Qarabağ danışıqlarında ciddi dönüş gözlənilir

Qarabağ danışıqlarında ciddi dönüş gözlənilir
  22 Avqust 2017    Oxunub:9335
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoyur. Sentyabr ayında münaqişənin həllinə dair önəmli görüşlərin olacağı gözlənilir. Hətta danışıqların ölkəmiz üçün əhəmiyyətli müqavilə ilə nəticələnəcəyi planlaşdırılır.
Millət vəkili Rövşən Rzayev bir neçə gün əvvəl AzVision.az-a açıqlamasında bununla bağlı anons vermişdi. Deputat qeyd etmişdi ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan müqavilə üzərinə iş gedir. Sözügedən müqavilənin detalları açıqlanmasa da, deputat yaxın vaxtlarda önəmli gedişlərin şahidi olacağımızı söyləyib.

Ekspertlər hesab edirlər ki, sentyabrda danışıqların yeni mərhələsi başlayacaq. Rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırdığını bəyan etməsi münaqişənin həlli istiqamətində irəliləyişin olacağına ümidləri artırır. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi mətbuat konfransında Moksvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə maraqlı olduğunu gizlətməyib. O, bildirib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər.

"Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.

Digər bir məqam Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın avqustun 23-də nəzərdə tutulan görüşüdür. Görüşun əsas müzakirə mövzusunun Qarabağ olacağı istisna deyil.

Politoloq Fikrət Sadıqov hesab edir ki, aparıcı dövlətlər məsələyə ciddi yanaşsalar, sentyabr ayında münaqişənin həllində irəliləyişə nail olmaq olar.
“Uzun illərdir danışıqlar gedir. Biz dəfələrlə demişik ki, diplomatik danışıqların tərəfdarıyıq. Sülh naminə bütün yolardan istifadə etməyə hazırıq. Təəssüflər olsun ki, işğalçı Ermənistan danışıqlar prosesindən qaçır. Etiraf edək ki, aparıcı dövlətlərin özü bu məsələyə biganəlik nümayiş etdirir. Lakin, son zamanlar həqiqətən müəyyən canlanma müşahidə olunur. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ölkəsinin Qarabağ məsələsinə xüsusi diqqət ayrıldığını bəyan etməsi, İrəvanda bəzi dairələrin də reallığa uyğun bəyanatları bu qəbildəndir. Bu bəyanatlar sağlam düşüncəlidir. Amma, bunlar o demək deyil ki, məsələ avtomatik şəkildə sentyabr ayında həll olunacaq”.

Politoloq deyib ki, həm ötən ilin aprel hadisələri zamanı, həm də Ermənistan tərəfindən dinc əhaliyə qarşı zərbələrin endirilməsi və bununla bağlı güclü təbliğat kampaniyası aparmağımız nəticəsində münaqişənin həllinə diqqət baxımından müəyyən canlanma var:

“Həm Ermənistan, həm aparıcı dövlətlər başa düşür ki, Azərbaycan zarafat etmir və heç kimlə zarafat etmək fikrində deyilik. İşğal altında olan torpaqlarımızı gec-tez azad edəcəyik. Bunu edə biləcəyimizi praktiki əməllərimizlə sübut edirik. Ona görə ilk növbədə həmsədrlər müəyyən təkliflər irəli sürməlidirlər. Təbii ki, sağlam və reallığı əks etdirən təkliflər nəzərə alınacaq. Bu isə münaqişənin həllində dönüşə səbəb ola bilər. Nyu-Yorkda baş tutacaq danışıqların nəticəsini indidən demək çətindir. Ermənistan tərəfini proqnozlaşdırmaq olmur. Onlar qeyri-adi oyunçudurlar və aparıcı ölkələrə tabe olmağa can atırlar. Bunun qarşılığında biz hücumedici addımlarımızı atmalıyıq”.

F.Sadıqov hesab edir ki, nəticənin olması üçün konkret təkliflər irəli sürülməlidir: “ABŞ və Fransada yeni şəxslər hakimiyyətə gəlib. Onların siyasi kursu öncəki prezidentlərdən fərqlidir. Onlar daha müstəqil davaranırlar. Ona görə də həmsədrlər konkret təkliflər irəli sürməlidirlər. Bunun üçün ilk növbədə işğal edilmiş rayonların Ermənistan tərəfindən boşaldılması təklif edilməlidir. Təbii ki, bunun müqabilində biz güzəştə gedə bilmərik. Danışıqların detalları bəlli deyil, amma ola bilər ki, pərdəarxası hansısa danışıqlar gedir. Əgər danışıqlarda torpaqların azad olunma prosesindən başlanmasa, heç bir mənası olmayacaq. Həmsədrlər bunu dərk edir. Hesab edirəm ki, bu istiqamətdə təkliflər irəli sürülməlidir. İstənilən halda danışıqlar davam etdirilməlidir və Dağlıq Qarabağın statusu ilə bağlı məqamlar müzakirə olunmalıdır”.

Politoloq vurğulayıb ki, həmsədrlər görüşün təşkilində ciddi işləsələr, irəliləyişə nail olmaq mümkündür: “Sentyabr ayında baş tutması gözlənilən danışıqlara ciddi hazırlıq getməlidir. Görüş xatirinə görüş olmamalıdır. Həmsədrlər görüşün üzərində yaxşı işsələr, bu məsələdə müəyyən irəliləyiş əldə oluna bilər. ABŞ və Fransada yeni dövlət başçıları müstəqil siyasi kurs aparırlar. Çox istərdim ki, bu ölkələrin xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi prioritet məsələlərdən birini tutsun. Bu məsələdə müəyyən gözləntilərimiz var”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Qarabağ   Ermənistan   Azərbaycan   Rusiya   Münaqişə  





Xəbər lenti