İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı

İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı
  25 İyul 2017    Oxunub:3547
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 135-ci mövsümünü uğurlu fəaliyyətlə başa vurub. Böyük tarixi yaradıcılıq yolu olan və özünəməxsus ənənələrini bu gün də qoruyub saxlayan İrəvan Teatrı dəyərli sənət xadimləri, işgüzar kollektivi ilə Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə mədəni məkan olaraq zamanın tələblərinə uyğun öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan, haqq səsi ilə Ermənistan adlanan dövlətə öz bədii kredosu ilə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır. Bu teatrın tarixinə nəzər saldlıqda belə qənaətə gəlmək olur ki, bu sənət ocağı zamanın və dövrün ictimai-siyasi mənzərəsi fonunda o dövr ziyalı mühitinin yaratdığı cəmiyyətin teatr sənətinə olan tələbləri dinamikasının təsir qüvvəsindən yaranmış və elə yarandığı gündən etibarən fəaliyyətini çox zəngin repertuar siyasəti ilə formalaşdırıb, hər zaman inkişafa doğru istiqamət götürüb.

Bu sənət ocağının fədakar kollektivi bütün fəaliyyəti boyu öz sənətkarlıq qüdrətləri ilə cəfakeşlik, əzmkarlıq, mübarizlik nümayiş etdirmiş, yaratdıqları çoxjanrlı sənət əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə keşməkeşli yoldan keçməklə, Azərbaycan Teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr verməklə yanaşı öz ənənələrini yaratmış, özünəməxsus bir sənət məkanına çevrilmişdir. 1989-cu ildən tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi doğma yurdda didərgin, qaçqın taleyi yaşayan teatr bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolundan dönməyib. Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən qədim bir tarixə malik İrəvan Dövlət Azərbaycan Dram Teatrı bütün fəaliyyəti boyu yaradıcı ənənələri üzərində bərqərar olub.

İrəvan Teatrının yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. Bu teatrın kollektivi bütün yaradıcılıq tarixi boyu – həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hal-hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə olan hər bir səfərində, geniş yaradıcılıq imkanlarının masştabını göstərməklə yanaşı, həm də İrəvan və Qarabağ həqiqətlərinin carçısı olduğunu dönə-dönə və qəhrəmancasına sübut edir. Teatrımızın yaradıcılıq potensialının məzmun və mahiyyətində, xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur.

2000-ci ildən əldə olunan nailiyyətlər barədə qısa olaraq deyə bilərik ki, teatrın fəaliyyətinin dəyəri 125 illik yubileyə qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə, yarandığı gündən etibarən heç vaxt binası olmayan teatr dövlətimiz tərəfindən layiqli bina ilə təmin olundu. Mədəniyyət və turizm nazirinin qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək kollektivə nəsib oldu. Bütün bu fərəhverici qayğılar teatrı indiyə qədər genişmiqyaslı beynəlxalq layihələr həyata keçirməyə sövq edir. Teatrın kollektivi müxtəlif beynəlxalq layihələrlə, dəfələrlə Türkiyə Cümhuriyyərində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olub.

İrəvan teatrı keçdiyi uzun yolda tam olaraq peşəkarlaşa bilmiş və bu peşəkarlıq, yaradılan sağlam yaradıcı mühit nəticəsində bu gün də qorunub, saxlanılır. Teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsinə verilən rəvac, göstərilən etimad kollektivdəki iş prinsipiminin prioritetinə çevrildi. Nəticə etibarı ilə İrəvan Teatrında püxtə sənətkarlarla yanaşı çoxlu istedadlı, peşəkarlar gənclər fəaliyyət göstərir ki, onların da hər biri təkcə istedadları ilə kifayətlənmirlər, teatr sənətini sevə-sevə, yorulmadan bir gündə bir neçə əsərin məşqlərində böyük həvəslə çalışırlar. Bu gün respublikanın bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı altındadır.

İrəvan Teatrının repertuarı hər zaman günün reallıqları çərçivəsində qurulur. 2000-ci ildən bu günə kimi İrəvan Teatrında Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərlərindən 85 premyera oynanılmaqla yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə də geniş yer verilir. Teatrın rəhbərliyi hesab edir ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur.

Bu teatrda 2000-2017-ci illər ərzində 85 yeni əsərə səhnə həyatı verilmiş və bu tamaşaların bir çoxu teatrın qastrol çoğrafiyasında layiqli yerdə qərarlaşmışdır. Oynanılan tamaşaların bir qismi dövlət və özəl televiziya kanallarında vaxtaşırı nümayiş olunur və Televiziyaların Qızıl Fondunda saxlanılır. İrəvan Teatrı davamlı olaraq genişmiqyaslı Beynəlxalq layihələr həyata keçirir və bu layihələrlə qastrol səfərlərində ölkə mədəniyyətini layiqincə təmsil edir. Kollektiv dəfələrlə Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olub.

Əvvəlki illərdə də bir sıra orijinal beynəlxalq layihələr həyata keçirən İrəvan Teatrı 133-cü mövsümdə ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kompaniyası kontekstində 26 fevral 2015-ci il tarixində, gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında hazırlanan “Didro” adlı tamaşanı İrəvan Teatrının Binəqədi Rayon Zİyalılar Cəmiyyəti, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi və Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının birgə layihəsi olaraq həyata keçirdi.

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti “Anadolu Aydınlar Ocağı”, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə həyata keçirdikləri “Çanaqqala zəfəri” adlı layihə 17 aprel 2015-ci ildə həyata keçirildi.

İrəvan teatrı olaraq “Çanaqqala zəfəri” adlı layihə çərçivəsində xüsusi bir tamaşa - türk yazarı Demet Çizmelinin və Pınar Çelebioğlunun “Cümhuriyyətin ilk sədası” tarixi-xroniloji dramının premyerası həyata keçirildi. İftixarın müəllifi olduğu “Soyqırımı tarixininn dastanı” əsəri ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi olan Nuru Paşanın, Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi” əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırılıb.
2015-ci il aprel ayının 26-28-də Gürcüstanın paytaxtı Tiflisdə həyata keçirilən “Qafqazda sülh tərəfdarıyıq”
adlı növbəti Beynəlxalq layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşdı. Layihə üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bazasında H.Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının kollektivi ilə birgə hazırlanmış N.Dumbadzenin “Didro” əsəri Tiflis şəhərində N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olundu.

Əlbəttə ki, heç bir teatr öz divarları arasında inkişaf edə bilməz. Teatrın, səhnə sənətinin inkişafı, truppanın yaşaması onun başqa səhnələrdə oynadığı tamaşalarda formalaşır. Qastrol səfərlərsiz teatr öz ənənəvi anlayışını itirmiş hesab olunmalıdır. İstər maddi, istərsə də mənəvi cəhətdən bu qastrol səfərləri aktyorların da həyatında böyük rol oynayır. İstər regionlara səfərlər, istərsə də hər hansı festivallarda çıxışlar teatr kollektivi üçün mədəniyyətin təbliği, tanıdılması, sənətkarlıq səviyyəsinin nümayişi olmaqla yanaşı, həm də teatr kollektivinin özünütəsdiqi və məsuliyyəti anlamını daşıyır. İrəvan Teatrı dünya azərbaycanlılarını birləşdirən, Azərbaycan və Azərbaycançılıq ideyalarını həyatının mənası hesab edən və həmişə bu fenomen qüdrətlə yaşayan ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi məqsədi ilə “Heydər Əliyev irsini öyrənirik” adlı layihə ilə qastrol səfərinə çıxan teatr “Qalx ayağa, Azərbaycan!” adlı digər layihə ilə, əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi ilə dünya azərbaycanlıları qarşısında geniş miqyaslı səfərlər həyata keçirmək niyyətindədir.

Teatrımız 3-24 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı Başqanı, professor, doktor İbrahim Öztəkin dəvəti ilə Türkiyə Cümhuriyyətində genişmiqyaslı qastrol həyata keçirdi.

“Türkiyə-Azərbaycan kültür və sənətdə “DEV” qardaşlıq və candaşlıq projesi” adı ilə reallaşan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilən bu möhtəşəm layihəyə eyni zamanda 24 Nisan qondarma erməni soyqırımı yalanlarının ifşa olunması da əlavə edilmişdi. Türk yazarları D. Çizmeli və B. Çelebioğlunun “Cümhuriyyətin ilk sədası”, İftixarın “Nurlu ömrün anları”, “Soyqırımı tarixinin dastanı” tamaşalarını türkiyəli tamaşaçılara təqdim etmək üçün sənət turnesinə çıxdı və Türkiyə Cümhuriyyətinin Kars, Ərzurum, İqdır, Bursa, Manisa, İzmir, İstanbul, Samsun, Gerasun, Trabzon və b. şəhərlərində böyük coşqu ilə tamaşalar sərgilədi.

135-ci mövsümdə “Qanlı qızıl toy”, yeni redaktədə və yeni quruluşda “İrəvanda xal qalmadı” əsərləri səhnə təcəssümünə qovuşdu. Mövsümün sonuncu premyerası dünyaca məşhur Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanı əsasında hazırlanmış tamaşa oldu. Əsər Azərbaycanda ilk dəfə səhnələşdirilərək, məhz bizim kollektiv tərəfindən uğurla tamaşaya qoyulmuşdur. Açıq kassadan yüksək qiymətə bilet satılmaqla, anşlaqla keçən tamaşanın uğuru fakt olaraq truppanın yüksək səviyyəsini bir daha sübut edir. Teatrımız tamaşanı iki dəfə S.Vurğun adına Rus DramTeatrında böyük uğurla oynamış və teatr mövsümünü məhz bu möhtəşəm tamaşa ilə yekunlaşdırmışdır. 135 illik tarixini öz əməli məcmuəsində əks etdirən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda mədəniyyət-sənət-söz səngərində döyüşərək Üçrəngli Bayrağımızı başı üzərində dalğalandıran İrəvan teatrı vətənpərvər tamaşaları ilə öz müqəddəs mübarizəsini aparır, Qarabağ həqiqətlərini, soyqırımı yalanlarını, öndərlərimizin sülh və əminamanlıq fəlsəfəsini dünyaya səslənməyə çalışır.

İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanıb. İnanırıq ki, bu mövqe İrəvan Teatrı üçün hər zaman prioritet məsələ kimi aktiv qalacaq və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bu günkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti