Qoca, amma vacib indeks: Dou-Cons

Qoca, amma vacib indeks: Dou-Cons
  17 Avqust 2013    Oxunub:3377
Dou-Cons indeksinin adını hamı eşidib. Hər gün onun səviyyəsi barədə məlumatlarla rastlaşırıq. Bəs bu, nə indeksidir və onu bilmək nə üçün lazımdır?
ABŞ-ın Dou-Cons (Dow Jones) indeksi dünyada ən qədim və ən məşhur birja indeksidir. 1884-cü ildə Çarlz Dou Amerika Fond bazarının vəziyyətini müəyyənləşdirmək üçün bu indeksi təklif edib. Həmin illərdə fond bazarı çoxsaylı spekulyasiyalar üzündən son dərəcə etibarsız idi. Dou 11 səhmin orta günlük bağlanış qiymətlərini hesablamaqla Fond Birjasının ümumi vəziyyətini müəyyənləşdirir. Bu şirkətlərdən 9-u dəmiryolu, 2-si isə sənaye şirkətləri idi.
1896-cı ildə indeks ictimaiyyətə açıqlanır və o vaxtdan da “Dou-Cons” adıyla birja ticarətinin ayrılmaz hissəsinə çevrilir.

Müsair Dou-Cons indeksi 65 şirkətin səhmlərini əhatə edir. Bu şirkətlərin siyahısı onların bazarda tutduqları mövqedən asılı olaraq, dəyişə bilər. Onlar Nyu-York Fond Birjasındakı səhmlərin ümumi dəyərinin 20 faizini əhatə edirlər. İndeksin özü də hazırda bir neçə alt indeksə bölünür.

Dou-Cons indeksinin hesablanma metodu indiyə qədər demək olar ki, ciddi dəyişikliyə uğramayıb. Lakin onun tərkibinə daxil olan aksiyalar dəfələrlə dəyişiblər. Həmin şirkətlərdən yalnız “General Electric” öz dayanıqlığı ilə öyünə bilər, qalanları isə gah indeksin əhatə dairəsinə düşüb, gah da çıxıblar.
Uzun müddət yeni şirkətlərin səhmləri Dow Jones-a daxil edilmirdi. Lakin bu baş verəndən sonra, indikatorun dəqiqliyi bir qədər də artdı və o, fond bazarındakı real qüvvələr nisbətini daha yaxşı göstərməyə başladı.

The Dow Jones Industrial Average (DJIA) – Dou-Consun sənaye şirkətlərini əhatə edən indeksidir. O, 30 ən böyük sənaye şirkətinin səhmlərini ehtiva edir. Düzdür, ora daxil olan şirkətlərin bəziləri heç də sənaye şirkətləri deyillər, amma buna baxmayaraq, indeksin tarixi adı saxlanılır.

Həmin şirkətlərin hamısı beynəlxalq miqyaslı olduğundan və müxtəlif ölkələrin ərazisində fəaliyyət göstərdiklərindən, DJIA indeksi məhz Amerika iqtisadiyyatında nəyin baş verdiyini tutaq ki, “S&P-500” indeksi kimi dəqiq göstərə bilmir. Bəzən hətta iş o yerə çatır ki, DJIA və S&P-500 indekslərinin müxtəlif istiqamətlərə hərəkət etmələri müşahidə olunur. Bu durum investorları çaşdıra bilər. Buna baxmayaraq, minlərlə investisiya fondu öz investisiya portfellərini formalaşdırarkən DJİA indeksini mütləq nəzərə alırlar. Bu indeks ora daxil olan şirkətlərin səhmlərinin qiymətlərinin cəminin müəyyən əmsala bölünməsi yolu ilə hesablanır.

The Dow Jones Transportation Average (DJTA) – Dou-Consun nəqliyyat indeksidir. Bu indeks 20 böyük nəqliyyat şirkətinin səhmlərinin ümumi vəziyyətini göstərir. Onların siyahısına əsasən dəniz daşınmaları, dəmir yolları və aviasiya şirkətləri daxildir.

The Dow Jones Utility Average (DJUA) – Dou-Consun kommunal indeksidir. Bu indeks qaz və elektrik təchizatı ilə məşğul olan 15 şirkətin səhmlərinin hərəkətindən xəbər verir. Onların sırasına “American Electric Power”, “Duke Energy Corp.”, “Edison International” və digərləri daxildir.

Dow Jones Composite Average (DJCA) – Dou-Consun məcmu indeksi daha informativ sayılır. Bu, əvvəlki indeksləri nəzərə almadan hesablanır və Amerikada təsərrüfatın ümumi vəziyyətini, ölkənin işgüzar dairələrinin siyasi və iqtisadi hadisələrə yanaşmasını əks etdirir.

Dou Cons indeksi hər gün "Dow Jones & Company" tərəfindən hesablanır və dərc olunur. Səhmlərin orta indeksindən başqa, "Dow Jones & Company" 20 obliqasiyanın orta indeksini də hesablayır.

Dou Cons indeksinin digərlərindən (S&P 500, NYSE Index , AMEX Index, NASDAQ Index) əsas üstünlüyü zamanın sınağından çıxması, aktuallığını və özünə olan təlabatı qoruyub saxlamasıdır. Səhmləri bu indeksin hesablanmasına daxil olan şirkətlər güvənli və sabit hesab olunurlar. Fəqət Amerika iqtisadiyyatının inkişaf etməsi və genişlənməsi fonunda Dou-Cons indeksi bazardakı real vəziyyəti əvvəlki dəqiqliklə əks etdirə bilmir. Amerikada on minlərlə səhmdar cəmiyyəti var və onların yalnız 30 ən böyüyünün vəziyyəti ümumi reallığı dəqiq etdirə bilməz. Buna baxmayaraq, Dou-Cons indeksi əsl klassikadır. Klassika isə, bildiyimiz kimi, həmişə aktual olur.

(inforex.az)


Teqlər:





Xəbər lenti