Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - YENİLƏNİB

  27 Oktyabr 2017    Oxunub : 3624
Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - YENİLƏNİB

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirə olunub.

AzVision.az-n xəbərinə görə, layihənin Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunması barədə qərar qəbul edilib.

Əgər dəyişiklik layihəsi plenar iclasda qəbul olunarsa, qanun dekabr 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, iclas mətbuata qapalı keçirilib.

**

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə olunur.

AzVision.az-ın məlumatına görə, hər üç sənədə təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.

İclasda bir sıra vəkillər də iştirak edir.

Qeyd edək ki, hər üç sənədə nəzərdə tutulan dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi.

Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis