Azərbaycanda `Tax Free` sistemi tətbiq ediləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AzVision.az-a bildirib ki, bununla da Azərbaycanda turizmin inkişafı məqsədilə beynəlxalq təcrübədə özünü sübut etmiş daha bir mexanizm "Tax Free" sistemi tətbiq ediləcək. Ölkəyə beynəlxalq və regional turist axını, turizm və pərakəndə ticarət sektoruna dəstək göstərilməsi, yerli istehsalın stimullaşdırılması və bu sahələrdə əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edən bu sistemin beynəlxalq təcrübədə tətbiqi təhlil edilib. Təhlil nəticəsində müəyyən olunub ki, Avropa İttifaqına üzv dövlətlər, "Böyük İyirmilik" ölkələrinin 70 faizi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvlərinin 90 faizi, region ölkələrindən isə Türkiyə və Gürcüstan "Tax Free" sistemini tətbiq edirlər. Bu sistemə görə xarici turistlərin ölkə ərazisində alınmış mallara görə ödədikləri istehlak vergiləri (Azərbaycanda əlavə dəyər vergisi) həmin mallar ölkə ərazisindən ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir ki, ƏDV üzrə büdcə daxilolmalarında müşahidə olunacaq azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət dövriyyəsi üzrə vergitutma bazasının genişlənməsi hesabına qısa müddət ərzində kompensasiya olunacaq.
Azərbaycanda manatın devalvasiyası turistlər üçün ölkəmizdə qiymətləri əvvəlkinə nisbətən daha cəlbedici edib. "Tax Free" sisteminin tətbiqi ilə qiymətlərin xarici turistlər üçün daha da azalması turizm sektoruna əlavə dəstək verəcək. "Tax Free" turizmlə bağlı olan nəqliyyat, logistika, otel, əyləncə, ərzaq, içkilər, kənd təsərrüfatı və turistlər üçün cəlbedici olacaq - xalça, suvenir və geyim əşyaları kimi istehlak malları sektorlarının stimullaşdırılması deməkdir. Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata verəcəyi töhfələr arasında alış-veriş həcmi getdikcə öz əhəmiyyətini artıracaq. Bu mənada ölkəmizdə "Tax Free"nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət edəcək.
Yeni qüvvəyə minmiş Qanun və Fərman "Tax Free" sisteminin elektronlaşdırılması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və sadələşdirilmiş prosedurların tətbiqi məqsədilə, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti birlikdə müvafiq işlər görəcəklər. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi, Vergilər Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə "Tax Free" sisteminin tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini həyata keçirəcəklər.
Qeyd edək ki, turizm sektorunda davamlı islahatlar "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində də öz əksini tapıb.
AzVision.az
Teqlər: