“Azad olunmuş kəndlər Cocuq Mərcanlı kimi bərpa ediləcək” - Cəbrayılın deputatı
Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsinin olduğunu deyən deputat Cəbrayılın ölkə iqtisadiyyatına ciddi töhfələr verəcəyini söyləyib: “İşğaldan azad olunmuş ərazilərdə qaçqın və məcburi köçkünlər üçün inşa edilən evlərə, qurulan yeni infrastruktura baxdıqda görərik ki, ölkəmiz bu sahədə yaxşı hazırlıqlıdır. İnanıram ki, tez bir zamanda Cəbrayılın digər ərazilərində bu kimi işlər həyata keçiriləcək. Bu gün Cəbrayılın işğaldan azad olunması yalnız hər bir cəbrayıllını deyil, qarabağlıları, bütün ölkə vətəndaşlarını sevindirir. Həqiqətən hər kəsin üzündə sevinc, fəxarət hissi görünür, insanlarımız bu uğurumuzu bayram kimi qeyd edirlər. Çünki 30 ilə yaxın bir həsrətə son qoyulub.
Uzun illər keçsə də, xalqın ürəyi o bölgə ilə döyünürdü. Uşaqdan-böyüyə hər kəs səbrsizliklə öz rayonunun işğaldan azad olunacağı günü gözləyirdi. Cəbrayıl həqiqətən də mühüm əhəmiyyətə malik bir ərazidə yerləşir. Bura tarixi abidələrlə zəngindir. Rayonda Azərbaycan tarixində xüsusi yeri olan Xudafərin körpüsü, qalalarımız, türbələrimiz var. Cəbrayıl həm dağ, həm də dağətəyi bölgədə yerləşir və çox münbit torpaqlara malikdir. Buranın zəngin su ehtiyatları və təbii sərvətləri var. Həmin torpaqlarda kənd təsərrüfatı zamanında yaxşı inkişaf etmişdi. Naxçıvana, eləcə də Zəngilan, Qubadlı, Laçına gedən əsas avtomobil və dəmir yolu bu rayondan keçirdi. Bu baxımdan Cəbrayıl bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, nəinki Cəbrayıl, bütün rayonların işğaldan azad olunması ölkənin iqtisadiyatına öz töhfəsini verəcək”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Cəbrayıl