İsveç Şimal-Cənub dəmir yolundan faydalana bilər

  06 Noyabr 2017    Oxunub : 427
İsveç Şimal-Cənub dəmir yolundan faydalana bilər

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb, bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirilib.

Habelə söhbət əsnasında 2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olunub və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulanıb.

E. Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir-yol xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd ediblər, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı roluna da toxunulub, qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: XİN   Məmmədyarov