`Məmurların `Azadlığ`a pul verməsi yalandır` - Siyavuş Novruzov
Bu fikirləri AzVision.az-a millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Partiya funksioneri hesab edir ki, bu haqda söylənənlər böhtandır: “Bu, siyahıda adları çəkilən şəxslərə atılan şərdir ki, guya onlar pul verib, `Azadlıq` qəzetindən hansısa bir yazını çıxartdırıblar. Guya, Qənimət Zahid orada nəyisə yazsa nə olacaq, yazmasa nə olacaq? Onun deməyi ilə həmin adamı işdən çıxardacaqlar, yoxsa işə qoyacaqlar? Bunların hamısı quramadır”.
YAP funksioneri xatırladıb ki, yazıda adı Qənimət Zahidə pul şəxs kimi göstərilənlərdən biri də Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir: “Guya o, Qənimət Zahidə pul verib, hansısa yazını “Azadlıq” qəzetindən çıxartdırıb. Bu şəxs 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiya həyatında çox aktiv, mühüm rol oynayan insanlardandır. “Azadlıq” qəzetində onun haqqında kifayət qədər təhqiredici, tənqidedici, aşağılayıcı yazılar gedib. Əgər Abdin Fərzəliyev “Azadlıq” qəzetinə vəsait ayırsaydı, niyə onun əleyhinə onlarla material gedirdi ki?”
Elvin Abdulqədirov
AzVision.az