Xanımlar, dayanın, bura sərhəddir!

Xanımlar, dayanın, bura sərhəddir!
  20 May 2013    Oxunub:2461
Dilman Şahmərdanlı

Tanrı qadını gözəl və cazibəli yaradıb. Bu gözəllik təbii şəkildə və insanın yaradılışına uyğun olaraq kişiləri cəlb edir. Bu cəlbetmənin fəlsəfəsi var. Məqsəd əks cinsin cəzb olunması və dünyaya yeni bir canlı gəlməsidir. Bu təkcə insana aid deyil, bitkilər və heyvanlar aləmində olan bütün cütlüklərə şamil olur və məqsəd birdir: Yer üzündə həyat davam etsin.
Demək, qadındakı bəyənilmə (həmçinin onun bədən quruluşu, bel çanağının kişilərə nisbətən böyük olması, sinənin kişilərdən fərqli quruluşu) və kişilərdəki bəyənmə hissi, hər ikisində olan şəhvət və ehtiras əslində məqsədyönlüdür və vasitə xarakterlidir. Məsələn, şəhvət və ehtiras olmasaydı, cütləşmə olmaz, uşaq dünyaya gəlməz, nəticədə yer üzündə bu gün bir nəfər insan belə qalmazdı. Yaxud, əgər qadının çanağı iri olmasaydı, onun dünyaya uşaq gətirməsi qeyri-mümkün olardı. Əgər onun sinəsi kişilərinkindən fərqli olmasaydı körpə süd ilə qidalanmaqdan məhrum olardı. Bu da körpənin cismi və psixoloji vəziyyətini təhlükəyə atardı. Eyni həqiqət dişi heyvanlara da aiddir.

Kişinin qadından və qadının da kişidən duyduğu cinsi ləzzət də əsasən, elə bu məqsədlərin hasili üçündür. Təəssüf ki, vasitə olan bu hiss bəzən cəmiyyətdə yaranan mənəviyyat və maariflənmə boşluğu nəticəsində məqsədə çevrilir. Sanki həyatın mahiyyəti seksdən ibarətmiş və ya ibarət olmalıymış. Bir halda ki, sağlam ağlın qənaətinə görə belə düşüncə və belə davranışlar yaradılış qayəsinə ziddir. Seks necə əsas ola bilər ki, o insan həyatına qısa müddətə gəlib-gedən bir qonaq hissdir? Müəyyən yaşa kimi yox idi, müəyyən yaşdan sonra da bədənlə “sağollaşmağa” başlayır. Hətta var olan yaşlarda da insan həyatında yenə ən az yeri tutur.

İnsanda daha prinsipial qüvvələr var ki, şəhvətlə müqayisə olunmaz. Bu qüvvələr heç zaman insandan ayrılmır. Buna yemək-içmək ehtiyacını, qəzəb qüvvəsini misal çəkmək olar. Bu iki qüvvə insan dünyaya gələndən ölənə kimi ondan ayrılmır, lakin şəhvət müəyyən məqsədlə bədənə dəvət edilmiş bir qonaqdır. Bütün bunlardan üstün isə insanın mənəvi dəyərləri, onun ruhi dünyasıdır ki, insan dünyaya gəlməzdən qabaq da (ana bətnində olarkən) var idi, insan dünyada olanda da var və o, dünyadan köçəndə də ondan ayrılmayacaq. İnsanın əsl mahiyyəti onun ruhudur. Bədən və onunla əlaqəli hisslər və meyillər sadəcə həyatımızı tənzimləmək məqsədi daşıyır.

İnsan hər şeyini itirə bilər, lakin ruhu itirmək mümkün deyil. Ruhunu və onun tələblərini görməliyə vurub yaşayan insan, heyvanları təqlid edir. Çünki heyvanda insanda olan ruh yoxdur və onun bütün fəaliyyəti sırf maddi yönlüdür.

Heç kim şəhvət duyğusunun varlığına görə ittiham oluna bilməz. Nə bəyənilmə hissi və nə də bəyənmə hissi qınanılmamalıdır. Hər ikisi yaradılışdan gələn təbii hissdir. Bu olmasa, ailə həyatı sarsılar. Ancaq məsələ buradadır ki, günümüzdə elə bil hisslərin, duyğuların və ehtiyacların yerləri dəyişik düşüb. Bu duyğular harada, nə vaxt, kimlər üçün büruzə verilməlidir? Bunlara önəm verən yoxdur. Buna görə də hər keçən gün cəmiyyətimizdə ailə dayaqları sarsılır, evlər yıxılır, evlənmə yaşı yuxarı qalxır, mənəvi dəyərlər məhv olur. Bunun da nələrə yol açacağı heç bir düşüncə əhlinə gizli deyil.

Bu gün rahat şəkildə hər yerdə birbaşa, ya da dolayısı yolla açıq-saçıqlıq təbliğ və reklam olunur. Təsəvvür edin ki, reklamlarda bəzən heç dəxli olmayan yerlərdə şəhvət və ehtirasyönlü təbliğatlar gedir və bu, şüuraltı təsirlə beyinlərə yeridilir. Daha heç bir qadın kişiləri təhrik edən libaslarda ekrana və cəmiyyət içinə çıxmaqdan çəkinmir və bunu özünün təbii seçim haqqı bilir. Çox yaxşı, demək, bu xanımların seçim haqqıdır. Əgər sənin nəyi isə seçməyin digərinə zərər yetirirsə, yenə dəmi azad şəkildə istədiyini etməlisən?

Gəlin, bu məsələni heç milli-mənəvi dəyərlərimiz fonunda deyil, eləcə cəmiyyətin bir qisim ziyalı təbəqəsinin gecə-gündüz təkrar etdiyi və insanın ictimai həyatı üçün çox keçərli olan bir məntiqlə təhlil edək. Görün, doğru təhlildirmi? O nədir? B.Rassel deyib: “Mənim azadlığım sənin azadlığının sərhədləri başlanan yerdə bitir”.

Demək, insan “mən azadam” deyib, nə gəldi edə bilməz. O, ictimai varlıqdır, ictimaiyyətdə davranışları ilə bağlı cəmiyyətin digər fərdlərini də nəzərə alaraq ölçü götürməlidir. Siz “cəmiyyət qayığı”nın sərnişinləri birisinin gəmini öz fəsadları ilə “deşdiyini” görsəniz, ona mane olmamalısınız ki, bu onun azad seçimidir?!

Heç kəsə qaranlıq deyil ki, açıq-saçıqlıq cəmiyyət “qayığ”ını “deşir”? Bunun izahını çox sadə bir misalla aydınlaşdıracağıq.

Təsəvvür edin ki, bir insan həftələrdir ki, acdır və dilinə heç nə dəyməyib və həm də susuzdur, ciyərləri yanır. Onun aclıqdan can verdiyi, susuzluqdan yanıb-yaxıldığı, dodaqlarının çat-çat olduğu bir vaxtda bir şəxs bilə-bilə ona bumbuz, şüşəsi soyuqdan tərləmiş, işıqda bərq vuran tər-təmiz, dumduru büllur kimi su qabını göstərir və ona acıq verir. Yaxud, ona üstündən yağ damcılayan və buğlanan şişə taxılmış kabab göstərir, yaxınlaşdırır, iyini duydurur, sonra uzaqlaşdırır və bunu dəfələrlə edir, amma ona vermir, sonra onun gözü baxa-baxa qoyur, çıxıb gedir. Beləsinə nə ad vermək olar?!

Aclıq və susuzluq insanın cisminə aid olan tamamilə təbii bir ehtiyacdır və insan dünyaya gələndən onunla birgə gəlir. Ancaq insanın cisminə aid olan təbii ehtiyaclar bununla bitmir. Digər çox mühüm tamamilə təbii bir ehtiyac ― insanın ikinci ehtiyacı sayıla biləcək şəhvət qüvvəsinə aid olan ehtiyacdır ki, (əgər məlum amillər nəticəsində erkən oyadılmasa) 14-15 yaşından etibarən özünü büruzə verməyə başlayır və təqribən 15 yaşından 25 yaşına kimi şiddətlənməyə doğru özünün inkişaf yolunu keçir. Yemək-içmək ehtiyacının qanuni şəkildə təmin olunması zəruri olduğu kimi, şəhvət ehtiyacının da qanuni yollarla (evlənmək) təmin olunması zəruridir. Aclıq və susuzluğu yemək və içməyi adama sadəcə göstərməklə təmin etmək mümkün olunmadığı kimi, aclıq və susuzluğu yatırmadığı, əksinə, onu daha da şölələndirdiyi kimi, evlilik və cinsi münasibət də olmadan qadınların yeniyetmə və gənclərin qarşısına şəhvəti təhrik edəcək geyimlərdə cilvələnmələri onların (yeniyetmələrin, gənclərin və ümumiyyətlə, kişilərin) təbii şəhvət qüvvəsini daha da coşdurur və onların psixikasını alt-üst edir, həmçinin bir-çox cinsi fəsadlara səbəb olur. Şəhvəti tüğyan edən gəncliyin qarşısına yarıçılpaq və dar geyimlərdə çıxmaq, işvə-naz satmaq və kişilərdə ehtiras oyatmaq ac-susuz olan bir insanın aclıq və susuzluq hisslərini şölələndirməkdən də qəbahətlidir.

Cəmiyyətimizdə geniş yayılmış bu hallara son verməliyik. Qarşıdan yay gəlir, havalar isinir. İsti adama güc gəlsə də, qadının əsas özəlliyi olan həya libasını soyunmaq olmaz. Avropaya biz geyimimizlə yox, ağlımızla, savadımızla inteqrasiya olunmalıyıq, oradan götürdüyümüzü “milli-mənəvi dəyərlər süzgəci”mizdən keçirməliyik. Yoxsa, nə azərbaycanlı kimi azərbaycanlı və nə də müsəlman kimi müsəlman qalacağıq.

Doğrudur, əsas müraciətim xanımlaradır, ancaq geyimdə və cəmiyyət içində abır-hörməti gözləmək kişilərimizə də aiddir. Təəssüf ki, bu gün gənclərimizin geyimi abır-həyadan bir qədər uzaqdır.
Xülasə, hər iki cins ictimaiyyətdə qarşı tərəfin ehtirasını və şəhvətini təhrik edə biləcək geyimlərdən və davranışlardan çəkinməlidir.


Teqlər:  





Xəbər lenti