Dubayda `ASAN xidmət`dən danışıldı

  13 Fevral 2017    Oxunub : 1448
Dubayda `ASAN xidmət`dən danışıldı
Birləşmiş Ərəb Əmirliklərində V Dünya Hökumətlər Sammiti (World Government Summit) keçirilir.
Toplantıda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və bu qurumun aparat rəhbəri Azad Cəfərli təmsil edirlər. Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov və Dubay Əmirliyindəki Baş konsulu Pərviz İsmayılzadə də iştirak edirlər.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitdə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər iştirak edirlər.

Sosial innovasiyalar sahəsində yeniliklər Sammitin əsas müzakirə mövzularından biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət”in beynəlxalq fəaliyyətindən, yeni tətbiq olunan layihələrdən, o cümlədən “ASAN viza” layihəsi və digər perspektivlərdən ətraflı danışıb. Qeyd edilib ki, Azərbaycan brendi sayılan “ASAN xidmət” konsepsiyasına beynəlxalq ictimaiyyətdə xüsusi maraq var.

Sammitdə Azərbaycanı təmsil edən nümayəndə heyəti İndoneziyanın administrativ islahatlar naziri Asman Abnur, həmçinin afrikalı, monteneqrolu və keniyalı rəsmilərlə görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. “ASAN xidmət”in rəsmisi Ülvi Mehdiyev Azərbaycan brendinin 5 illik fəaliyyəti barədə danışıb, mərkəzin operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kreativ yanaşmanın formalaşdırılmasına xidmət etdiyini bildirib. Vurğulanıb ki, “ASAN xidmət”in qısa zamanda brendə çevrilməsi və Azərbaycandakı uğurları beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.(AzerTac)

AzVision.az

Teqlər: