Pelosi Ermənistana "yiyə durub", Azərbaycana diş qıcadı

      Pelosi Ermənistana "yiyə durub", Azərbaycana diş qıcadı
  18 Sentyabr 2022    Oxunub:1838
“Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı hücum olub. ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə etdiyi qanlı hücumları qətiyyətlə pisləyirik”. Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda Ermənistan Parlamentinin sədri Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ hücumun Azərbaycandan tərəfdən olduğunu təsdiqləyib. Konqres artıq Azərbaycanın təcavüzünü pisləyən qətnamə hazırlayıb. “Biz Ermənistana kömək etməyə və onun sərhədlərinin dəyişdirilməsinə qarşı çıxmağa davam edəcəyik. Qərarı Ermənistan verir, əgər Ermənistan istəyərsə, biz kömək etməyə hazırıq ”,- Pelosi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistan üçün nələr edə, müdafiə sahəsində əməkdaşlığı necə qura biləcəyini öyrənmək üçün İrəvana gəlib.

“Azərbaycanın Dağlıq Qarabağın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi diqqət mərkəzindədir. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını təkid etməyə davam edir, biz münaqişənin sülh yolu ilə, siyasi və davamlı həllində israrlıyıq”,- o vurğulayıb.

Alen Simonyan qeyd edib ki Pelosinin Ermənistana səfəri onlar üçün son dərəcə əhəmiyyətlidir: “Azərbaycanın hərbi-siyasi rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada baş verənlərə yönəlməsindən istifadə edir. Biz ABŞ-ın sentyabrın 14-də atəşkəs razılaşmasının əldə olunmasında göstərdiyi səylərə görə minnətdarıq. Həmçinin hökumət nümayəndələrinə, xüsusən də çoxsaylı konqresmenlərə Azərbaycanın hərbi hərəkətlərinə biganə qalmadıqlarına görə təşəkkür edirik”.

Alen Simonyan deyib ki, ABŞ-ın istənilən köməyi Ermənistan üçün həyati əhəmiyyət kəsb edir: “ABŞ Konqresi dəfələrlə sübut etdi ki, etibarlı tərəfdaş və qarşılıqlı anlaşma, əsl dostluq mühitində Ermənistan, "Artsax" və erməni xalqı ilə bağlı çoxsaylı məsələləri müzakirə edə biləcəyimiz vacib platformadır”.

O, həmçinnin jurnalistlərə müraciətlə “dəhliz” sözünü işlətməmələrini istəyərək deyib ki, “bir dəhliz var, o da Laçın dəhlizidir”.

S.Həsənova
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Pelosi  



Xəbər lenti