Evsiz alimlər

Evsiz alimlər
  13 Sentyabr 2013    Oxunub:1052
Millət vəkili Fazil Mustafa hər zaman gündəmdə olan məsələlər haqqında öz münasibətini bildirir. Deputat bu dəfə də alimlərin ev məsələsinə toxunub.
Bir müddət əvvəl jurnalistlər ev aldılar. O zaman da söyləmişdim ki, bu nə qədər sevindirici olsa da, başqa neqativ cəhətləri də üzə çıxardı. Cəmiyyətin bir peşə sahəsinin əlahiddəliyini ortaya qoymaqla yanaşı, həm də sosial ədalət baxımından mübahisəyə dəyər bir məsələyə çevrildi.

İllərlə Milli Elmlər Akademiyasında, ali məktəblərdə evsiz-eşiksiz səfalət içində yaşayan titullu-titulsuz elm adamlarının durumunu görməzdən gələrək, haqqı çatan illərin jurnalistləri ilə yanaşı bir-iki cızma-qara etmiş jurnalistə də ev verilməsinin ədalətsiz olduğunu söyləyənlərə də haqq qazandırmaq mümkün idi. Eyni iddia ilə uzun illər sərhəd bölgələrində xidmət edən və hələ də kirayədə çürüyən hərbçi ailələr də çıxış etsəydilər, onlara da haqq qazandırmaq olardı. Hərbi qulluqçuların və ailə üzvlərinin bu baxımdan durumu daha acınacaqlıdır. Təsəvvür edin ki, bir hərbçi və ya bir polis Tərtər rayonunda xidmətdədir, xanımı da həmin rayonun xəstəxanasında çalışır. Onun xidmət yerini Lənkərəna dəyişdikdə, xanımı ya Tərtərdə qalmalıdır, ya da həyat yoldaşı ilə bərabər Lənkərana gəlib işsiz qalmalıdır. Çünki Səhiyyə Nazirliyi qaydalar müəyyən edmiş ki, əgər Lənkərən xəstəxanasında vakant yer olarsa, yenidən işə daxil olmaq üçün ora ərizə ilə müraciət olunmalıdır. Prokurorluq işçisinin də, səfərbərlik sistemində olanların da vəziyyəti eynidir. Tədris sistemində də buna bənzər bir qayda icad edilmişdir. Həyat yoldaşının iş yeri dəyişdikdə, məktəbdə müəllimə işləyən evin xanımı məcburdur ki, yeni təyin olunduqları bölgədə iş tapilmadıqda, işsiz qalsın. İllərin müəllimi və ya müəlliməsi yaşayış yerinə yaxın məktəbdə işləmək üçün yenidən testdən keçmək məcburiyyətində qalır. Maaşların bu dərəcədə utandırıcı miqdarda olduğu səhiyyə və təhsil sistemində iş yerini dəyişməyə əsaslı şəkildə məcbur olanlara qarşı bu hərəkətlərin mənasını anlamaq olmur.

İndi isə evsiz alimlər də hərəkətə gəldilər, öz haqlarını tələb etməyə qərar verdilər. İndiyə qədər Azərbaycan reallığında daha çox qulağımıza çatan "biliksiz alimlər" ifadəsi olduğuna görə, evsiz alimlər ifadəsi bir az qəribə səslənir.
Bu evsiz alimlər həm də evlidirlər, hər birinin iki-üç uşağının keçirdiyi sarsıntını da düşünürsək illərdir bu yataqxana evdə necə yaşadıqlarına heyrətlənməyə bilmirsən. düşünürsən ki, 118 ailəni köçürmək nə qədər çətindir ki, illərdir bunu problem olaraq dondurub saxlamışlar?

Bu günki şərtlər altında elm sahələrinə maraq göstərənlərin, xüsusilə də az maaşla illərlə labaratoriyalarda, auditoriyalarda acqarına ömrünü çürüdənlərin sayı da getdikcə azalmaqdadır. Bu gün universitetlərdə artıq müəllim tələbənin biliyini qiymətləndirmə səlahiyyətinə belə sahib deyilsə, hansı tələbə müəllimə dəyər verər ki? Qiymətlər ödənən rüşvətin məbləğinə görə dekanlıqda və ya rektorluqda qoyulursa, artıq alim olmağın, dəyərli müəllim olmanın bir əhəmiyyəti qalırmı?

Evsiz alimlərin aksiyasını yalnız bir səbəbdən dəstəkləyirəm. Bu da çox sadə səbəbdir: Hədsiz sürətli inkişafımızdan ayıbdır, heç olmazsa bundan sonra yataqxanadan gəlin köçürüb, yataqxanaya gəlin gətirməsinlər.


Teqlər:





Xəbər lenti