Sovet Bakısının `oğru həyatı` - erməni müstəntiqlər, yerli avtoritetlər...

Sovet Bakısının `oğru həyatı` - erməni müstəntiqlər, yerli avtoritetlər...
  15 Noyabr 2016    Oxunub:53256
Bəhram Çələbi
AzVision.az üçün

Dosye: Novxanılı Əliqardaş - Əliqardaş Balaqardaş oğlu 1936-cı ildə Bakının Novxanı kəndində anadan olub. İlk məhkumluğunu 18 yaşında, 1954-cü ildə oğurluq üstündə alıb. Bundan sonra daha altı dəfə dəmir barmaqlıqlar arxasına düşüb. Cəzalarını Bakıda, Rusiyada, Qazaxıstanda, Şuşadakı kiçman və zonlarda çəkib. Yaşadığı 73 illik ömrün 31-ni balanda yeyib, çifir içməklə keçirib.

TT Nərimanın xatirələrindən:

- Balaqardaş kişini çox yaxşı tanıyırdım. Mənim də bir tərəfim Novxanıdan olduğundan bu kənddə yaşayanların əksəriyyəti ilə salam-kəlamımız vardı. Hətta müharibənin qanlı-qadalı, acıq-səfalət dövründə Balaqardaş xan kimi dolanıb. O vaxtlar yenicə yaranmış kolxozun qoyun sürüləri ona tapşırılmışdı. Ailəsinin, qohum-qonşuların heç nədən korluqları yox idi.

Əliqardaşın uşaqlığı da yaxşı yadımdadır. Bir dəfə Novxanılı Əhmədlə dostuma dörd-beş toğlu almaq üçün Balaqardaşın yanına yollanmışdıq. Qazalağı dəniz sahilinə səpələnmiş sürünün yanına sürdük. Əliqardaş da iki-üç yeniyetmə ilə atasının yanında idi. Xoş-beşdən sonra Əhməd gəlişimizin məramını söylədi, beş toğlu seçməyə gəldiyimizi dedi.

- Bunlar kolxozun malıdır, qərdeşim, - Balaqardaş əlindəki çomağı qaldırıb Corat tərəfə uzatdı, - mənim qoyunlarım Məmişin sürüsündədir. Alə, Əliqədeş, oturginən əmilərlə qazalağa, apar qoyunları göstərginən, seçsinlər.

On–on beş dəqiqə yol getdik Əliqardaşla. Bir an sakit dayanmadı. Civə kimi hərəkətli, bülbül kimi dilavər idi. Biz sürüyə çathaçatda oradan yan tərfində göy zolağı olan “M-1” maşın aralandı. Məmişin sürüsündən qoyunları da Əliqardaş özü seçirdi bizimçün. Məmiş kişi lap sinirli, dilxor görünürdü. Novxanılı Əhmədi görəndə eyni bir balaca açılsa da, dodaqaltı kiminsə ünvanına yağlı söyüşlər gillədirdi.

- Ay Məmiş, qanun nöş belə qaradu? – soruşdum.
- Alə, bu erməni gorbagor polkovnik Nazaryansın əlindən lap təngə gəlmişəm, - Məmiş qəlyanını tənbəki ilə doldura-doldura dilləndi, - həftə səkkiz, mən doqquz adamları gəlirlər ki, qonağımız var, bir-iki qoç verginən. Yalnız Hüseyn Cavadov zakaz göndərəndə qoyunların haqqını da çatdırır. Birisi var, Beluqadır, Buluqadır nədir, famili dilimə də yatmır, sifariş göndərib ki, iki toğlu verməliyəm. Canavar sürüyə girişən təki soxulublar canımıza. Təkcə bu ayda Nazaryansın adamları üç kərəm cüt-cüt qoyun aparıblar.

O vaxtlar Hüseyn Cavadov İslah Əmək Koloniyaları üzrə İdarənin rəisi vəzifəsində işləyirdi. Əslən bakılı olan Hüsenbala (zeklər onu belə adlandırırdılar) kişi xoşsifət, astagəl, iri gövdəli bir adam idi. – Davam edir TT Nəriman,- Altmışıncı illərin əvvəllərində Oktyabr rayonun Milis İdarəsində işləyən Gevorkyan məni nahaqdan həbs etmişdi və anamla görüşümə icazə vermirdi. Yazıq arvad birtəhər özünü Hüsenbalanın qəbuluna yazdırır, görüşür və onun köməyi ilə mənə vəkil tutur. Residivist kimi tutulduğumdan, Gevorkyan ən azı belimə “çervon” yükləmək niyyətində idi. Vəkilin sayəsində iki illə canımı qurtardım.



Bulıqanı da yaxşı tanıyırdım, Mir Cəfərin “sağ əli ” sayılırdı. Çox qansız, ermənipərəst, şorgöz adamdı. Azərbaycanlıları görən gözü yox idi. 53-cü ildə bir ölüm hadisəsinə görə bütün zakonnikləri tutub içəri basmışdılar. Xod gedən oğrularla, residivistlərlə həmin dövrdə nazir vəzifəsində çalışan Bulıqa özü də beş-on dəqiqə dopros aparırdı. Məndən nə soruşdusa, cavabım “görməmişəm”, “eşitməmişəm”, “bilmirəm” oldu. Kabinetindən məni çıxaran Gevorkyanın vertuxayları birbaşa pres-xataya gətirdilər. Elə bir işgəncəyə məruz qaldım ki, bir ay xayalarımın ağrısından yeriyə bilmədim. Sonsuzluğumun səbəbi bəlkə də elə həmin işgəncələrdir. O vaxtlar Bağırov xofu hamını qorxaqlaşdırmışdı. Demokl qılıncı kimi camaatın boynu yaxınlığında dayanan Mir Cəfər adlı vahimə hamını zəlil günə qoymuşdu. Yüzlərlə, minlərlə adam qul kimi işləyir, müftə yeyənlər, şişkalar isə radioda, qəzetlərdə onun ədalət və müdrikliyindən danışırdılar. Ağzını açıb haqq sözü deyənləri qazamata, zonlara, Sibir gedər-gəlməzinə göndərirdilər.

Məmiş kişi içində kükrəyən nifrətini boğub, gücünü söyüşə vermişdi. Əhməd qoyunları Dağlı Musanın rəhmətə getmiş yaxın qohumunun yas mərasimi üçün alırdı. Məmişn haqqını ödəyəndən sonra daha iki yüz manat ayırıb onun ovcuna basmaq istəsə də, çoban qəti olaraq puldan imtina elədi. Qoyunları qazalağa qoyub geri qayıdanda hiss elədim ki, Əhməd narahatdır. Mənə elə gəldi ki, dostum qırmızıpapaqlıların üstümüzü alacaqlarından, yersiz sorğu-sualdan çəkindiyinə görə yerində qurcalanır.

- Görürsən, Nəriman?
- Nəyi?
- Kənd camaatının Mir Cəfər xofunu, - Əhməd yüyəni silkələyərək hürkmüş atı sakitləşdirməyə çalışan sürücüyə fikir vermədən ucadan dilləndi. – Miri tutduğu divanıyla, vahiməsiylə təkcə zəka sahiblərini, düzgün ponyatkalı dövlət adamlarını deyil, hətta çobanı, fəhləni, göyərti satanı da qul həddinə salıb. Kimsə baş alıb gedən rəzalətə, haqsızlığa, yalana “yox” deyə bilmir. Uşağına bir parça çörək tapmaq naminə şahın qarşısında çənəsini sinəsinə dirəmiş nökər kimi itaətdə dayanmağı üstün tutur. Məslək, əqidə, ləyaqət deyilən hər şeyə tüpürüblər.



Bayaqdan yerində dincildəyən, qazalaq sürətini artıranda gülümsəyən Əliqardaş qızğınlıqla danışan Əhmədə gözlərini zilləyərək sakitcə oturmuşdu. Əhməd bayaq Məmişə vermək istədiyi yüzlükləri çıxarıb yeniyetməyə sarı uzatdı. Əliqardaş pişik cəldliyi ilə pulları qamarlayıb köynəyinin döş cibinə dürtdü.

- Pulları atova çatdırarsan, cavan oğlan, - Əhməd səmimiyyət dolu təbəssümlə onun saçlarını sığalladı. – Sənin zəhmət haqqını da verəcəm, - cibindən çıxardığı əskinas dəstəsindən bir çervon ayırıb ona uzatdı, - adun nədü, balası?
- Əliqərdəşdü adım, on beş yaşım var...
- Zirək oğlansan, Həzər Maşallah! Allah bəd nəzərdən qorusun səni!..

...Dərdsiz, qayğısız böyüyən Əliqardaş şənlənməyi, hərdənbir tay-tuşları ilə vertuşka (kart oyunu) dövrəsinə oturmağı, ayda bir neçə dəfə Bakıda blatnoy oğlanların məskəni olan “Spartak” kinoteatrında filmlərə baxmağı xoşlardı. Xərcləmək üçün pulu ona anası, yaxud da əmisi Seyfəli verərdi. Ən çox xoşu gəldiyi cayıl – Məşədi Səfər oğlu Cavanşir, yaxınlıq etdiyi isə Şipaç Lətif kimi tanınan şofer idi. Cavanşir nə qədər sanballı, ciddi lotu idisə, Lətif də bir o qədər zarafatcıl, deyib-gülən, lətifəbaz, yeyib-içən oğlan idi. Hər ikisi Əliqardaşdan on-on iki yaş böyük olsalar da, ünsiyyətləri, söhbətləri tuturdu. Onlarla da Novxanıda, qoyun sürülərinin yanında tanış olmuşdu Əliqardaş. Blatnoy dəstə üzvlərinə, Yasamalda “dincələn”, Sumqayıtda şəhər salan zeklərə qoyun lazım olanda Şipaç Lətif maşınını sürərdi Məmişin yanına.

Daha sonra Əliqardaşın həyatında Pəncəlioğlu Cabir, Göygöz Sabir, Çolaq Böyükağa, Korzubıy Vaqıf, Razboynik (“Kutuzov”) Çingiz, Bəxtiyar, Rudik-Vaçikos qardaşları, NZS Ağa, Masazırlı Ağakərim, Masazırlı Dilavər, Mir Seymur, kimi oğrularla tanışlıq mühüm əhəmiyyət kəsb etmişdi.

* * *

2001-ci ildə Əliqardaşın 65 yaşını qeyd edən qonaqlar arasında mənimlə TT Nəriman da vardı. Biz gələndə qoyunu hələ təzəcə kəsirdilər. Bir-birinin oduna yandırdığı “Rodopi”ni ləzzətlə sümürə-sümürə danışırdı Əliqardaş:

- Mənim ən çox xoşum gələn şey o vaxtlar təkəmseyrək görünən maşınlar idi. Şipaç Lətifin polutorkasına əyləşib Novxanıdan Corata qədər gedər, yarı yolda dilimə basaraq Lətifin saqqızını oğurlamaqla sükan arxasına keçərdim. Müharıbədən sonra salınan Sumqayıtda çoxlu sayda sabiq məhbuslar işləyirdi. Ucsuz-bucaqsız səhranı xatırladan çöllükdə iri zavodlar, fabriklər, yaşayış kottejləri, baraka bənzəri daha çox olan xüsusi evlər tikilirdi. Hər tikilinin qarşısında isə qırmızı parçaların üzərində iri ağ hərflərlə “Kommunizmə doğru irəli!”, “Sumqayıt gəncliyin, gələcəyin şəhəridir!”, “SSRİ sülhün dayağıdır!” və sair şüarlar yazılırdı. Tikintilərdə hündür dirəklərə bərkidilmiş radiolar gurlayır, hər bir saatdan xəbərlər səslənirdi: hər sözün məğzində itaətkarlıq, yaltaqlıq, tərifnamələr səslənirdi... Hər cümlənin əvvəli və sonu - “El atası”, “dahi”, “ölməz Leninin işlərinin davamçısı” - Stalin idi. Xalqın rifahının günü-gündən yüksəldiyini söyləyən diktorların qazancı söyüş, qarğış olurdu. Toz-torpağın içində eşələnən sabiq zekləri bir şey maraqlandırırdı: Görəsən, partiya rəhbərləri yeni amnistiya qərarı da veriblərmi?



Şipaç Lətif demək olar ki, hər gün bir neçə qoyun almaq üçün Məmişin yanına gəlirdi. Günlərin birində çoban satdığı üç toğlunun pulunu cibinə qoyarkən özünü saxlaya bilməyib soruşdu:
- Ay Lətif, bu məhbuslara nə qədər avans-poluçka verirlər ki, hər gün kabab-qovurma yeyirlər?
- Qədeş, kabab kasıbfəndüdü, - Şipaç mənə göz vurub davamını gətirdi, - ətdən savayı bir-iki buxanka çörək, bir ovuc duz bəs eliyir ki, zek doyunca xarçevat eləsin, yaxşıca da vursun. Plov üçün düyü, ət, albuxara, kişmiş, soğan, zəfəran... – gözlərini qıyıb bir qədər fikirləşdikdən sonra əlavə etdi, - qazan lazımdır. Dustaq azadlığa çıxanda iki şey arzulayır, axtarır... Bunlardan birincisi ətdir... Zeklərin eləsi var ki, oturduğu on il, on beş ildə ətə həsrət qalıb.
- Bəs ikincisi?
- İkincisi isə dünyanı gözəlləşdirən qadındır, bratuxa. İndi onlar dünyanın xöşbəxtləridir. Kefləri istədiyi qədər meronosları, sarıtüklüləri, buxaradərililərı var...
- Doluyursan məni, qədeş?
- Dolamaq nöşün, alə... - Lətif məni göstərib güldü, Əlişka bu işdən halidir... Partiyamız oraya yalnız zekləri deyil, zeçkaları da, üstəlik ittifaqın hər yerindən özlərinə güclü cinsdən naparnik axtaran cavan komsomolkaları da etap eliyib. Fısqırıqdır orada! Axşamacan cəhənnəm əzabını xatırladan “rabota”, qaş qaralandan səhərəcən “tancı-mansı-objimansı”, musiqi, gülüş sədaları, haray-qışqırıq, “qorko-qorko” tostları, sevgi-məhəbbət... İstəyirsən, sabah şmotkovu dəyişginən, aparım səni “Ozer”ə... Xoşundu merenoska – yəni rus, belorus, latışka, xoxluşka ilə tanış eliyim səni... Gər bəgənməsön, Məşədi İbad demişkən, qıvrım saçlı armyaşka, uzbeçka, udmurtka, kazaçka ilə vals fırladarsan. Əlişka dəfələrlə belə tansavalnıy veçerlərdə gecəni sübhə çevirib. Məmiş, qaqaş, götür-qoy eliyib razılıq verəsi olsan, sürüdən bir əmlik quzu ayırginən, qalanı mənlikdir...

Əliqardaş dəfələrlə Bakıdakı məhbəs düşərgələrində olmuşdu və xüsusi nostalji ilə danışırdı.

- Sovetskidən azacıq yuxarıda, Yasamal təpəciklərindən azacıq aşağıda, indi Akademiyanın məhtəşəm binasının ucaldığı yerdə dustaqlar üçün baraklar tikilmişdi. Burada srok sarıyan zeklər Hökumət evinin, Akademiyanın binasını, radiozavod kompleksini, Stalin adına stadionu və sair böyük tikinti obyektlərini inşa edirdilər. Bakının bütün kəndlərindən buraya “qrev” - ərzaq, xörək, paltar gətirirdilər. İndi “Politexnik” adlandırılan institutun yerində o vaxtlar dustaqların ərzaq anbarı vardı. Bura ət, balıq, göy-göyərti, təndir çörəkləri, süzmə-pendir gətirərdilər. Mən də iki dəfə oraya iki blok “Pamir” siqareti, bir bağlama “Zaqatala tütünü” qrev aparmışdım.

Əliqardaş yeni bir “Radopi” odlayaraq davamını gətirdi:

- 53-cü il amnistiyasından sonra hay-haray daha da artdı, oğurluq, cibgirlik üstündə tutulanlar dəstə-dəstə öz ocaqlarına dönürdülər. Şalban dirəklərdən asılan radio səhərdən gecə yarısınadək Nikita Sergeyeviç Xruşşovu tərifləyir, Voroşilov, Malenkov, Budyonnın adları gün ərzində dəfələrlə çəkilir, onların sovet xalqlarının işıqlı gələcəyi üçün etdikləri qəhrəmanlıqlardan söhbətlər açılırdı. Məhbəs yerlərindən buraxılanların ailələrində sevinc, çaxnaşma, məclis tədarükü yaşanmaqda idi.



Balaqardaş kişi də hər gün bir qoyun kəsir, səkkiz yerə bölür, bir hissəni özlərinə götürür, qalan yeddisini paylayırdı. Belə günlərin birində qardaşı Seyfəli ailəsini yığıb onlara qonaq gəlmişdi. Balaqardaş kəsdiyi qoyunu parçalayır, Əliqardaş və iki dostu kötüyün yanındakı iç-içalatı, baş-ayaqları torbaya yığırdılar.

- Bir saat əvvəl Qotur Sabir də evlərinə gəldi, - Seyfəli müqəddiməsiz – filansız xəbər verdi, qardaşının tərs-tərs ona baxdığını görcək mövzunu dəyişdi. – Sabah Sumqayıtda Həsənağanın əkiz oğlanlarının sünnət toyudur, sən də dəvətlisən.

- Ay rəhmətliyin nəvəsi, o boydana sürünü başlı-başına buraxıb toya, hüzürə gedə bilirəm bəyəm? İki kərəm Əliyə tapşırıb yas məclisinə getmişəm, qayıdanda eşitmişəm ki, Qardaş curları ilə bahəm maşına doluşub şəhərə yollanıblar.

Əliqardaş başqa torba götürüb ürək-ciyəri, ətin qələmə hissəsini və yekə bir quyruq parçasını xəlvətcə oraya qoydu. Bu pay-püşü Əliqardaş atasının zindeyi-zəhləsi getdiyi Qotur Sabirgilə (hörmət xatirinə ad dəyişdirilib) aparacqdı. Dədəsi tərs-tərs on baxsa da bir söz demədi. Əliqardaş ət bükülüsünü götürüb bir qədər kənara çəkilərək əmisinə göz-qaş eləməyə, barmaqlarını bir-birinə sürtməyə başladı. Seyfəli cibindən çıxardığı iki çervonu xəlvətcə Əliyə ötürdü.

Qotur Sabir iki il bundan əqdəm Balaqardaşın kolxoz sürüsündən dörd qoyun oğurlayaraq Kömürçü bazarında satmağa aparanda Kubinkada tutulmuşdu. Qoyunu aparanlar üç nəfər olsalar da, Qotur istintaqda oğurluğu təkbaşına törətdiyini israr etməklə podelniklərini ələ verməmişdi. Məhkəmə kəndin klubunda aparıldığından, Əliqardaş da zalda oturaraq prosesin gedişini izləmişdi. Istintaqın getdiyi iki ay müddətində Sabir kişi yarımcan vəziyyətə düşmüşdü. Danışanda kəkələyir, hər cümləsinin sonunda sinəsini tutub uzun-uzadı xırıltılı səslə öskürürdü. Proses zamanı konvoylar yazığı iki dəfə subaşına apardılar. Zalda əyləşənlər qırmızı poqonluların Qoturu möhkəm döydüklərini, böyrəklərini saldıqlarını danışırdılar. Onu da söyləyirdilər ki, Sabir podelniklərinin adlarını demədiyinə görə, Qorotdeldəki müstəntiq Abramyan onun dilindən yapışaraq kökündən qoparmaq istəyirmiş. Məhkəmə ona dörd il yarım cəza oxudu. Az sonra kəndə səs yayıldı ki, Qoturu Sibirin Maqadan vilayətinə yatab göndəriblər.

Sabirin qırxdan da çox sinni olsa da, hələ ailə qurmamışdı. Bundan əvvəl də iki dəfə qazamat həyatı yaşayan Qoturun xəstəhal anasından savayı kimsəsi yox idi. Novxanı camaatı dustaq ailələrinə əl tutan, kömək eləyəndir. Həmin gecə də onun komasına beş-on nəfər yığışıb özlərinin təşkil etdikləri təamla “azadlığın mübarək” məclisi qurmuşdular. Əliqardaş da iki dostu –Atakişi və Cəlillə bir tərəfdə oturaraq qulaq asır, Qoturun uzaq Sibirdə başına gələn müsibətlərdən dəhşətə gəlirdilər.

(Ardı var)


Teqlər:  





Xəbər lenti