İbrahimbəyovun fantastik ssenarisi – TƏHLİL

İbrahimbəyovun fantastik ssenarisi – TƏHLİL
  08 İyun 2013    Oxunub:1967
...Maraqlıdır, niyə Milli Şuranın üzvlərinin sayı 130 yox, 125 yox, məhz 129 olub? Onun üzvlərinin siyahısına baxanda ilk ağla gələn sual bu olur. Daha bir nəfər tapmaq bu qədərmi çətin işdir? Sual ilk baxışdan qeyri-ciddi görünə bilər, amma dərinliyə varanda bu rəqəm əslində Milli Şuranın mahiyyəti haqqında çox şey deyir.

Çünki Şuranı yaradan 3 tərəf 10 gündə bu tərkibi, daha dəqiq desək, kimin neçə adamının olmasını zorla razılaşdırıblar. Əlavə bir nəfər isə öz növbəsində, mütləq kiminsə adamı olacağından, balansı poza bilərdi. Nəticədə Milli Şura yaranmazdı. Yəni Milli Şuranın yaranması bu dərəcədə həssas və qəliz məsələdir. Amma bu qəliz həssaslıq həm də onun sabit olmamasından xəbər verir - sabah hər hansı bir narazılıqdan qurum dərhal dağıla bilər.

Bu balans prinsipi özünü Şura üzvlərinin siyahısında da göstərib – orada biz çoxu tanınmayan, amma hamısı Qəmbər, Kərimli və Namazov-İbrahimbəyov üçlüyünün ətrafında olan şəxslərin adlarını görürük. Siyahıda cəmiyyətin real spektrinin heç 1 faizi də təmsil olunmadığından, bu qurum əsla “Milli” ön sözünü daşıya bilməz. Elə müxalifətin Şuraya qoşulmayan liderlərindən biri Sərdar Cəlaloğlu da deyib ki, bu, Milli Şura adına çox gülünc bir tərkibdir: – sitat – “Bu tərkib nəinki bir milləti təmsil etmək baxımından, hətta bir siyasi qüvvəni təmsil etmək baxımından da düzgün deyil”. Cəlaloğlunun sözlərinə görə, 30-dan artıq tanınmış şəxsin bura qoşulmaması onun gələcəyinə inanmamaları ilə bağlıdır. Qoşulanlar isə qeyri-ciddi imic verir.

Amma bu, hələ işin bir tərəfidir. Əsas məqamlardan biri odur ki, Milli olmayan bu Şura nələr etmək istəyir.

Əsas məqsəd guya seçkidə vahid namizədlə çıxış etməkdir. Amma məsələn, Qız Qalasının Xəzərə atılıb, üzərək Türkmənistana keçməsi nə dərəcədə realdırsa, Milli Şuranın vahid namizəd seçməsi də o dərəcədə realdır. Ümumiyyətlə, əvvəllər Azərbaycanda müxalifətin vahid namizədlə çıxış etməsinin ancaq bir resepti var idi: İsa Qəmbərlə Əli Kərimlinin bir bədəndə birləşib, hermofrodit orqanizm olması. Başqa sözlə bu, siyasi yox, cərrahi həll olmalı idi. Milli Şurada isə indi həm də Rüstəm İbrahimbəyov olduğundan, heç bu da mümkün deyil. Çünki 3 orqanizmin bir bədəndə birləşməsi halı tibbə məlum deyil.

Amma işdir, tutaq ki, İbrahimbəyovun dalında dayananlar hansısa yollarla Kərimli və Qəmbəri oyundan çıxarsalar, onda nə olacağını Eldar Namazovun dilindən eşidin. Şuradakı çıxında o deyib ki: «Bir çox dostumuz bu gün bizim də qərar qəbul etməyimiz, müxalifətin vahid namizədini müəyyənləşdirməyimiz barədə məsələ qaldırmaqda haqlıdır. Əlbəttə, yaxşı olardı. Belə olarsa, Rüstəm müəllimin də ABŞ-da, Avropada apardığı danışıqlarda daha ciddi nəticə əldə etmək mümkündür”.

Bundan açıq daha nə demək olar? “...Rüstəm müəllimin də ABŞ-da, Avropada apardığı danışıqlarda”! Yəni İbrahimbəyov vahid namizəd olsa, Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün ABŞ-da və Avropada danışıqlara başlayacaq. Bəs niyə Rusiyada yox?.. Çünki Rusiyada danışıqlar artıq çoxdan aparılıb da, başa da çatıb. Nəzərə alsaq ki, İbrahimbəyovun qanuna görə Azərbaycanda namizədliyini irəli sürmək hüququ yoxdur, burada hakimiyyətə gəlməkdən də söhbət gedə bilməz. Biz ona görə “ələ keçirmək” dedik.

Yaxşı, tutaq ki, hipotetik olaraq bu da baş versə, sonra nə olacaq? Milli Şuranın ilk bəyanatında deyilir ki, təşkilatın namizədi prezident seçkilərində qalib gələrsə, ikiillik keçid dövrü elan olunacaq. Bu müddətdə yeni konstitusiya qəbul ediləcək, 2015-ci ildə yeni parlament, prezident və bələdiyyə seçkilərinin keçiriləcək.

Yəni keçid dövrünü artıq uğurla başa vurub, sabit inkişaf edən Azərbaycan yenidən keçid dövrünə qaytarılacaq. İki ilə 3 vacib növbədənkənar seçki keçirən dövlətin iqtisadiyyatında nələrin baş verəcəyi ayrı bir sualdır. Bundan başqa, ölkənin siyasi sisteminin demək olar ki, tamamilə dəyişdirilməsi nəzərdə tutulur. Həmin sistemin hansı nəticələr verəcəyini isə indidən hətta demək də mümkün deyil.

Beləliklə, təkcə elə bu proqramdan görünür ki, Milli Şura avantüradır. Həm də təkcə siyasi yox, daha iri miqyaslı avantüra. Bu cür anlamsız avantüranı ancaq bir cür izah etmək olar: görünür, İbrahimbəyov çaşıb, hansısa rejissora göndərəcəyi ssenarini Bakıya, Namazova göndərib. O da dəstəmaz alıb və başlayıb dekorasiyaları qurmağa. Amma belə hallar üçün yaxşı bir məsəl də var: elə etməlisən ki, qıldığın yarımçıq qalmasın.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti