Günümüzün bəlası: şəkərli diabet

Günümüzün bəlası: şəkərli diabet
  08 Oktyabr 2017    Oxunub:12033
1980-ci ildə bu xəstləkidən əziyyət çəkən insanların sayı 108 milyon idisə 2017-ci ildə bu rəqəm 400 milyonu keçib. Alimlərin hesablamasına görə, 2030-ci ilə kimi dünyada hər yeddinci insan bu xəstəlikdən dünyasını dəyişəcək.
Söhbət şəkərli diabetdən gedir. Bu xəstəlik tamam başqa xəstəliklə əlaqədar həkimə müraciət edildikdə aşkar edilir, amma o vaxta qədər bu xəstəlik insan sağlamlığına öz zərərini vurur. Ona görə də xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hər bir insan öz sağlamlığına biganə qalmamalı, vaxtında müalicə müəssisələrində özünü yoxlatmalı və müayinədən keçməlidir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının dosenti, endokrinoloq Əjdər Quliyev deyir ki, şəkərli diabetə meyilli olan insanlar qabaqlayıcı tədbirlər görməklə bu xəstəliyin ağır formasından xilas ola bilirlər. Həmin xəstəliklə əlaqədar pasiyentə nə qədər tez diaqnoz qoyularsa, müalicə tez başlanarsa, ağır və çox xərc tələb edən fəsadlar xeyli azalar. Çünki, şəkərli diabet xəstəliyi xüsusi çəkisi sürətlə artan xəstəliklər qrupuna aiddir. Belə ki, hər 10 ildən bir əvvəlki soy təkrarlanır. Potensial halda şəkər olan insanlar var. Bu gün aşkarlanmasa da, bir müddət sonra bu qaçılmaz olacaq. Yəni faizin artımı qanunauyğundur. Ə. Quliyev bildirib ki, şəkərli diabet endokrin sisteminin xroniki xəstəliyidir. Xroniki olması səbəbindən də tam müalicəsi mümkün deyil. Xəstəliyi pəhriz saxlamaq və müalicə almaqla yüngülləşdirmək olar. Ümumiyyətlə, xəstəlik I tip şəkərli diabet, II tip şəkərli diabet olmaqla iki cür təsnifatlandırılır. I tipdə mədəaltı vəzdə endokrin aparat dağılmağa məruzdur. Bu tip üçün tam insulin çatışmazlığı xarakterikdir. II tipdə insulin reseptorlarının əsaslılığı aşağı düşür. Yəni insulin var, amma ona cavab aşağı səviyyədədir. Bu, hər hansı xəstəliyin mədəaltı vəzə verdiyi yükdən asılı olaraq əmələ gəlir. Ümumiyyətlə isə genetik tipli şəkərli diabetin tam müalicəsi mümkünsüzdür. Tam müalicə üçün altıncı xromosomda yerləşən gen, gen mühəndisliyi vasitəsilə dəyişdirilməlidir ki, xəstəlik də xarakterini dəyişsin və tam müalicə olsun.

Adı şirin, özü acı

Azərbaycanda da təhlükəli xəstəlik getdikcə artır. Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova bildirib ki, bu ilin 8 ayının yekunlarına olan məlumata görə Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu da ötən illə müqayisədə 12 faiz artım deməkdir. Ölkə üzrə şəkərli diabet xəstələrinin 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Azərbaycanda şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Belə ki, onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Ölkə üzrə olan xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır.

Həkim qeyd edib ki, dünyada belə xəstələrin 90 faizi ikinci tip şəkərli diabet xəstələridir: “Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan əsas amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd food qidalarından istifa öndə gedir. Piylənmə də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir. Endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəzi xəstəliyi ilə bağlıdır. Belə xəstələrin sayı getdikcə artır. Bu daha çox qadınlarda, əsasən də hamiləlik dövründə müşahidə olunur”

Onun sözlərinə görə, sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır. Əgər xəstəyə şəkərli diabet diaqnozu qoyulursa, deməli şəkər qanda yüksəlib. Şəkərin qanda yüksəlməsi zamanı sidikdə də müşahidə olunması normaldır. Sidikdə şəkərin meydana çıxması böyrək həddinin aşılması nəticəsində baş verir. Çünki bu zaman böyrək, şəkəri süzməyə çatdırmır. Qanda şəkərin miqdarı müəyyən bir həddə çatdıqdan sonra o, sidiyə keçməyə başlayır. Xəstənin vəziyyəti ağırlaşdıqca, sidikdə olan şəkərin miqdarı xeyli yüksək olur. Bunun da nəticəsi olaraq sidiklə ifraz olunan şəkəri durulaşdırmaq üçün böyrəklər də xeyli miqdarda su xaric etməli olur. Beləliklə, şəkərli diabetin ilkin əlaməti-sidik ifrazının artmasıdır. Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə susuzluq hiss edir və davamlı olaraq maye qəbul edir. Sidik ifrazı ilə xeyli miqdarda kalori itirildiyi üçün, xəstənin çəkisi azalır. Bundan başqa, xəstə daim aclıq hiss edir, daha çox yeyir. Belə xəstələrdə yorğunluq, dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoralar müşahidə edilir.

Xalq təbabəti çarədirmi?

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları şəkər xəstəliyinə qarşı güclü təsirə malik zəravənd bitkisini aşkarlayıblar. 74 il ərzində aparılan axtarışlardan sonra, nəhayət, Botta zəravəndinə Şahbuz rayonunun Nursu kəndində rast gəlinib. İnstitutun əməkdaşı, professor Əliyar İbrahimov deyir ki, bu bitkinin Qafqazda 5 cinsi var və o cinslərdən biri ölkəmizdə yalnız Naxçıvanda bitir. Bitkinin əsas xüsusiyyəti odur ki, onun kökü çox dərinə getsə də, geniş yayılma xüsusiyyətinə malik deyil. Bitki Naxçıvanın Nəbatat bağında əkilib. Bitki introduksiya edilib və artırılıb: “Əkinlər genişləndikdən sonra dərman istehsalı və zəravəndin xəstəliklərin müalicəsində geniş tətbiqi nəzərdə tutulur. Zəravənd Naxçıvan təbiəti üçün əhəmiyyətli olduğuna görə bitki haqqında məlumatların yer aldığı kitab da çap etmişik”.

Bundan başqa bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər. Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır. Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30 qr abqora (yetişməmiş üzümdən alınır) içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir.

Dövlət qayğısı

Sağlamlığımızın qorunması üçün hər bir fərdin fəallığı bir yana, bu sahəyə dövlətin ildən-ilə artan diqqət və qayğısı da gündəmdədir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, MDB məkanında ilk dəfə olaraq Prezident İlham Əliyevin 23 dekabr 2003-cü il tarixli sərəncamı ilə Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu qanun Azərbaycanda şəkərli diabetə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, onun profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlətin təminatlı yardım tədbirləri mütəmadi olaraq həyata keçirilir, müayinə və müalicəsi təşkil olunur.

Onun sözlərinə görə, Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, diabetli xəstələrin dərman preparatları və özünənəzarət vasitələri ilə təminat monitorinqinin təşkili üçün kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və s. tədbirlər həyata keçirilir.

Deputat qeyd edib ki, hazırda Respublika Endokrinoloji Mərkəzdə 556 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur: “Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı Respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Şəkərli-diabet   xəstə   insulin  





Xəbər lenti