Bir mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq

Bir mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq
  18 Noyabr 2017    Oxunub:1912
Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub. Məcəllənin bir sıra maddələrinə zəruri düzəlişlər edilib. Bildirilib ki, təklif olunan düzəlişlər ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi çatışmazlıqlar mövcuddur: “Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qayda dünya təcrübəsində tətbiq olunur və milli qanunvericilikdə də öz əksini tapmalıdır”.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və onun dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Nəzərə çatdırılıb ki, tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan “qabaqcadan qeydiyyat” institutu təkmilləşdirilərək “torpaq sahəsi barədə təminat qeydi” institutu olaraq formalaşdırılıb. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir.

Qanun layihəsinin üstünlüklərindən biri də tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin qoyula bilməməsi ilə bağlıdır. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.

Deputatlar Çingiz Qənizadə, Fəzail Ağamalı, Tahir Kərimli, Vüsal Hüseynov, Elşən Musayev, Qüdrət Həsənquliyev, Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Elçin Usub qanun layihəsinin aktuallığından danışıblar. Nəzərdə tutulan dəyişikliklərin vətəndaşların mülkiyyət hüququnun qorunması baxımından məqsədəmüvafiq olduğunu söyləyiblər, bir sıra təkliflər veriblər.

İclasın sonunda qanun layihəsinin işçi qaydada bir daha nəzərdən keçirilməsi və Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.


Teqlər: Milli-Məclis   Mənzil  





Xəbər lenti