Maddi imkanı zəiflər fitrə zəkatını necə verə bilərlər? - ŞƏRTLƏR

Maddi imkanı zəiflər fitrə zəkatını necə verə bilərlər? -  ŞƏRTLƏR
  17 Aprel 2023    Oxunub:2772
"Oruc tutmaq bədənin sağlamlığının zəkatıdır. Allah mənə sağlam can verib və oruc tuturam. Bədənimizi fiziki-mənəvi olaraq təmizlənmiş oluruq. Verdiyimiz fitrə zəkatı ilə biz orucun şükrünü yerinə yetirmiş oluruq".
Bunu AzVision.az -a açıqlamasında Heydər Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev deyib. O bildirib ki, Ramazan bayramında zənginlər süfrə açdığı kimi, ehtiyac sahiblərinin də o sevinci yaşaması üçün fitrə zəkatı verilməlidir.

"Maddi imkan yoxdursa, fürsətdən istifadə etmək lazım deyil. Dinimizdə az qazancı olanlar da nəzərə alınıb. Minimum buğda götürülür. Bir kiloqramı 0,80 qəpikdir və 3 kiloqram üçün 2 manat 40 qəpik edir. Fitrə zəkatını verməkdə savab, mükafat var. Maddi imkanı zəif olanlar minimumu hesablayıb zəkat çıxarmalıdır. Kimlərin imkanı yaxşıdırsa, onlar xurmanı, düyünü götürüb 3 kiloqramının pulunu hesablayıb, ona uyğun zəkat çıxara bilər. Dinimizdə də buyrulur ki, sədəqə verirsənsə, ən yaxşısını et. Məsələn, ən yaxşı xurmanın kiloqramı 20 manatdır və 3 kiloqramı 60 manat edir. O zaman imkanlı şəxs bir nəfər üçün 60 manat fitrə zəkatı çıxarır. Dinimiz çıxarılan fitrə zəkatı üçün limit qoymayıb. Ən əsası odur ki, fitrə zəkatını anlayaq, malımızın, canımızın bir zəkatı, şükrü, həmdi olduğunu düşünək, həm də ehtiyac sahiblərini sevindirmiş olaq".

R.Qarayev bildirib ki, fitrə zəkatının çıxarılma vaxtı məzhəblərə görə dəyişir: "Cəfəri məzhəbinə görə, fitrə zəkatı bayram namazından qabaq çıxarılsa, daha yaxşıdır. Əgər edilməyibsə, o zaman Zöhr namazına qədər çıxarıla bilər. Yenə qalıbsa, gün ərzində verilə bilər.

Evdə olan insanların sayına uyğun fitrə zəkatı çıxarılmalıdır. Qonaq varsa, istəyilə zəkatı özü və yaxud ev sahibi də onun verə bilər.

Burada incə məqam var ki, şəriətin hökmü olaraq fitrə zəkatını seyid olanlar seyidlərə verər. Seyid olmayan insan seyidə fitrə zəkatı verə bilməz. Bu məqam da unudulmamalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Oruc   Ramazan   Fitrə   zəkat  



Xəbər lenti