"Hər bir ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır" - Azay Quliyev

"Hər bir ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır" - Azay Quliyev
  28 Avqust 2017    Oxunub:3496
Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda konfransda 46 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
AZƏRTAC xəbər verir ki, konfransın plenar iclasında çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.
Hər il Paqouş konfranslarında vacib məsələlərin müzakirə olunduğunu bildirən Azay Quliyev bu cür tədbirlərin beynəlxalq tərəfdaşların sıx iştirakı ilə nüvə silahının yayılmasının qarşısının alınmasına, terrorla mübarizəyə və regional təhlükəsizlik problemlərinin həllinə kömək etdiyini deyib.

Deputat 62-ci Elm və Ümumdünya Məsələləri Konfransında İŞİD terror təşkilatı ilə bağlı ayrıca plenar sessiyanın keçirilməsinin qərara alınmasının təqdirəlayiq olduğunu bildirib. Deputat bu problemin üç ildən çoxdur müzakirə edildiyini, lakin İŞİD-in tamamilə məhv edilməsi üçün konkret nəticələrin olmadığını söyləyib. Azay Quliyev bu terror təşkilatı ilə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməli olduğunu vurğulayıb. O deyib ki, ilk növbədə bu terrorçu qrupun adından başlamaq lazımdır. Bəzən bir çox dövlətlər, xüsusilə BBC, CNN, NBC kimi beynəlxalq media qurumları İŞİD-dən danışarkən “İslam dövləti” adından istifadə edirlər. Bu, yolverilməzdir.

Sitat: "Bu plenar sessiya çərçivəsində çıxış etmək və ATƏT Parlament
Assambleyasının vitse-prezidenti kimi beynəlxalq terrorizmin qlobal məsələləri haqqında bəzi fikirlərimi və şərhlərimi bölüşmək mənim üçün şərəfdir. Hər il Paqouş konfranslarında bir sıra vacib məsələlər müzakirə olunur. Bu cür tədbirlər bütün beynəlxalq tərəfdaşların sıx iştirakı ilə nüvə silahının yayılmasının qarşısının alınması, terrorla mübarizə və regional təhlükəsizlik problemlərini həll etməyə kömək edir.

Həm də təqdirə layiq bir haldır ki, bu dəfə 62-ci Paqouş Elm və Dünya Məsələləri üzrə Konfransı bu tədbirdə DEAŞ kimi ən təhlükəli terror təşkilatı ilə bağlı ayrı plenar sessiyasını keçirməyə qərara alıb. Biz bu problemi 3 ildən çox müddətdir ki müzakirə edirik və DEAŞI məğlub etməyə çalışırıq, amma təəssüf ki, bu günə qədər edilən səylər terror təşkilatını tamam məhv etmək üçün uğursuz qalıb.

Hörmətli iştirakçılar! Bildiyiniz kimi, bu terror təşkilatı ilə bağlı bir çox məsələ və suallar var, bunlar dünya səviyyəsində müzakirə edilməli və onlara müvafiq cavablar tapılmalıdır. İlk olaraq, hesab edirəm ki, bu terrorçu qrupun adı kimi ciddi bir məsələdən başlamalıyıq – bununla bağlı bizdə ümumi yanaşma yoxdur. Suriya və İraqın mühüm hissəni işğal edən qrup haqqında danışarkən, bəzən bir çox hökumət və xüsusilə BBC, CNN, NBC kimi bir çox digər beynəlxalq media qurumlar tərəfindən ISIS, İŞİD, “İslam Dövləti” kimi müxtəlif adlardan istifadə edilir. 2014-cü ilin iyunu ayında terror qrupu dünya xilafəti elan etdi və özünü "İslam Dövləti" adlandırmağa başladı. Amma əslində hamımız bilirik ki, bu qrup İslamla heç bir əlaqəsi olmayan bir terror təşkilatıdır. Bu “islam dövləti” dünyanın müxtəlif yerlərində, o cümlədən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ən amansız və kütləvi hücumlarını terror aktlarını həyata keçirir.

Mən inanıram ki, biz bu terrorçu qrup haqqında danışanda nə ISIS, nə də "İslam dövləti” adlarından istifadə etməməliyik. Onlardan heç biri terminologiya, reallıq və onlara qarşı mübarizə üsulları kontekstində düzgün deyil. Buna görə də, İslamın düzgün başa düşülməməsinin və müsəlmanlara qarşı əsassız nifrətin qarşısını almaq üçün din haqqında
kifayət qədər məlumat sahibi olmayanların şüuraltında bu təşkilatın adının “İslam Dövləti” kimi kök salmasını dayandırmaq üçün əlimizdə olan hər şeyi etməliyik.

Dünya liderlərinin və KİV-lərin “İSİS” və ya “İslam Dövləti yerinə getdikcə daha çox DAEŞ terminini istifadə etmələri təqdirəlayiq haldır. DAEŞ akroniminin ərəbcə açılışı “Əl-dəvlə əl-İslamiyyə əl-İraq əl-Şəm”-dir. Əslində, bu İSİS-in adının başqa bir variantıdır, ancaq qrup özü onu istifadə etməmiş və bu adı rədd etmişdi, çünki ərəb dilində bu söz “alt-üstə çırpmaq”, “üstündən keçmək” və ya “bir şeyi əzmək” mənasına gələn felə yaxındır.

Digər bir məsələ isə bizim onlara qarşı nə dərəcədə effektiv mübarizə aparmağımızdır. Hamımız üçün böyük bir narahatlıq səbəbidir ki, beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq uzun illər bu terrorçu qrupu məhv etmək hələ mümkün olmayıb.

Bu uğursuzluğun arxasında duran səbəblərdən biri də müxtəlif qlobal güclərin geosiyasi maraqları və məsələyə selektiv yanaşmasıdır. DAESH-in maliyyələşdirilməsi və silahlandırılması bağlı ilə bir çox ölkələrı açıq suallar var. Hamımız bilirik ki, heç bir terror təşkilatı ən son texnikanı əldə etmək və özlərini təmin etmək üçün kifayət qədər böyük miqdarda pula sahib ola bilməz. Təşkilatın gələcək qeyri-insani hərəkətlərinin qarşısını almaq üçün onların yardım qaynağını, xüsusən maliyyə dəstəyi mənbəyini tapmaq və dayandırmaq lazımdır. Bu mənbələrin dayandırılması terror təhlükəsinin zəifləməsi və neytrallaşdırılmasına böyük təsir göstərə bilər. Son hadisələr heç bir ölkənin terror hadisələrindən sığortalanmamısını sübut etdi. DAEŞ tərəfindən dünyanın bir çox ölkəsində minlərlə adam öldürülür və insanlar bundan əziyyət çəkir. Deməyə ehtiyac yoxdur ki, bütün ölkələr mümkün hücumların qarşısını almaq və ekstremizmə qarşı birgə mübarizə aparmaq üçün öz individual maraqlarını qırağa atıb səylərini bir məqsəd – terrorla mübarizə qarşısında bu çətin zamanda birləşdirməlidirlər. Bu, həm gələcək, həm də indiki nəsillərin rifahının təmin olunmasına kömək edəcəkdir. Digər bir vacib məsələ DAEŞ-in ideoloji kökləridir.

Biz onların cəmiyyətə necə təsir etdiklərini, insanların, xüsusilə də gənc nəsillərin psixikasına necə təsir etdiklərini və insanları öz ideologiyalarına necə cəlb etdiyini öyrənməliyik. Nəyə görə ali təhsilli insanlar özlərini partladır və digər insanlarn ölümünə səbəb olur?

Terrorçuların gənc nəsillərin beyinlərinə təsir etmək üçün istifadə etdiyi təhsil sistemindəki boşluğu tapmaq məcburiyyətindəyik. Dövlətin dəstəyi ilə təhsil müəssisələri mədəniyyətlər və dini inanclar arasında olan müxtəliflikləri izah etməlidir və onlara hörmətlə yanaşmalıdır. 20-dən çox ölkədə qeyri-qanuni elan edilmiş bu təşkilat tərəfindən yeni üzvlərin cəlb edilməsinin qarşısını almaq lazımdır.
Terror təhlükəsi ilə mübarizə prosesində beynəlxalq təşkilatların rolunu unutmaq lazım deyil. Təhlükəsizlik və əməkdaşlıq təşkilatı olan ATƏT üzv dövlətlərə insan alveri, radikalizm, ekstremizm və terrorizmlə mübarizədə birgə fəaliyyət göstərmək və birliyin möhkəmlənməsi üçün geniş imkanlar yaradır".

Dünyada baş verən son hadisələrın heç bir ölkənin terror hadisəsindən sığortalanmadığını göstərdiyini deyən deputat vurğulayıb ki, bütün ölkələr mümkün hücumların qarşısını almaq və ekstremizmə qarşı mübarizə aparmaq üçün öz individual maraqlarını kənara qoyub səylərini bir məqsəd – terrorla mübarizə üçün birləşdirməlidir. Milli Məclisin deputatı terror təhlükəsi ilə mübarizə prosesində beynəlxalq təşkilatların rolunun da vacib olduğunu deyib. O bildirib ki, təhlükəsizlik və əməkdaşlıq təşkilatı olan ATƏT üzv dövlətlərə insan alveri, radikalizm, ekstremizm və terrorizmlə mübarizədə birgə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradır.

ATƏT Parlament Assambleyası çərçivəsində terrorla mübarizə üzrə xüsusi komitə yaradıldığını diqqətə çatdıran vitse-prezident ABŞ, Rusiya və bir çox Avropa ölkələrinin beynəlxalq terrorizmlə mübarizə sahəsində dialoq və əməkdaşlıq üçün ən yaxşı platforma olan bu komitənin fəaliyyətinə cəlb edilməsinin önəmini qeyd edib. O əlavə edib ki, bu komitə ATƏT PA-nın terrorizmlə mübarizə sahəsində səylərini yeni səviyyəyə qaldırmağa çalışacaq. Komitənin əsas məqsədləri parlamentlərarası dialoq və təcrübə mübadiləsi, eləcə də insan hüquqları prinsiplərinə tam riayət olunması şərtilə terrorizmlə mübarizə tədbirlərinin inkişafı çərçivəsində ATƏT PA-nın rolunun artırılmasıdır. Komitə bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir.

Sitat: "Mən bütün ATƏT ölkələrini, xüsusilə ABŞ, Rusiya Federasiyası, Avropa İttifaqını və Türkiyəni beynəlxalq terrorizmi tamamilə məğlub etmək və dünyada təhlükəsizlik və birgə əməkdaşlığı təmin etmək məqsədilə birləşməyə və ATƏT-in mandatından istifadə etməyə çağırıram. Fürsətdən istifadə edərək, mən Qazaxıstan rəhbərliyinin Suriya böhranın həlli ilə əlaqədar bütün maraqlı tərəflərin görüşünə və danışılarına ev sahibliyi etməsini təqdir edirəm. Astanada keçirilən bu danışıqlar Suriyada mövcud olan qanlı münaişənin sülh yolu ilə həlli yollarını müzakirə etmək üçün böyük bir fürsət idi. Mən Suriyanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyimi bildirirəm və münaqişə tərəflərini bu prinsiplərə hörmət etməyə çağırıram. Hər hansı bir münaqişəyə cəlb olunan istənilən ölkənin ərazi bütövlüyü və suverenliyi qeyd-şərtsiz bərpa olunmalıdır. ATƏT Parlament Assambleyasının vitse-prezidenti olaraq məmnunluqla diqqətinizə çatdırıram ki, Parlament Assambleyası terrorçuluqla mübarizə üzrə xüsusi ad-hoc komitə yaradıb. Burada ATƏT PA-nın baş katibi Roberto Montellanın bu komitənin yaradılması işindəki böyük səylərini qeyd etmək istərdim. Bir sıra qlobal məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Amerika Birləşmiş Ştatları, Rusiya və bir çox Avropa ölkələri beynəlxalq terrorizmlə mübarizə sahəsində dialoq və əməkdaşlıq üçün ən yaxşı platforma olan bu komitənin fəaliyyətinə cəlb edilmişdir. Onun mandatına əsasən, bu komitə ATƏT PA-nın terrorizmlə mübarizə sahəsində səylərini yeni səviyyəyə qaldırmağa çalışacaq, bu da bir çox fərqli sahələrlə əlaqəli olan məsələlərə xüsusi önəm verilməsini təmin edir. Komitənin əsas məqsədləri parlamentlərarası dialoq və təcrübə mübadiləsi, eləcə də insan hüquqları prinsiplərinə tam riayət olunması şərtilə terrorizmlə mübarizə tədbirlərinin inkişafı çərçivəsində ATƏT PA-nın rolunun artırılmasıdır. ATƏT PA çərçivəsində yaradılmış komitə bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir. Bütün üzv
ölkələri bu komitənin işində fəal iştirak etməyə dəvət edirəm. Bütün bunları nəzərə alaraq əminəm ki, beynəlxalq təşkilatlar insan hüquqları, sülh ideyaları və terrorizmlə mübarizədə birgə tədbirlərin təşviq edilməsi istiqamətində səylərini gücləndirməlidirlər".

Sonra Azay Quliyev konfrans iştirakçılarının cavablandırıb və ekspertlərlə fikir mübadiləsi aparıb.


Teqlər: Azay-Quliyev   ATƏT  





Xəbər lenti