Yağ niyə bahalaşır? – TƏHLİL
Qayıdaq ən yüksək artım göstərən kərə yağına. Ölkəyə idxal edilən kərə yağının 1 kiloqramı ötən il gömrükdə 3,39 ABŞ dollarına rəsmiləşdirilirdisə, bu il rəqəm 4,28 dollar təşkil edir. Belə ki, keçən il 22 ölkədən 51 şirkət tərəfindən 28377938,84 ABŞ dolları dəyərində 8357095,43 kq yağ gətirilmişdisə, bu ilin 9 ayında 44 şirkət 16 ölkədən 35 998149,22 ABŞ dolları dəyərində 8391526,17 kq yağ idxal edib. Artım, bilavasitə dünya bazarlarında qiymətlərin bahalaşması ilə əlaqədar baş verib. Yəni, DGK-nın rüsumu qaldırması yerli istehsalı qorumaq məqsədilə edilib. Bu, bir dövlət siyasətidir. Məqsəd isə yerli istehsalçıları himayə etməkdən ibarərdir.
Qeyd edim ki, DGK-nın məlumatına əsasən, Azərbaycana kərə yağı 2016-cı ildə Almaniyadan, Rusiyadan, Ukraynadan, Belarusdan, Yeni Zelandiyadan, Türkiyədən gətirilir. Yeni Zenlandiya bunların sırasında əsas yer tutur.
İdxalçılar bəyan ediblər ki, 2017-ci ilin sentyabrında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvarı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabrı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30%-dən çox bahalaşıb. Və hazırda bir ton üçün qiymətin 6100-6200 ABŞ dolları arasında dəyişdiyi deyilib. Nəqliyyat xərcləri, gömrük və vergi rüsumlarını (36% təşkil edir) əlavə etdikdə kərə yağının 1 kiloqramının idxalçının anbarına 7,18-7,52 ABŞ dollarına və yaxud 13 manata yaxın daxil olduğu bəyan edilib.
Bəllidir ki, kərə yağı zəruri qida məhsulları siyahısına daxildir. Bu səbəbdən də, onun sürətlə bahalaşması əhalidə haqlı olaraq narazılıq yaradıb. Müzakirələrdə əsas mövzulardan biri ondan ibarətdir ki, kərə yağının qiymətinin bahalaşması səbəbi DGK-nin yığım rüsumunu artırmasıdır. Bəli, qeyd etdiyim kimi, ötən ildən fərqli olaraq, bu il ölkəyə idxal olunan kərə yağı məhsulunun 1 kiloqrama görə yığımı cuzi artırılıb. Ancaq əsas səbəb bu deyil. Qeyd edim ki, iqtisadiyyatın müvafiq qanunlarına əsasən, dünyada qiymət artımı baş verərsə, bu hal xaricdən gətirilən məhsulların qiymətinə təsir göstərməlidir.
Analoji hal yerli istehsala da öz təsirini göstərir. Daxili bazarda kərə yağının satış qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalmasıdır. Həmçinin, onu da qeyd edim ki, ölkədə xammal sahəsində çatışmazlıq yaşanır. Şəxsi təsərrüfatlarda heyvandarlığa maraq azalıb. Bu kimi səbəblərə görə də ölkədə yerli istehsal baha başa gəlir. Ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb.
Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Həm yağın həcmi azalıb, həm də maya dəyəri yüksəlib. Eyni zamanda, analoji vəziyyət dünyada da yaşanır.
Xüsusi olaraq qeyd edim ki, məsələyə obyektiv yanaşmaq lazımdır. Həm xaricdən gətirilən yağların, həm də yerli istehsalın satış qiymətinin bahalaşmasının səbəbi dövlət qurumları ilə bağlı deyil.
Digər bir məqam... Dünyada ən çox kərə yağı istehlakçısı sayılan ölkə Çindir. Çin son 7-8 ayda bu sahədə idxalı kəskin artırıb. Bu səbəbdən də, demək olar ki, bütün ölkələrdə kərə yağında qiymət artımı yaşanır. Odur ki, analoji vəziyyət bizdə də müşahidə olunur və bu, hələ bir müddət davam edəcəkdir. Əsas səbəb də yerli istehsalın zəif olmasıdır.
Yeri gəlmişkən, oxşar vəziyyət müəyyən müddətdən sonra ət məhsullarında da baş verə bilər. Çünki, səbəb eynidir...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: #İqtisadiyyat