Sünni-şiə geosiyasətində Azərbaycanın seçimi – TƏHLİL

Sünni-şiə geosiyasətində Azərbaycanın seçimi – TƏHLİL
  07 Aprel 2015    Oxunub:17825
Yaxın Şərqdə Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünnilərlə, İranın lideri olduğu şiələr araslnda ziddiyyətlərin gərginləşdiyi bir məqamda Azərbaycan prezidenti İlham Əliyevin Ər-Riyada səfəri maraq doğurmaya bilməz.

İrana qarşı 10 ildən artıqdır tətbiq olunan sanksiyaların ləğv edilməsilə bərabər, Amerikanın Səudiyyə Ərəbistanının Yəmənə hücumunu dəstəkləməsi Vaşinqtonun əsil mövqeyinin hansı tərəfdə olması ilə bağlı suallar yaradır. Belə bir məqamda İlham Əliyevin Ərəbistana səfər etməklə faktiki sünnilərin mövqeyini dəsdəklədiyini nümayiş etdirməsi özündə müəyyən geosiyasi mesajlar ehtiva edə bilər.

Prezidentin kifayət qədər cəsarətli hesab olunacaq bu addımının arxasında hansı hədəflər dayanır?

Təbii ki, Prezident Amerikanın Yaxın Şərqdə güddüyü siyasətinin balanslaşdırılmış xarakter daşıdığını, qarşıduran tərəflərin bərabər gücə sahib olmalarını istədiyini dəqiq bilir və öz siyasətini də bu reallıqlara uyğun qurur.

Əslində İrana qarşı sanksiyaların əsas məqsədi bu müddət ərzində sünnilərin qüvvətlənməsinə şərait yaratmaq idi ki, səudilər bundan lazımınca faydalana bildilər. Artıq balansın yaranması üçün İrana müəyyən “azadlıqlar”ın tanınması vaxtı yetişib. İrana qarşı sanksiyaların ləğvi məhz Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşdiyi dövrdə baş verməsi də təsadüfi deyil. Bununla Vaşinqton bir güllə ilə bir neçə dovşan vurur.

Birincisi, Rusiya regionda İran kimi güclü tərəfdaşı itirir. Digər tərəfdən, güman etmək olar ki, anoloji sanksiyalar Rusiyaya tətbiq olunsun və neftin qiymətləri qalxdıqan sonra belə, Moskva neftini satıb gəlir əldə edə bilməsin. Rusiya neftinin dünya bazarındakı yerini isə İran nefti tutsun və dünya bazarında neft kəsiri yaranmasın.

Paralel olaraq İran, güc toplasa da, sünnilərlə regionda yaranmış bir neçə konfliktə cəlb olunacaq. Tehran bir tərəfdən Əsəd rejimini dəstəkləməli, Yəməndə şiələrə kömək göstərməli, İraqda şiə rejiminin hakimiyyətdə qalmasına çalışmalı və özünü yiyəsi bilinməyən İŞİD-in qəfil hücumundan qorumalıdır. Və artıq bunları Rusiyasız həyata keçirməlidir. Çünki Rusiya istəsə belə, xaricdəki münaqişələrə dəstək vermək gücündə olmayacaq. Həm də Rusiya-İran münasibətlərinin sərinləməsi üçün kifayət qədər səbəblər də var. Moskva Tehranın Qərblə işbirliyinə girməyindən narazıdır, Tehran isə Moskvanın neftin qiymətlərinə təsir göstərməkdən ötrü Səudiyyə Ərəbistanına yarınmağına etiraz edir. Çünki Əl-Riyad bunun müqabilində Moskvanın Əsədə dəstəyini kəsməsini istəyir.

Beləliklə, Amerikanın xeyir-duasıyla gərginləşmiş şiə-sünni ziddiyyətində müsəlman dövlətlərinin qütbləşməsi prosesi başladı. Azərbaycan isə bu qütbləşmə prosesində sünni təfində olma ehtimalı barədə mesajını vermiş sayıla bilər.

Bundan ilk növbədə Rusiya, İran və əlbəttə ki, Ermənistan öz nəticələrini çıxarmalıdırlar. Onlar anlayırlar ki, şərti olaraq “sünni” ittifaqı adlandıra biləcəyimiz ittifaqda Pakistan, Misir və Türkiyə kimi dövlətlər yer alır. Və bu ittifaq Yəmənə hücumla real fəaliyyət qabiliyyətini nümayiş etdirdi. Yəmənə hücum əslində yeni regional koalisiyanın yaranmasının anonsu idi. Tehran qonşuluğundakı dövlətin mesajından nəticə çıxarmalı və Ermənistana dəstək məsələsində öz prioritetlərini yenidən dəyərləndirməlidir. Çünki artıq Rusiya Tehrana Yaxın Şərqdə lazımi dəstək göstərə bilməyəcək.

Rusiya daha çıxılmaz vəziyyətə düşür. Çünki Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş əraziləri Ermənistan silahlı qüvvələrindən təmizləmək üçün hərbi əməliyyat keçirməsinə qarşı çıxması daha da çətinləşir. Birincisi Moskva iqtisadi səbəblərlə əlaqədar Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərini pozmaq istəmir. Digər tərəfdən Azərbaycan real hərbi koalisiyada yer alır və bu koalisiyanın Qafqazda baş vermiş münaqişəni bəhanə edib regiona daxil olma riski təbii ki, nə Moskvanın, nə də İranın da ürəyincə olmaz.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti