Müəllim psixologiyası necə olmalıdır?

Müəllim psixologiyası necə olmalıdır?
  12 May 2017    Oxunub:19810
Jalə Mütəllimova

Müəllim! Ağlımız kəsib, nəsə anlayandan bəri ən müqəddəs sayılan söz və peşələrdən biri kimi tanıdılıb bizə. Niyəsini soruşsanız, bizi dünyaya gətirən qadının ANA olduğunu da, dövlətini də, millətini də, soyunu da, dilini də insana tanıdan adam məhz müəllimdir.
Uşaq yaddaşımızda ilişib qalan xatirələr var. Evdə özümüzü pis aparanda “müəllim kamerasından baxıb görür haa...” deyə qorxudublar bizi. Bir də münasibətlərdə o qədər pərdə olub ki, düşünmüşük, müəllim yemək yemir, çay nədir, heç su da içmir. Allah onu elə yaradıb ki, ancaq dərs deyir, adamları savadlandırır, vəssalam! Yəni müəllim həmişə şəhərin, rayonun, kəndin nüfuzlu, sözükeçən adamlarından olub. İçəri müəllim girdimi, nəinki uşaqlar, ictimai yerdirsə, elə böyüklər də ayağa qalxıb ikiəlli görüşüb müəllimlə...

İllər keçib, zaman dəyişib indi. Bu cür müəllim-valideyn, müəllim-şagird və müəllim-cəmiyyət münasibətlərində elə uçurum yaranıb ki, adam illər öncəki bizlə bugünkü biz arasındakı fərqə heyrətlə baxır. Bu da mübahisəli məsələdir ki, müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.. Hələlik bir cavab vermək olmur.

Amma real mənzərə bu ki, uduzan tərəf müəllimdir. Bu gün Azərbaycan mətbuatında demək olar ki, bütün xarakterli informasiyalarda müəllimlərin də adı hallanır. Bu işin siyasi tərəfləri söhbətin mövzusu deyil. İctimai tərəfinə gəlincə, müəllimi nüfuzdan salam məqamlar həddən artıq çoxdur. Bəzi hallarda isə obyektiv yanaşmalar mövcud deyil. Ən acınacaqlısı isə odur ki, müəllim olduğuna, tabe olduğu rəsmi qurumların üstündən keçə bilmədiyinə görə özünü mənəvi hücumlardan müdafiə eləmək imkanı olmur müəllimin. Təbii ki, haqlı olduğu məqamlardan söhbət gedir. Bəzən az qalırsan düşünəsən ki, yəqin ölkədə, ümumiyyətlə, dərs deməyi bacaran pedaqoqların qıtlığı var.

Əslində, situasiya tam fərqlidir. Ölkədə dərs demək, hər şeyi yüksək səviyyədə yerinə yetirmək qabiliyyəti olan yüzlərlə müəllim var. O üzdən hamı haqda eyni sözü deyib, birinin günahı üzündən onunu fəda eləmək ədalətsiz və ya qərəzli yanaşmadır. Belə hallar təbii olaraq müəllimlərin psixoloji durumuna da mənfi təsir göstərir. Hansı ki, bu gün Təhsil Nazirliyi başda olmaqla digər aidiyyəti qurumlar da bu istiqamətdə ciddi iş aparır. Çünki psixoloji durumu yerində olmayan müəllim ən müxtəlif xarakterli uşaqlarla davrana bilməz...

Psixologiyası qüsurlu olan müəllim hətta savadlı olsa belə, bildiyini öyrədə bilməz...

Psixoloji qüsurlu müəllim uşaqlara obyektivlik, ədalətli yanaşma, vicdanlı davranma kimi keyfiyyətləri aşılaya bilməz...

Psixoloji problemli müəllim istənilən hadisəyə aqressiv yanaşan adamdır...

O üzdən müəllimlərin daha peşəkar olub özlərini psixoloji pressinqdən uzaq tutmağı bacarmaları da vacib şərtdir.

Bəs peşəkar müəllim necə olmalıdır? O, hər şeydən əvvəl gördüyü işdən zövq almalıdır. Müəllim şəxsi əhvalından asılı olmayaraq təkcə bilik alma prosesinə nəzarət edən şəxs deyil, o həm də şagirdə pozitivi ötürməyi bacaran adamdır. Bu səviyyəyə çatmaq üçün insan uzun bir yol keçməlidir. Peşəkar müəllim həm də o şəxsdir ki, şagird fənni bir çox halda məhz ona görə sevir.

Peşəkarlığa gedən yolda rast gəlinən problemlərdən danışmağın əsl məqamıdır. Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə atılan ilk addımlardan biri müəllimin təlim ehtiyaclarını qiymətləndirməkdən keçir. Yəni müəllimin kadr olaraq hansı təlimə ehtiyacı olduğu müəyyənləşdirilir. Çünki müəllim tədris etdiyi fənnin müxtəlif bölmələrinin tədrisində zəif ola bilər. Bu məsələdə müəllimlər bir neçə kateqoriyaya bölünür. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun apardığı araşdırmalar göstərir ki,

- Tədris etdiyi fəndə zəif olan;
- Fənn bilikləri yerində, amma metodikası zəif, fənni çatdıra bilməyən;
- Fənn bilikləri, metodikası yerində, amma uşaqlarla işləyə bilməyən;
- Yaxşı dərs qura bilən, amma şagird nailiyyətini qiymətləndirmək problemli;
- Sinif idarəçiliyində çətinliyi olan müəllimlər var. Belə problemlərin çözülməsi istiqamətində də treninqlər, seminarlar təşkil olunur.

Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, indiyə qədər respublika üzrə təlimlərə cəlb olunan müəllimlər ehtiyac duyulan təlim paketini deyil, ümumi təlim paketini alıblar. Həm də sözügedən təkmilləşdirmə kursları beş ildən bir keçirilib. Yəni ehtiyacı olan təlim üzərində nəinki çox dayanılmayıb, o ehtiyac beş ildən bir yada salınıb.

Yuxarıda sadalanan ehtiyac kateqoriyaları müəyyənləşdirildikdən sonra müəllimlər qruplara ayrılır. Müəllimlər təlimlərə xüsusi qruplarda həm də ehtiyac kateqoriyalarına görə cəlb edilirlər. Ən vacib məqamlardan biri müəllimlər təlimlərə beş ildən bir deyil, il boyu, daha dəqiqi, peşəkarlığındakı qüsur aradan qaldırılana qədər cəlb olunacaq. Üstəlik, müəllimlərdən təlimlərdə iştirak etmək üçün mütləq mərkəzə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna gəlmək tələb olunmur. Zaman itkisinə yol verməmək və pedaqoji fəaliyyətdən uzaqlaşmamaları üçün müəllimlərə təlimləri bölgələrdə keçirlər.

İnstitut təkmilləşdirmə işlərini daha da asanlaşdırmaq üçün bir neçə pilot layihə də icra edir. Müəllimlərin İnkişaf Mərkəzi və Təhsildə İnnovativ Texnologiyalar təşkilatları 20-dən artıq rayonda təlimlər keçirib. Yeri gəlmişkən, təkmilləşdirmə layihələri əsasən müəllimləri diaqnostik qiymətləndirilmədən keçən rayonlarda icra olunur. Müəllimlər diaqnostik qiymətləndirmədə yığdıqları bala görə təkmilləşdirmə kurslarına cəlb edilirlər.

Məlumatlardan da anlaşıldığı kimi, aidiyyəti qurumlar problemlərin müəllimlərə aid olan hissəsi ilə ciddi şəkildə məşğuldurlar. Amma...

Amması budur ki, cəmiyyətdə fərdlər kimdirsə, öz əməlləri qarşılığında aldıqları reaksiyalar da adekvatdır. O üzdən MÜƏLLİM sözünün əvvəlində cinayətkar, saxtakar, savadsız, bacarıqsız, səriştəsiz kimi xoş olmayan ifadələri əlavə eləyəndə bir də güzgüdə özünə, müəllimə təhvil verdiyi övlada, başqa sözlə, “xammal”a baxmaq lazımdır. Əmin olun, ədalətli qərarı onda verə bilsəniz, geriyə hər hansı problem qalmaz...




Teqlər: #Müəllim   #Psixologiya  





Xəbər lenti