Gənc alimlərdən beynəlxalq təşkilatlara çağırış

Gənc alimlərdən beynəlxalq təşkilatlara çağırış
  06 İyul 2017    Oxunub:1379
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası Ermənistan Ordusunun Füzulinin Alxanlı kəndində azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini tank əleyhinə minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki kənd sakini - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının ağır yaralanıb:

"Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistan rejimi bütün addımlarında təkcə cəbhə xəttində olan əsgər-zabiti yox, əli silahsız, günahsız kənd sakinlərini, qoca və körpə uşaqları əsas hədəfə alıb. Onlar böyük xarici qüvvələrin köməyi ilə ərazilərimizin 20 faizini işğal etməklə, 1 milyon insanımızı qaçqına və məcburi köçkünə çevirməklə kifayətlənməyərək Azərbaycan əleyhinə düşmən mövqelərini davam etdirməkdə israrlı olduğunu hər məqamda göstərirlər. Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır.

Azərbaycan gəncliyinin intelektual potensialını özündə birləşdirən, 3 mindən artıq üzvü olan AMEA Gənc Alim və Mütəxəssislər Şurası bu cinayətkar aktı kəskin pisləməklə, ATƏT-nın Minsk Qrupu, Avropa Şurasını bir daha cinayətkar Ermənistan rejiminə qarşı qətiyyətli olmağa çağırır. Əlləri Qarabağ müharibəsində qana bulaşmış indiki Ermənistan prezidenti Serj Sarkisyan, yaxud onun sələfi Robert Koçaryan, ya da onlarla eyni əqidəni, eyni əxlaqı bölüşən komanda üzvləri dövləti bu cür bandit üsullarla idarə edib və etməkdədirlər. Ermənistan xalqını və regionu, böyük ölçüdə Avropanı və dünyanı bu terrorçu rejimdən xilas etmək üçün ən qəti addımları atmağın vaxtı keçmirmi? Biz – gənc alim və mütəxəssislər münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında günahsız uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarların cəzalandırılması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq".

AzVision.az


Teqlər: AMEA   Alxanlı  





Xəbər lenti