimi olsun. Çünki Fondda hesabat verilməyən adam qalmır...




- `Bir pəncərə` sisteminə biz hamıdan əvvəl keçmişik. Nə mənada? Yəni bizim bir ofsimiz var. Buradan heç yerə getmək lazım deyil. Sadəcə, hesabat 2 formatda qəbul edilir: maliyyə hesabatı və vizual hesabat.
Biz müəyyən fəaliyyət üçün maliyyə ayırırıq. Fəaliyyət yalnız maliyyə rəqəmlərilə dəyərləndirilə bilməz. Eyni zamanda, görüntü də olmalıdır ki, bu fəaliyyət həqiqətən həyata keçirilib, hansı formada və nə qədər insan iştirak edib, nə qədər uğurlu olub. Biz bunun eyni zamanda vizual və media hesabatlarını qəbul edirik. Ona görə də, bizdə cəmi 2 nəfər hesabatı qəbul edir. Mən burda heç bir çətinlik görmürəm.

Murad:
- Mən PhD təhsil alıram, xaricdə elmi konfranslara qatılmaq üçün müraciət etsəm, fond pul ayırarmı?




- Bəli, biz 29 yaşa qədər istənilən insanın xaricdə həyata keçirilən tədbirlərdə iştirakı ilə bağlı maliyyə ayırırq. Onun yol və yaşayış xərclərini ödəyirik. Əgər o tədbir Azərbaycan gəncliyinə nə isə verirsə.

Ağəli:
- Bu fondun gənclərə nə xeyri var? Əgər ali təhsilli, istedadlı, qabiliyyətli gənclərin çoxu işsizdirsə, siz onlar haqqında heç düşünürsünüzmü? Yaxud, onlar üçün nə edirsiniz?




- İşsizlik ilə bağlı mən daha geniş cavab vermək istərdim. İndi dövlətimiz kifayət qədər güclüdür. Hər tərəfdə inkişaf görürük. Və hər tərəfdə peşəkarlara, mütəxəssislərə ehtiyac var. Bunu mən sizə tam səmimi deyirəm. Çünki ətrafda olan inkişafda da görürük ki, hər bir kəs bu gün peşəkar mütəxəssis axtarışındadır.

Əgər ali təhsilli insanın işi yoxdursa, mən hesab edirəm ki, bu, ilk növbədə onun özü ilə bağlı problemdir. Çünki iş tapmaq üçün gənc özünə sual verməlidir ki, o, nə edib? Ali təhsil almaq azdır. Onun bacarıqları da olmalıdır. O, öz sahəsində kifayət qədər bilikli olmalıdır ki, işləyəcəyi sahədə yararlı olsun.

O ki qaldı, fond tərəfindən nələr edilirməyinə, biz müxtəlif müsabiqələr həyata keçiririk. Daha dəqiqi, biz yox; gənclər təşkilatları tərəfindən bizə daxil olan layihələrdə bu mövzuya xüsusi yer ayrılır. Ələxüsus, regionlarda olan gənclərlə bağlı. Yəni işi necə tapmalı, iş üçün intervülərdən necə keçməli?.. Yaxud, hansısa qabiliyyətlər, ixtisaslar üzrə təlimlərin keçirilməsinə dəstək oluruq. Bu sahəyə xüsusi diqqət ayırırıq. Biznes necə qurulur, ilkin biznes təklifləri necə hazırlanır? Gənclər təşkilatları tərəfindən bu məsələlərlə bağlı xüsusi təlimlər keçirilir. Biz onlara maliyyə ayırırıq. Gənclərimiz bu sahədə də inkişaf edirlər.

Roman İsmayılov:
- Siz doğurdan da `nurçu`sunuzmu?




- Xeyr. Mən bir dəfə bu məsələ ilə bağlı mövqeyimi bildirmişəm. Bu sual tamamilə yersizdir. Mən `nurçu` deyiləm.

Gülağa:
- Sizin qəbulunuza necə və nə vaxt gəlmək olar?




- Bizim qəbulumuza gəlmək üçün xüsusi bir prosedura ehtiyac yoxdur. İstənilən gənc bizim ofisə gələ bilər. İstirahət və bayram günlərindən başqa saat 9-dan 6-ya qədər gəlib görüşə bilərlər.


Bəhruz:
- Mən Fərhad müəllimlə bir məhəllədə yaşamışam. Qardaşı Eminlə bir sinifdə oxumuşam. Uşaqkən köçüblər məhəlləmizdən. Çoxdandır onları görmürəm. İndi görüb sevindim. Bu postda onu görmək qürur verir...




- Təşəkkür edirəm. Mən Sumqayıtda anadan olmuşam və orada da böyümüşəm. Bununla da fəxr edirəm. Həmişə də deyirəm ki, insanların əldə etdikləri onların özlərinin qabiliyyətlərindən, bacarıqlarından, istəyindən asılıdır. Azərbaycanda mənim kimi milyonlarla gənc var. Azərbaycanı hər zaman bir arzular ölkəsinə bənzədirəm. Mən öz arzuma çatmışam. O mənada ki, uşaqlıqdan arzum dövlət işində çalışmaq idi. Elə şans oldu. Azərbaycanda milyonlarla gənc var, onların da öz arzularını həyata keçirmək üçün kifayət qədər imkanları var. Ən azı bu imkanlardan biri də Gənclər Fondudur. Əgər hansısa bir gəncin ideyası , təşəbbüsü varsa, biz fond olaraq təklifləri dəstəkliyirik. Digər fondlardan fərqimiz ondadır ki, fərdi layihələrə kifayət qədər dəstək göstəririk.

Akif
- Azərbaycandan kənarda `qastarbayter`lik edən gənclərimizin sayı və onların Vətənə qayıtması üçün hansı tədbirlər keçirildiyi barədə məlumat verə bilərsinizmi?




- Mən `qastarbayter` adlandırmazdım… Bu məsələ ilə bağlı demək istərdim ki, bəli, var. Heç kim demir ki, xaricdə yaşayan gənclərimiz yoxdur. Amma mən bilirəm ki, çox böyük sayda gəncimiz artıq Vətənə qayıdıb. Ələxüsus, bir faktı qeyd edim ki, bir zamanlar Rusiyaya axın olsa da, indi hətta orada təhsil almış gənclərimizin əksəriyyəti Bakıya qayıdır. Ən böyük nümunə tibb sahəsində olan gənclərimizdir. Onlar qayıdıb burada özlərinə iş tapırlar.

Bilirsiniz ki, Rusiyada Leyla Əliyevanın rəhbərliyilə “Amor” adlı təşkilat fəaliyyət göstərir - Azərbaycan gənclərinin Rusiya təşkilatı. Və həmin təşkilatla biz mütəmadi olaraq əlaqədəyik. O təşkilatın tədbirlərində bizim nümayəndələr mütəmadi olaraq iştirak edir. Təbii ki, onların problemləri olduqda çalışırıq ki, həllinə kömək göstərək. Eyni zamanda, qeyd edim ki, hazırda onların ölkədə işləməsi üçün böyük imkanlar var. Bu gün hər bir bölgədə yeni müəssisə və zavodlar açılır. Həmin gənclər gəlib öz Vətənlərində çalışa bilərlər.

Nuhun:
- Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Sizin rəhbərlik etdiyiniz fond bu uğuru necə qarşılayır və konkret olaraq hansı formada dəstək verilməsi planlaşdırılır?




- Bu seçim təsadüfü deyil. Bu, sisitemli şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsidir. Çox böyük bir uğurdur. Biz də fond olaraq, Gəncə ilə bağlı xüsusi prioritet tərtib etmişik. Həmin prioritet çərçivəsində bu sahədə olan onlarla layihə dəstəklənir. Gənclərimiz çox maraqla bu layihə müsabiqələrində iştirak edirlər. Bu sahədə hətta beynəlxalq layihələr həyata keçirilib. Hazırda altıncı müsabiqə zamanı bu sahədə əldə olunana layihələr icraatdadır. Biz ümid edirik ki, gələn il layihələrin sayı lap çox olacaq.

Tural İsmayılov:
- Fərhad müəllim, öncə belə bir fondun olkə gəncliyi üçün necə gözəl bir gələcək açdığını qeyd etməkdən məmnunluq duyuram... Soruşmaq istərdim ki, siz özünüz ayrılan qrantların tam olaraq xərclənib-xərclənməməsinə nəzarət edirsizmi və bunun mexanizmləri nələrdir?




- Təbii ki, nəzarət edirik. Bununla bağlı hesabat formaları var – həm maliyyə, həm visual formalar. Bundan əlavə, monitorinqlər həyata keçiririk. Fondun əməkdaşları və yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, konkret olaraq Gənclər və İdman İdarələri bu layihələrdə iştirak edib, baxırlar. Layihənin icraatına nəzarət edirlər, eyni zamanda, hər hansı bir problem yarandıqda onlara köməklik göstərirlər. Təbii, monitorinq var, biz bunu izləyirik.


Vüsal Məmmədov:
- Mən Gənclər Fondunun 3 qrant müsabiqəsinin qalibi olmuşam. Deyim ki, başda Fərhad müəllim olmaqla Gənclər Fondunda əla bir komanda işləyir. Fərhad müəllimə bir sualım var: Ölkədə gənclik yaşı 35 qəbul edildiyi halda, nəyə görə Gənclər Fondu yalnız 14-29 yaşlı gənclərin fərdi layihələrini qəbul edir? Bu yaş həddinin 35-ə qaldırılması mümkündürmü?




- Azərbaycan Respublikasının gənclər siyasəti haqqında qanuna görə, gənclərin yaşı 14-29 müəyyən edilib. Bu, fondun istəyi deyil, qanundur.

Ədil:
- Fərhad müəllim, Gənclər Fondunun rəhbəri kimi yeni ideyaların reallamaşına və məhz Fondun ad ilə bağlı yenilikləri dəstəkləməyə nə dərəcədə maraqlısınız? Yeri gəlmişkən, yeni bir ideyam var. Bu, Azərbaycanda bir ilkdir. Bu barədə sizə məlumat vermişəm. Ancaq həmin layihə 3 dəfədir dəstəklənmir.




- Böyük məmnuniyyətlə mən bu vətəndaşla görüşərdim. Çox xahiş edərdim ki, gəlib, layihə barədə məlumat versin. Biz fond olaraq yeni təşəbbüsləri dəstəkləməkdə maraqlıyıq. İstəyirik ki, müasir, gənclərin maraqlarına uyğun layihələri olanlar bizə müraciət etsinlər. Biz də onları dəstəkləyək.

İradə Əliyeva:

- Bilmək olarmı, niyə bəzi gənclər təşkilatlarına maliyyə digərlərilə müqayisədə daha çox ayrılır. Sizcə, bütün gənclərə eyni yanaşma ədalətli olmazmı?




- Biz ümumi siyahıya baxsaq, görərik ki, təşkilatlara ayrılan maliyyələrdə ciddi fərq yoxdur. Azərbaycanda 300 gənclər təşkilatı var. Biz hər birilə əməkdaşlıq edirik. Elə bir təşkilat yoxdur ki, onun hansısa bir layihəsi digərlərindən fərqli olaraq, zəif dəyərləndirilsin. Biz gənclər təşkilatlarının potensialını bilirik. Ona görə də, xüsusi bir fərqlilik yoxdur. Fərq ondan ibarət olur ki, gənclər təşkilatının layihəni həyata keçirməyə potensialı çatır, ya yox.


Qərib:
- Nə vaxt biz gənclər ipotekadan yararlanacağıq?




- İpoteka məsələsi bizim fondun səlahiyyətləri çərçivəsində deyil. Gənclər sahəsində çalışan insan kimi deyə bilərəm ki, təbii, bizi də bu məsələ çox maraqlandırır. Biz də çox istərdik ki, gənclərimiz bu ipoteka imkanlarından yararlansınlar. Mənə elə gəlir ki, bu məsələ tezliklə həllini tapacaq.

Qərib Gənclər Təşkilatının nümayəndəsi:

- Şəhərimizdə aktiv gənclər təşkilatlarının ofis problemləri var. Regionlarda doğrudur, gənclər evləri tikilir, amma Bakı şəhərində belə imkanlar yoxdur. Mövcud ofis imkanları isə kifayət etmir, növbələr yaranır… Sizcə, bu problem necə həll edilməlidir?




- Biz bu məsələ ilə bağlı araşdırma aparmışıq. Bilirik ki, gənclər təşklatlarının bəzisinin ofisi yoxdur. Dünyanın heç bir yerində dövlət gənclər təşkilatlarına ofis vermir. Sadəcə olaraq, biz gənclərlə işlədiyimiz üçün bilirəm ki, bu problem var. Buna kömək etməyə çalışırıq. Hətta qrant müsabiqələrində də təşkilatlara tövsiyə edirik ki, qrantlar çərçivəsində ofislərin icarə edilməsi kimi məsələlərə diqqət yetirsinlər və biz bu sahədə onlara kömək göstərək.

İradə Əliyeva:
- NAYORA-ya niyə az dəstək verirsiniz? Onlar bütün təşkilatların platformasıdır axı.




- NAYORA - Azərbaycanda ən uzunömürlü təşkilatlardan biridir. Hesab etmirəm ki, onlar az maliyyə alır. Onların müxtəlif maliyyə imkanları var. Onlara Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası dəstək göstərir. Kifayət qədər imkanları var.

Gənclər Təşkilatı:
- Sizin öz müsahiblərinizi ixtisasartırma və ya “QHT nədir?” kurslarına göndərmək fikriniz varmı? Maliyyə hesabatları verilən zaman gənclər təşkilatlardan lüzumsuz yerə bir çox artıq sənədlər tələb olunur. Məsələn, kitabların paylanması barədə yerli icra orqanlarından təsdiq məktubu. Yerli icra orqanı poçtalyon deyil ki, kitab paylanılmasını təsdiq etsin…


- Əvvəla qeyd edim ki, bu, dövlət maliyyəsidir. Şəxsi sponsorun maliyyəsi deyil. Bununla bağlı da dövlətin xüsusi hesabat formaları var. Biz çalışırıq ki, bizim hesabat formları məhz dövlətin istədiyi formada, istədiyi sənədlər çərçivəsində olsun. Bununla bağlı bizim internet səhifəmizdə xüsusi bölüm var. Nə sənədlər lazımdırsa, orada qeyd olunub. Gənclərimiz də bilsin ki, orada göstərilnlərdən savayı heç bir sənəd tələb olunmur.

O ki qaldı, kitabların paylanması məsələsinə, bizim marağımız ondadır ki, layihələr icra olunduqda daha çox gənclər kütləsi əhatə edilsin. Bilirsiniz ki, Gənclər və İdman Nazirliyinin yerli idarələri var. Və yerli idarələr daha böyük gənclər kütləsinə işləyirlər. Gənclər təşkilatları və yaxud fərdi qrantlar çərçivəsində gənclərin layihələri həyata keçirilirsə, onlar gənclər və idman idarələrilə birlikdə bunu etsələr, daha çox gənci əhatə edə bilərlər. Ona görə də, biz bunu həm gənclər və idman idarəsinə, həm də gənclərə və gənclər təşkilatlarına bir kömək kimi təklif etmişik ki, yerli idarələrlə çalışsınlar. Heç bir pis istəyimiz yoxdur. Əksinə, istəyirik ki, vətəndaş cəmiyyətilə dövlət təşkilatlarının vəhdət formada əməkdaşlığı olsun.


Vüsal:
- Nəyə görə layihələrə münsiflər heyəti tərəfindən yazılmış rəyləri biz görmürük? Daha yaxşı olmazmı ki, maraqlı olduğu təqdirdə gənc elektron formada müraciət etməklə həmin rəylə tanış ola bilsin?





- Biz hər dəfə mindən artıq layihə müraciətini qəbul edirik. Hər birinə xüsusi rəy formasında münasibət bildirsək, bu, çox böyük həcmli iş olar. Ofisimizdə cəmi 14 nəfər çalışır. Bu, bir çox məsələlərin sürətlə getməsinə mane olacaq. Ancaq çalışırıq ki, gənclər maksiumum faydalansınlar. Ümumlikdə biz layihələrin 60%-dən çoxunu dəstəkləmişik.


Vahid:
- Mühasibatlıqda nə zaman kadr islahatı aparacaqsınız? Şəfəq xanımın yerinə mühasib tapmaqda çətinlikmi var? Ya da bəlkə davranış və ünsiyyət etiketlərilə bağlı mühasibatlıq işçilərinə treninqlər təşkil edəsiniz?




- Bir daha qeyd edim ki, bizdə mühasibatlıqla bağlı xüsusi forma var. Bu, internet səhifəmizdə də yerləşdirilib. Əgər problem varsa, onu rəhbər tutaraq, gənclər hər zaman gəlib mənə də müraciət edə bilərlər ki, onlardan o sənədlərdən başqa nə isə tələb olunur. Hər şey şəffafdır. Sənəd var, onu gənclər təşkilatları götürüb, çap edir. Layihə icra olunduqda lazım olan sənədləri ona uyğun hazırlamalıdırlar. Bu, mənim istəyim deyil, Müşahidə Şurasının qəbul etdiyi sənəddir. Layihələri dövlət maliyyələşdirir. Buna uyğun olaraq da xüsusi hesabat formaları var. Onlara riayət edilməlidir.

Seyid:
- Gənclər arasında işsizlik problemini həll edin. Litvada işsiz gənclərə hər ay 300 avro müavinət verilir. Bəs bizim dövlət nə verir?




- Litvanın əhalisi Azərbaycanın əhalisindən bir neçə dəfə azdır. Mən bilmirəm ki, orada doğrudan da hər gəncə 300 avro müavinət verilir, ya yox. Mənə elə gəlir ki, bu, düzgün prosedur deyil. İnsan özü öz zəhmətilə qazanmalıdır. Bu, daha uyğun olardı. Gənclərin özü üçün də yaxşı olardı. Çünki insan ömrünün axrına qədər bu məbləği ala bilməz. Yəqin ki, nə vaxtsa işləməyə başlamaq lazımdır. O ki qaldı işsizlik probleminə, məncə, indiki dövrdə işsiz qalmaq mümkün deyil. İş yerləri kifayət qədərdir. Sadəcə olaraq, o iş yerlərini əldə etmək üçün çalışmaq lazımdır.


(Ardı BURADA)

Şahanə Rəhimli
Çəkiliş və montaj: Nuron Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti