Azərbaycanlı deputat AŞPA üzvlərini qərəzli olmamağa çağırdı - VİDEO

  12 Oktyabr 2017    Oxunub : 6538
Azərbaycanlı deputat AŞPA üzvlərini qərəzli olmamağa çağırdı - VİDEO

“AŞPA-da ölkəmizlə bağlı hesabat qəbul edilib. Təəsüf hissi ilə qeyd etməliyəm ki, dinləmələr zamanı həqiqətdən uzaq, məntiqi baxımdan uyğun olmayan, bir-biri ilə ziddiyət təşkil edən, qeyri obyektiv mənbələrə istinad edən, çoxsaylı əsassız iddiaları özündə əks etdirən əlavələr təklif edilib və bir qismi qəbul edilib. Qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, ölkəmizdə yoxsulluğun səviyyəsinin azalması, müsbət statistik faktlar, son dövrlər həyata keçirilən hüquqi islahatlar və ümumi olaraq müsbət tədbirlər məhdud sayda qeyd edilib və ya qərəzli olaraq çıxarılıb”.

AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov sosial şəbəkədəki səhifəsində qeyd edib.



V.Hüseynov AŞPA-dakı çıxışında deyib ki, Azərbaycan Avropa Şurası üçün sadiq tərəfdaş olub və Avropa Şurası standarları və konvensiyalarının tələblərini yerinə yetirir: "Bir qayda olaraq, çıxışların əvvəlində biz məruzəçilərə təşəkkür edirik. Ancaq mən məruzəçilərin ağır işini qeyd etmək istərdim. Çünki, biz onların bu hesabatı hazırlayarkən hansı təzyiqlərə və kampaniyalara məruz qaldıqlarını bilirik və bu prosesi izlədik. Məruzəçilərin Hesabatlarda qeyd etdikləri məsələlərlə razılaşmasaq da, bəzi ortaq narahatlıqlarımızın olduğunu qəbul edirik.

Azərbaycan Avropa Şurası üçün sadiq tərəfdaş olmuşdur və Avropa Şurası standarları və konvensiyalarının tələblərini yerinə yetirir. Bu irəliləyişlər Avropa Şurasının alt qurumları olan Moneyval, GRECO, CEPEJ və CPT tərəfindən qeyd edilir. Biz Azərbaycandan CPT Hesabatlarını dərc etməyi tələb edirik. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu Hesabatların bir neçəsi bu yaxınlarda dərc olunub. Ancaq biz CEPEJ və GRECO-nun Hesabatlarında qeyd olunmuş müsbət irəliləyişləri qeyd etmirik. Avropa Şurasının Məhkəmə sisteminin effektivliyinə qiymət verən orqanı CEPEJ-in Azərbaycanda məhkəmə sistemində islahatların və inkşafın olduğunu qeyd etməsinə baxmayaraq, biz necə Azərbayandakı məhkəmə sisteminin etibarlılığını sual altına ala bilərik.

Mənim qeyd etmək istədiyim başqa bir məsələ açıq mənbələrdə olan məlumatlar və iddialardır. Dünən Komitə iclasında biz hesabatlara müxtəlif düzəlişlər qəbul etdik və bu düzəlişlərin tək məqsədi sənədin dilini daha da sərtləşdirmək idi. Mən bu düzəlişlərin müzakirə oldunduğu əvvəlki Komitə iclasında iştirak etmişdim və eyni təklif edilən düzəlişlər həmin Komitə iclasında qəbul edilməmişdi. Ancaq qəribə olaraq, dünən onların hamısı qəbul edildi. Bu düzəlişlərə "Assembleya çağırış edir" sözlərinin "təkid edir" sözləri ilə əvəz edilməsi kimi baxılmamalıdır.

Bu məsələ bizim hesabatlara münasibətdə necə etinasız olduğumuzun göstəricisidir. Çünki biz açıq mənbələrdə olan iddiaları öz hesabatlarımıza daxl etməklə onlara legitimlik verir və gələcəkdə bu sənədlərin bəzi dairələrin kampaniyalarının alətinə çevrilməsinə və bizim fəaliyyətimizə təsir etməsinə imkan yaradırıq. Mənim üçün əsas olan narahatlıq budur, etinasız yanaşma".

V.Hüseynov vurğulayıb ki, hesabatlar və onlara təklif edilən düzəlişlər, əlavələrin əksəriyyəti Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən həmkarları tərəfindən təqdim olunub: "Hesabatda biz Azərbaycanda olan bəzi seçilmiş saxlanılmış şəxsləri qeyd edirik. Bəs biz niyə əfv və amnistiya aktları ilə və humanistləşdirilmə islahatları nəticəsində yüzlərcə insanın azad olunduğunu qeyd etmirik? Biz qeyri-hökumət təşkilatları barədə narahatlıqlarımızı qeyd edirik, ancaq biz bu sahədə bürokratik əngəlləri ləğv edən və bizim bu sahədəki narahatlıqlarımızı aradan qaldıran bir pəncərə prinsipini təqdim edən fərman haqqında danışmırıq.

Və sonda mən hesabatlar və onlara təklif edilən düzəlişlər haqqında demək istəyirəm ki, biz bilməliyik ki, əlavələrin əksəriyyəti Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən həmkarlarımız tərəfindən təqdim olunub. Onlardan ikisi, müxtəlif hesabatlarda adları erməni lobbisi ilə bağlı olduqları göstərilən cənab Omtzigt və cənab Şvabbedir. Beləliklə, mən həmkarlarımı bu məsələlər barəsində məlumatlı olmağa və səs verərkən etinasız yanaşmamağa çağırıram".

AzVision.az

Teqlər: AŞPA   Azərbaycan   Vüsal-Hüseynov