İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verdi.
Dövlət başçısı aqroparkın təməlini qoydu.
Sonra Prezident İlham Əliyev mənbəyini Şəmkirçay su anbarından götürən kanala baxdı. Bildirildi ki, uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal aqroparkın yaradılmasında mühüm rol oynayacaq. Saniyədə nəql olunan suyun təqribən 1 kubmetri aqropakda istifadə ediləcək, qalan hissəsi isə regionda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarına veriləcək.
Bundan əlavə ölkə başçısı Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev zavodu işə saldı.
İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.
Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.
Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


