“MSK-nin namizədliyi ləğv etmək hüququ yoxdur”

“MSK-nin namizədliyi ləğv etmək hüququ yoxdur”
  20 Sentyabr 2013    Oxunub:1212
“Hazırki şəraitdə namizədlərin prosesdən kənarlaşdırılması mümkün deyil”.

Dünən İctimai Televiziyada prezidentliyə namizədlərin ikinci teledebatında qalmaqal yaşandı. Belə ki, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın namizədi Cəmil Həsənli arasında söz savaşı butulka savaşına çevrildi. Mərkəzi Seçki Komissiyası (MSK )isə bildirdi ki, bu məsələyə baxılacaq.

Bəs, Seçki Məcəlləsinə görə, dünənki teledebatla bağlı MSK hansı tədbirləri görə bilər? Həmin şəxslərin namizədliyi ləğv edilə bilərmi? AzVision.az-ın bu suallarını “Konstitusiya” Aaşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb:

“Dünən prezidentliyə namizədlərin növbəti debatı zamanı İTV-nin əməkdaşı da qeyd edirdi ki, Azərbaycanın Seçki Məcəlləsinin 88-ci maddəsi var. Həmin maddədə göstərilir ki, hər kəs çıxışında etik qaydalara əməl etməli, başqa namizədlərə hörmətlə yanaşmalıdır. Digər namizədlərin şərəf və ləyaqətini təhqir etməməlidir. Ümumiyyətlə sosial əxlaq və hüququ normalarını pozmamalıdır. Bu onunla bağlı idi ki, həmin namizədləri bu məsələlərdə daha ehtiyatlı mövqe tutmağa, daha qanunvericiliyin tələblərinə əməl etməlidir idilər. Eyni zamanda çox təəsüf ki, namizədlər bu normalara əməl etmirlər. Biz dünən də bunun şahidi olduq. Digər tərəfdən isə 88.7 maddə var, ordada göstərilir ki, əgər kimsə qaydaları pozursa, MSK-ya müraciət etmək olar. MSK həmin şəxslərlə bağlı müvafiq tədbirlər görə bilər. Seçki Məcəlləsinin 130-cu maddəsi var. Orada göstərilir ki, əgər namizədlər tərfindən seçki məcəlləsinin tələbləri pozulursa və burda şərəf, ləyaqət və qanuna digər zidd hərəkətlər olan halda MSK həmin məsələrlə bağlı prokurorluğa müraciət edib, sənədləri ora göndərir. Araşdırma isə prokurorluğun səlahiyyətlərinə aid olan məsələdir. Onlar araşdırma aparırlar ki, doğurdan da Cinayət Məcəlləsi qanunvericiliyinin tələbləri pozulub ya yox. Burada hər şeydən əvvəl bir neçə prosedur məsələləri var. Birincisi bu debatda iştirak edən tərəflər var, əgər hesab edirlərsə ki, onların şərəf və ləyaqətinə xələl gətirən məlumatlar yayılırsa, təhqir olunub böhtan atılıbsa, təbii ki, tərəflərin nümayəndələri məhkəməyə, MSK-ya bununla bağlı müraciət edə bilərlər. Əgər hesab etsələr ki, onların vaxtlarında məhdudiyyətlər qoyulubsa, bununla bağlı da müraciət edə bilərlər. Belə məsələlərə MSK baxır və bununla bağlı bir neçə qərar qəbul edə bilər. Bu qərarlardan biri ondan ibarətdir ki, həmin sənədlərdə əgər doğurdan da şərəf və ləyaqətin pozulması ilə bağlı eyni zamanda Cinayət qanunvericiliyin nəzərdə tutulan xuliqanlıq və digər hərəkətlərə yol verilibsə, belə olan hallarda o özü müstəqil araşdırma aparmır, sadəcə olaraq materialları prokurorluqa göndərir, prokurorluq isə səlahiyyətləri çərçivəsində araşdırıb qərar qəbul edir”.

Hüquqşünas MSK-nın özünün seçki prosesindən hər hansısa namizədi kənarlaşdırmaq hüququ olmadığını vurğulayıb: “Namizədin seçki prosesindən kənarlaşdırılmasının iki yolu var. Bu onunla bağlıdır ki, məhkəmənin həmin şəxs barəsində qanuni qüvvəyə minmiş hökmü var və yaxud da ki, inzibati xəta etməsi barədə yenə məhkəmənin qərarı var. Yalnız bu hallarda həmin şəxslərin, namizədliyin seçki marafonundan çıxarmaq mümkündür”.

Ə.Nuriyev bildirib ki, hazırki şəraitdə namizədlərin prosesdən kənarlaşdırılması mümkün deyil. Onun sözlərinə görə, seçkilərə artıq cəmi 20 gündən az vaxt qalır: “Bu müddət ərzində namizədlərin kənarlaşdırlması prosesinin baş mümkün olmayacaq. Çünki orada müddətlər var. Məsələn, MSK məhkəməyə müraciət etdi, məhkəmə qərar qəbul etdi, ondan sonra yuxarı orqana şikayət vermək məsələsi var, apelyasiya qaydasında buna 10 gün müddətində baxılması və s var. Faktiki olaraq da bu da seçkilərdən sonraya kimi gedib çıxır”.

Hüquqşünasın sözlərinə görə, İTV özü də iddia qaldıra bilər: “Çünki İTV-yə məsələ ilə bağlı ayrılmış müddət var, bu müddət keçibsə onda İTV digər proqramları həyata keçirə bilməz və ona ziyan dəyə bilər”

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti