Qarabağ əvəzinə Avrasiya İttifaqı? - TƏHLİL

Qarabağ əvəzinə Avrasiya İttifaqı? -  TƏHLİL
  29 May 2015    Oxunub:4093
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinin Riqa Sammitində iştirak etməməsi, ölkəmizin sammitdə qəbul olunan bəyanata qoşulmaması, ardınca isə xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfər etməsi müyyən sual və proqnozlara yol açdı.

Üstəgəl, Məmmədyarovun verdiyi açıqlamalarda Azərbaycanın Avrasiya İttifaqına daxil olacağını istisna etməməsinə işarə vurması, Rusiyanın xarici işlər naziri Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəsi üçün prioritet olduğunu bildirməsi Bakı ilə Moskva arasında münaqişənin həlli ilə bağlı mümkün razılaşmanın əldə olunacağına dair ehtimalların səslənməsinə şərait yaratdı.

Doğurdanmı, Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulması müqabilində Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verə bilər?

Məmmədyarovun bəyanatından da aydın olur ki, rəsmi Bakı prinsip etibarilə belə bir sövdələşmənin reallaşmasına razıdır. “Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mövcudluğu bizə Ermənistanla eyni ittifaq daxilində birgə mövcudluğumuza imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxararsa, əgər vəziyyətin normallaşması baş verərsə, əgər Ermənistanla Azərbaycan arasında iqtisadi tərkib yaranarsa, kim bilir sabah nə olacaq. Necə deyərlər “never say never” yəni “heç vaxt heç vaxt demə”,- deyə azərbaycanlı nazir “Rossiya24” telekanalına müsahibəsində bildirib.

Rusiya anlayır ki, Qərbin iqtisadi təzyiqlərindən qurtulmaq üçün alternativ təzyiq forması tapmalıdır, yəni Avropanın Rusiyadan iqtisadi asılılığını təmin etməlidir. Əsasını Azərbaycanın müəllifi olduğu TANAP qaz kəməri təşkil edən Cənub enerji dəhlizi Rusiya qazına alternativ təşkil edəcək və Avropanın Moskvadan enerji asılılığını aradan qaldıracaq. Ancaq bu, Türkmənistan və İranın layihəyə qoşulmasından sonra baş verəcək. Hələlik isə, TANAP-ın illik 16 milyard kub metr qaz nəql etməsi, bundan cəmi 10 milyard kub metrinin Avropaya ixrac olunması planlaşdırılır.

İllik 160 mlrd. kub metr qaz idxal edən Avropa üçün bu, kiçik rəqəmdir və Rusiyanın ixrac bazarına mənfi təsir göstərə bilməz. Prezident İlham Əliyev “Rossiya24” telekanalına müsahibəsi zamanı bu məqamı xüsusi vurğuladı və TANAP-ın Rusiya qazına rəqib olmadığını bildirməklə dolayı yolla Kremlə çatdırdı ki, Azərbaycan Rusiyanın düşməni deyil və əgər Rusiya özünə alternativ olacaq ixrac mənbəyinin yaranmasını istəmirsə, bunu əslində Avropa, İran və Türkmənistanla razılaşdırmalıdır. Avropa məlum səbəblərdən Rusiyanın növbəti qaz kəməri layihəsinin reallaşmasını istəmir və məhz buna görə “Cənub axını” borusunun Bolqarıstana keçməsinə icazə vermədi.

Beləliklə Rusiya nə edə bilər? Moskvaya Bakı ilə işbirliyində olması lazımdır ki, Avropa bu dəfə Avrasiya İttifaqından – İttifaqın başında Kreml dayandığı üçün isə dolayısı ilə Rusiyadan asılı düşsün. Yalnız bu halda Rusiya öz şərtlərini Avropaya diktə edə bilər. Və yalnız bu halda Türkiyə ilə Türkmənistan da Avrasiya İttifaqından - yəni Rusiyadan asılı düşəcək. Bu həm də Türkiyə-Rusiya münəsibətlərini normallaşdıracaq, və Ankara ən azı “Krım türklərinin hüquqlarının müdafiəsi”ni belə qabartmayacaq.

Moskva bunu bilir, ancaq Bakının şərtinə uyğun – yəni, Qarabağ müqabilində birgə ittifaq sövdələşməsinə girməkdən ehtiyatlanır. Çünki dondurulmuş münaqişə Rusiyanın Azərbaycana yeganə təsir vasitəsi, Bakının Moskva ilə kifayət qədər “nəzakətli” davranmasının yeganə səbəbidir. Rusiya bu təsir vasitəsini itirmək istəmir. Azərbaycanın ittifaqa daxil olması isə müvəqqəti xarakter daşıya bilər, Bakının istənilən an quruma üzvlükdən imtina etməsinə heç kim zəmanət verə bilməz.

Moskva istərsə, Yerevan münaqişənin həllinə mane ola bilməz, ancaq Ermənistanın ictimai rəyində anti-rus əhval ruhiyəsi arta və Qərb bundan istifadə edə bilər. Ermənistandakı hakim klanın sosial dayaqlarının kifayət qədər zəif olduğunu nəzərə alarsaq, antirus və qərbyönümlü siyasi qüvvələrin bu vəziyyətdən məharətlə yararlanaraq hakimiyyətə gəlmək üçün istifadə edəcəklərini əminliklə söyləmək olar. Nəticədə Rusiya ümumilikdə Cənubi Qafqazı itirə bilər.

Lakin Rusiya müəyyən şərtlər daxilində bu risklərin qarşısını ala bilər. Məsələn, Moskva gələcəkdə Azərbaycanın ittifaqdan çıxmamasını təmin etmək və təsirini saxlamaq üçün münaqişə zonasına “sülhməramlı” adı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarını yerləşdirmək təklifini verə bilər. Ermənistanda isə ictiam fikri tənzimləmək üçün müəyyən sosial-iqtisadi layihələrin həyata keçirilməsi mümkündür. Məsələn Çin kapitalının bu ölkəyə yönləndirilməsi tamamilə labüddür.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti