Tanınmışlardan kimlər deputat olmaq istəyir? - SORĞU
Azvision.az bu suala cavab tapmaq üçün bir neçə tanınmış şəxs arasında sorğu keçirib.
Xalq artisti Bilal Əliyev bildirib ki, o, Azərbaycanı bir ömür boyu öz sənəti, səsi ilə təmsil etmək istəyir: "Sənətimin məsuliyyəti millət vəkilliyindən az deyil. Əsl sənətkar, dövlətin, xalqın musiqiçisidirsə, elə millət vəkilliyinə bərabər bir işdir. Ona görə də mən bu səsimlə, gözəl istedadımla, savadımla xalqıma xidmət edirəm və edəcəyəm”.
Xalq artisti, müğənni Faiq ağayev hələ namizədliklə bağlı qərar verməyə tələsmədiyini deyib: ”Proseslər o qədər təzədir ki, hələ hansısa çıxışlar etmək vaxtı deyil. Konstitutsiya Məhkəməsi məsələyə ötən gün baxıb, qərar qəbul olunub. Məncə, hələ tezdir. Vaxtından əvvəl danışmaq istəməzdim”.
Xanəndə Canəli Əkbərov deputat mandatına ehtiyac duymadığını söyləyib: "Xeyr, deputat olmaq istəməzdim. Başımı aşağı salıb işimi görürəm, ehtiyacım yoxdur. Yaxşı adamlar, ağıllı və xalqın qədrini bilən insanlar orada təmsil olunmaq istəsələr daha yaxşı olar”.
Xalq yazıçısı Çingiz Abdullayev parlament seçkilərində iştirak etmək niyyətində olmadığını deyib: "Millət vəkili olmaq istəməzdim. Belə bir istəyim yoxdur. Mənim öz işlərim var”.
Xalq artisti Afaq Bəşirqızı da deputat olmaq barədə fikirləşmədiyini qeyd edib: “Hələlik bu barədə fikirləşmirəm. Hazırda yeni layihələrim var. Başım onlara qarışıqdır”.
Şahanə Rəhimli
Azvision.az