Azərbaycanda sonsuzluq getdikcə artır
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Deputatın sözlərinə görə, ölkəmizdə sonsuzluq böyük bir bəlaya çevrilib: “Son illər boşanmaların sayına baxsaq, onların da arasında övladsızlığa görə ayrılanların sayının xeyli artdığını görərik.Sonsuzluğa görə boşanmalar kifayət qədər çoxdur. Parlamentdə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdı. Sonra həmin qanun layihəsi təkrar müzakirə olunması. Bu çox vacib məsələ idi. Lakin sözügedən layihəndə bəzi ziddiyyətli məqamlar olduğu üçün məsələ gündəmdən çıxarıldı.
Qeyd edim ki, o ziddiyyətli məqamlar daha çox “surroqot ana” və donor məsələsi ilə bağlı idi. Bir çox millət vəkili cəmiyyətin bu məsələlərə hələ tam hazır olmadığını söylədilər. Parlamentdə qaldırdığım təklif ondan ibarət idi ki, həmin qanun layihəsindəki ziddiyyətli məqamları çıxaraq. Nəticədə onlarla ailəyə kömk edə bilərdik”.
Deputat hesab edir ki, dünyanın əksər ölkələrində süni mayalanma yolu ilə övlada sahib olmaq mümkündür. Ancaq bizdə süni mayalanmanın qiymətləri çox bahadır.
“Maddi imkanı orta və aşağı olan ailələr üçün bu çox böyük məbləğdir. İmkanlı ailələr üçün təbii ki, bu məsələdə problem yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, süni mayalanma əksər hallarda ilk cəhd uğurlu olmur. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində bu məsələ öz əksini tapmışdı.
Qeyd edilmişdi ki, 10 ilə yaxın övladı olmayan ailələrə bir dəfə dövlət hesabına süni mayalanmada yardım edilsin. Düşünürəm ki, 10 ili bir az aşağı da salmaq olar. Biz nəzərə almalıyıq ki, 10 il övladsızlıq davam edirsə, bəzən bu 10 ilin içərisində dözümsüzlük olur. Bu baxımdan təklif etdim ki, bu rəqəmi 7, 8 ilə salmaq olar. Bir çox ailə müraciət edir ki, tibbin dəstəyi ilə övlad sahibi ola bilər. Onlara dəstək lazımdır ki, tibbin imkanlarından yararlana bilsinlər. Bu əməliyyatlar bahadır və yararlanma məsələsi də qanunda gərək təsdiqini tapsın”-deyə deputat bildirib.
Q.Paşayeva qeyd edib ki, bu məsələ ilə bağlı qanun qəbul olunarsa, öz həllini müəyyən mənada tapa bilər.
“Nə qədər ailələri boşanmadan xilas edə bilərik ki, ailələr davam etsinlər. Ona görə də bu qanun layihəsinin qəbulu vacibdir. Amma o qanun layihəsində sadəcə bu məsələ öz əksini tapmır. Həmin qanun layihəsində ailə institumuzu gücləndirən, ailələrin sağlamlığı ilə bağlı məsələlər öz əksini tapır. Həmin qanun layihəsində probem ziddiyyətli məqamlarla bağlıdırsa, onları çıxarmaq, kənara qoymaqla qanun qəbul olunar. O məsələlərlə bağlı gələcəkdə fikirlər nə olarsa müzakirəyə çıxarıla bilər”.
Milli Məclisin xanım üzvü dünyanın əksər ölkələrində bun problemin həllini tapdığını vurğulayıb.
“Dünyanın əksər ölkələrində tibbin ailərə ilk dəstəyi öz əksini tapıb. Ailələrə dövlətin dəstəyi çox vacibdir. Ümid edirəm ki, yaxınlarda bu qanun layihəsi qəbul olunar. Minlərlə sonsuzluqdan əziyyət çəkən ailəni, boşanma həddində olan ailələrimizi xilas etmiş olarıq”.
Anar Kəlbiyev