Xocalının deputatı ermənilərin Bakıya gəlməsinə etiraz etdi

  21 Sentyabr 2017    Oxunub : 1061
Xocalının deputatı ermənilərin Bakıya gəlməsinə etiraz etdi

Xəbər verdiyimiz kimi, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək. Erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.

Sentyabrın 22-ə planlaşdırılan iclasda erməni deputatların iştirakı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalıdan seçilən millət vəkili Elman Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, erməni deputatların Bakıya gəlişi qəbulolunmazdır:

“Erməni deputatları Bakıya dəvət edənlərdən soruşmaq lazımdır ki, onlar hansı məqsədlə gəlirlər? Bildirilir ki, bu, beynəlxalq tədbirdir və onlar da iştirak edə bilərlər. Ancaq şəxsi fikrim belədir ki, erməni deputatların Bakıya gəlişi qəbulolunmazdır. Mən bunun tamamilə əleyhinəyəm. Adı nə olursa olsun, bu məsələyə əqidə ilə yanaşıram. Bu gün ermənilər torpaqlarımızı işğal altında saxlayırlarsa, Ermənistanla müharibə vəziyyətindəyiksə, onlar düşməndirlərsə, deputatlarının ölkəmizdə nə işi var? Yəni, belə dəvətlərin əleyhinəyəm. Kim dəvət edib, nə məqsədlə dəvət edib, necə qəbul edirlər öz işləridir. Mən bunu qəbul etmirəm”.

E.Məmmədov hesab edir ki, azərbaycanlılara qarşı soyqırım törədənlərin Bakıya gəlişi doğru deyil: “Millət vəkili, məcburi köçkün və Xocalı soyqırımını yaşamış bir insan kimi buna etiraz edirəm. Düşmən torpağımı işğal altında saxlayır. Mənə qarşı soyqırım törədib, düşmənçilik edir. İstər deputat olsun, istər başqa biri, onun mənim torpağımda nə işi var? Mənim mövqeyim belədir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Elman-Məmmədov