BVF-nin proqnozundan narahat olmağa dəyməz – TƏHLİL

BVF-nin proqnozundan narahat olmağa dəyməz – TƏHLİL
  22 İyun 2015    Oxunub:3017
Beynəlxalq Valyuta Fondu (BFV) bu il Azərbaycanda dövlət büdcəsi üzrə kəsirin ümumi daxili məhsulun (ÜDM) 6%-ni təşkil edəcəyini bildirib. Bu barədə iyunun əvvəlində BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.

Onun sözlərinə görə, fevralın 21-i tarixindən manatın ABŞ dollarına nəzərən 34% ucuzlaşdırılması büdcəni doldurmaq üçün geniş imkanlar yaratsa da, maliyyə sektorunda vəziyyətin nisbətən gərginləşməsi və digər amillər səbəbindən yeni problemlər ortaya çıxıb. Ancaq əslində isə vəziyyət belə deyil.

Cari ilin I rübündə dövlət büdcəsinin icra vəziyyətinə dair şərhimizdə yazmışdıq ki, 2015-ci ilin I rübü ərzində dövlət büdcəsinə mədaxil 3938,8 milyon, xərclər isə 4198,8 milyon manat təşkil etməklə 251,0 milyon manat kəsir yaranmışdı. Son illər ərzində heç bir halda kəsir qeydə alınmamışdı. Yalnız, keçən ilin sonunda 2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 milyon, xərcləri isə 18699,3 milyon manat təşkil etməklə 298,8 milyon manat kəsir yarandı ki, bu da maliyyələşmə mənbələri hesabına örtüldü.

Məsələ bundadır ki, cari ilin I rübündə də 251 milyon manat kəsir vəziyyətin kritik olduğunu söyləməyə əsas vermirdi. Ona görə ki, əvvəla, 2015-cü ilin I rübündə dövlət büdcəsinin mədaxili nəzərdə tutulandan 38 milyon manat və yaxud 1% artıq, xərclər isə 4189,8 milyon manat - nəzərdə tutulandan 10,1% az yerinə yetirilmiş, üstəlik, Dövlət Neft Fondundan (DNF) transfert də az həyata keçirilmişdi. Yəni, 1941,7 milyon manat... Keçən il eyni vaxtda isə 2342,6 milyon manat köçürülmüşdü.

Və ən əsası da, I rübdə göstəricilərə əsasən büdcə gəlirlərində qeyri-neft sektorun payı qənaətbəxş idi. Belə ki, Vergilər Nazirliyi (VN) tərəfindən dövlət büdcəsinə təmin olunan 1594,8 milyon manat vəsaitin 69,5%-i, yəni 1051,6 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdü. 2014-cü ilin müvafiq dövründə isə bu göstərici 4,6% az təşkil etmişdi.

Cari ilin yanvar-aprel aylarına gəldikdə isə büdcəyə 5,4 milyard vəsait daxil olub, 6,2 milyard manat xərclənib. Büdcə kəsiri ÜDM-in 4,9%-nə bərabər olub. Bu ilin ilk 4 ayı ərzində büdcə gəlirləri keçən ilin eyni dövrünə nisbətən 17,2% az, xərcləri isə 1,8% artıq həyata keçirilib.

İlin ilk 3 ayı ilə müqayisədə apreldə gəlirlər azalmış, xərclər nisbətən artıq olub. Bu da ondan irəli gəlib ki, apreldə də Fonddan transfert məhdud olub. Lakin əsas bu deyil.

Təkrar edirik ki, I rübdə büdcə gəlirlərində qeyri-neft sektorundan daxilolmalar qənaətbəxş idi. Bunu ilin ilk 5 ayı üçün də qeyd etmək mümkündür. Belə ki, yanvar-may ayları ərzində VN xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat (1,6 % çox) vəsait daxil olub ki, bunun da 1 milyard 905 milyon 879,0 min manatı qeyri neft-qaz sektorundan əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0 % çox... Və ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 66,9 %-ə çatıb.

Sual yaranır ki, belə vəziyyətdə BVF-nin kəsirlə bağlı proqnozuna görə narahat olmağa dəyərmi? Şübhəsiz ki, yox...

Xatırladaq ki, ilin I yarısı başa çatmaq üzrə olsa da, büdcəyə baxılmadı. Maliyyə naziri Samir Şərifov hələ aprelin əvvəlində bəyan etdi ki, 2015-ci ilin dövlət büdcəsi üzrə nəzərdə tutulan proqnozlara yenidən baxılmayacaq. Belə ki, nazirin sözlərincə, bunun üçün heç bir zərurət yoxdur.

Neftin dünya bazarlarında qiymətlərinin büdcədə nəzərdə tutulandan təxminən 30-40 dollar səviyyəsində aşağı olması isə bunun qaçılmaz olduğunu deməyə əsas verirdi. Ancaq 2015-cü ilin I rübündə dövlət büdcəsinin mədaxil hissəsinin nəzərdə tutulan proqnozdan qeyd olunduğu kimi artıq yerinə yetirilməsi və toplanılan verginin də az qala 70% hissəsinin iqtisadiyyatın qeyri-neft sektorundan yığılması və bu fonda da DNF-dan transfertin az həyata keçirilməsi sözügedən məsələnin gündəliyə salınmasına əsas vermədi.

O ki qaldı maliyyə sektorunda vəziyyətin nisbətən gərginləşməsi və digər amillərə, BFV təmsilçisi özü də təsdiq edib ki, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının azalması tendensiyası artıq, dayanıb. Və hazırda ölkəyə 7 aylıq idxal səviyyəsindədir. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində kəsir 1,662 milyard manat proqnozlaşdırılıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti