Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək
  29 Sentyabr 2017    Oxunub:5935
Xəbər verdiyimiz kimi Milli Məclisdə Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev çıxışı zamanı bildirib ki, layihə 1999-cu ildə qəbul olunan layihədən sonra ən böyük qanun layihəsi hesab oluna bilər. V.İsayev qeyd edib ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub.

“Cinayət Məcəlləsindən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd 5 dəfə artırılıb. Nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminalaşdırılıb.

Həmin əməllərin dikreminalaşdırılması o demək deyil ki, biz həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Eyni zamanda həddin 5 dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Məsələn yaşayış sahəsinə daxil olmaq, təkrar törədilən cinayətlərə görə həmin hədd əvvəlki həddə saxlanııb. Bu da həmin əməllərin ictimai təhlükəsi ilə bağlıdır.

Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə, azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşıdırılması cəzasını Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik”.

O, qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub: “Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni, şəxslərə elektron nəzarət aparılacaq. Azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti