Ermənistanı etiraz aksiyaları bürüyür

  18 Noyabr 2017    Oxunub : 1035
Ermənistanı etiraz aksiyaları bürüyür

Son günlər Ermənistanda hərbi xidmətlə bağlı qanunlara nəzərdə tutulan dəyişikliklər və bu ölkənin ordusunda hökm sürən qanunsuzluqlar tələbələri və valideynləri etiraz aksiyalarına başlamağa vadar edir. Bu yaxınlaradək bədnam qonşu ölkədə gənclər üçün xidmətdən yayınmağın ən asan yolu nə yolla olur-olsun ali təhsil almaq, ya da ölkəni birdəfəlik tərk edib getmək idi. Lakin Ermənistanı tərk edən və xarici ölkələrdə şad-xürrəm yaşayanlar azlıq təşkil edirlər. Nisbətən imkanlı ailələrin övladları səfalət bürüyən ölkədə yaşamağa məcbur olduqlarından təhsil ocaqlarına üz tuturlar ki, qanuna dəyişiklik onların da xidmətdən yayınma yollarını bağlayır.

Bu səbəbdən son günlər təhsil alanların hərbi xidmətə çağırışdan möhlət hüququndan məhrum ediləcəyi barədə qanuna dəyişikliklərin olunması ilə bağlı müzakirələr ermənistanlı gənclərin kəskin etirazlarına səbəb olub. Çağırış haqqında qanuna dəyişiklik edilməsi zərurətinin ən əsas səbəbi isə bu ölkədə səfərbərlik ehtiyatlarının kəskin çatışmazlığıdır. Bu qanunla işğalçı ölkə heç olmasa ordusunun çağırışçı ehtiyatlarını qismən ödəməyə can atır.

Şəxsi heyət çatışmadığından postlarda növbə çəkməyə kənd camaatının, hətta özlərini “azadmartik” adlandıran qocaların da cəlb edildiyi barədə məlumatlar Ermənistan media resurslarında dəfələrlə yer alıb.

Ermənistanda tələbələrin etiraz aksiyaları davam edir. Qanedici cavab almayan tələbələr artıq aclıq aksiyalarına da başlayıblar. Polislə etiraz aksiyasında iştirak edən tələbələr arasında toqquşmalar olur. Bəzi deputatlar və ictimai təşkilatlar tələbələrlə həmrəylik nümayiş etdirsələr də, səlahiyyətli qurumlar hələ də tələbələri razı salacaq addımlar atmırlar.

İş o həddə çatıb ki, Ermənistan ordusunun ənənəsinə çevrilən “neustavşina” səbəbindən gənclər hər fürsətdən istifadə edərək orduda xidmətdən yayınmağa çalışırlar. Hərbi xidmətdən yayınmaq üçün özünə bədən xəsarətləri yetirməklə, hətta ömürlük şikəst olmağı belə gözə alanlar var. Xidmətdən möhlət hüququnun ləğvindən qorxuya düşən tələbələr Yerevanda, qanunsuzluqlardan təngə gələn əsgər valideynləri isə tez-tez qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə nazirliyi”nin qarşısına toplaşaraq etiraz aksiyaları keçirirlər.

Ermənistan ordusundakı qanunsuzluqlar valideynləri təngə gətirib



Qısa müddət ərzində, yəni son 2-3 ayda Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr qeydə alınıb ki, bu da əsgər valideynlərinin kəskin etirazlarına səbəb olub. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabeçilikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib.

Eyni zamanda, qarabağlı hərbi qulluqçuların Ermənistandan çağırılmış əsgər heyətini daim təzyiq altında saxlamaları səbəbindən bölmələrdə şəxsi heyət arasında nizamnamədənkənar münasibətlərin - “neustavşina” və “dedovşina” hallarının artan templə davam etməsi də ictimaiyyətin və əsgər valideynlərinin Ermənistan ordusuna olan münasibətinin kəskin dəyişməsinə səbəb olub.

Həmçinin istər Ermənistan müxalifətinin, ictimai təşkilatların, istərsə də valideynlərin qəzəbinə səbəb olan və səbr kasasının daşmasına gətirib çıxaran başqa məqamlar da düşmən ordusunda yetərincədir. Ermənistan silahlı qüvvələrinin yürütdüyü siyasət - baş verənləri ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərmələri artıq cəmiyyəti qane etmir. Bunun da səbəbləri müxtəlifdir.

Valideynləri qəzəbləndirən qarşı tərəfin, yəni, Azərbaycan Ordusunun hər hansı aktiv fəaliyyət həyata keçirməsi barədə rəsmi məlumatların olmadığı halda, Ermənistan tərəfinin itkilərinin - ölən və yaralananların sayının durmadan artmasıdır.

Daha bir səbəb isə övladlarının ölümü ilə bağlı valideynlərə doğru-düzgün məlumatların verilməməsidir ki, bu da müəmmalı şəraitdə ölən hərbçilərin valideynlərində bir çox cavabsız sualların yaranmasına zəmin yaradır. Övladlarını itirənlərin etirazına səbəb olan odur ki, hərbçinin ölümü barədə yayılan rəsmi məlumatların, sosial şəbəkələrdə yazılanlarla, hərbçinin xidmət yoldaşlarının danışdıqları ilə və istintaq orqanlarının verdiyi məlumatlarla tam fərqli olmasıdır.

Artıq heç nədən çəkinmədən öz sözlərini deyən valideynlərin etiraz aksiyasına toplaşmalarına səbəb isə heç bir hərbi əməliyyat, təxribat olmadığı halda təkcə oktyabr ayında ən azı 7 nəfərin ölümü, 15-ə yaxın hərbçinin isə yaralanması barədə mətbuatda və sosial şəbəkələrdə ziddiyyətli məlumatların olmasıdır.

Son 6 ölüm hadisəsi barədə yayılan məlumatlar isə Ermənistan cəmiyyətinin ən çox marağına və qəzəbinə səbəb olub. Belə ki, Ermənistan Müdafiə Nazirliyi 3 hadisə zamanı həlak olan hərbi qulluqçuların qarşı tərəfin atəşi nəticəsində öldüyü barədə yalan məlumat yayıb. Sonradan isə 6 ölüm hadisəsinin hərbi hissələrdəki nizamnamədən kənar münasibətlər zəminində baş verdiyi haqda məlumatlar mətbuatda öz əksini tapıb. Müəmmalı şəraitdə baş verən ölüm hadisələri ictimailəşdirildikdən sonra isə qarşı tərəfin atəşi nəticəsində öldürüldüyü iddia edilən hər üç hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Artıq bir neçə vəzifəli şəxsin saxlanıldığı və istintaqa cəlb edildiyi də məlumdur.

Faktlara müraciət edək. Əvvəl qarşı tərəfin atəşi nəticəsində öldüyü iddia edilən Çaplin Markaryanın, David Harutunyanın və Hraç Avetisyanın da xidmət yoldaşları tərəfindən öldürüldüyü məlum olub. David Harutunyanı avtomatla başından güllələyənin onun xidmət yoldaşı, qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan olduğu məlum olub. Hərbi qulluqçu Hraç Avetisyanın da silah təmizlədiyi zaman əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində öldüyü barədə sonradan onun bölük komandiri məlumat verib. Guya Azərbaycan tərəfdən atılan atəş nəticəsində əsgər Tiqran Xaçatryanın öldürüldüyü barədə iddialara baxmayaraq, valideynləri buna şübhə ilə yanaşır, istintaq işinin obyektiv aparılmasını tələb edirlər.



Hətta düşmən atəşi nəticəsində öldüyü iddia edilən və “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilən Çaplin Markaryanın da ölümü barədə bir-birini təkzib edən, müxtəlif şübhəli fikirlər sosial mediada yayılıb. Ç.Markaryanın da xidmət yoldaşları tərəfindən, işğalçı orduda xidmətə Ermənistandan çağırılanlarla Qarabağdan olan erməni hərbçilər arasında baş verən dava zamanı öldürüldüyü bildirilir. Təmtəraqlı dəfn edilməsinə və medalla mükafatlandırılmasına baxmayaraq, Ç.Markaryanın da valideynləri etiraz aksiyalarına dəstək verir və oğlunun qatilinin cəzalandırılmasını tələb edirlər.

Hərbi qulluqçular Vladimir Melkonyanın və Vartan Xaçatryanın valideynlərinə də övladlarının Azərbaycan tərəfindən açılan atəşdən döyüş mövqeyində öldükləri barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib. Onun sözlərindən məlum olub ki, hər iki hərbçi “bronejiletdə olublar”. Lakin baxış zamanı ölənlərin ikisinin də bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə ermənistanlı hərbçilərin qarşı tərəfdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Bu hadisələrlə də bağlı Ermənistan Müdafiə Nazirliyi istintaq idarəsi tərəfindən, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur.

Son hadisə nəticəsində isə işğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusunun döyüş postunda yaralandığı məlum olub. Xəbəri sosial mediada paylaşanın yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsindəki döyüş mövqeyində xidmət edən Çarents Nazaryan və Armen Arakelyan odlu silahdan açılan atəş nəticəsində yaralanıblar. Postdan qayıdıb silahı boşaldarkən, ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən hərbi qulluqçulara hissənin tibb məntəqəsində yardım göstərilib. Yenə də ictimaiyyətdən gizli saxlamaq məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Ermənistanda ajiotaja səbəb olan məsələlərdən biri də bu ölkənin silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq hallarıdır. Düşmən ordusunda istədiyin hər şeyə görə istər vətəndaşlar, istərsə də hərbi qulluqçular mütləq rüşvət vermək məcburiyyətindədirlər. Xidmət yerini dəyişmək, ön xətt mövqelərinə düşməmək, xidmətə yenidən qayıtmaq, rütbəni vaxtında almaq, başqa vəzifəyə keçmək, Dağlıq Qarabağdan Ermənistanda olan hərbi hissəyə keçirilmək, bölmənin əşya təminatını yubatmamaq, məzuniyyətə getmək, yanına gələn valideynlərlə görüşmək, dağlarda və soyuq yerlərdə yerləşən mövqelərə yanacaq çatdırmaq, hətta normal yeməklə təmin olunmaq üçün belə hərbçilərdən rüşvət tələb olunur.

Son bir neçə gün ərzində mətbuatda Ermənistan ordusunda rüşvətxorluq barədə yayılan məlumatlar fikrimizcə düşmən ordusunda vəziyyətin həqiqətən nə dərəcədə acınacaqlı olmasına sübutdur. Faktları bir daha sadalamaq fikrimizcə yerinə düşər. Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3 min ABŞ dolları məbləğində rüşvət istəyən, hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət keçən, kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir. Xəbəri paylaşan mənbənin bildirdiyinə görə fakt sübuta yetirilərsə H.Levonyan “xidmətini” dəmir barmaqlıqlar arxasında davam edəcək.

İşğal olunmuş Ağdam rayonu ərazisindəki bölmələrdən birində xidmət edən və yüksək rütbəli zabitlə əlbir olaraq rüşvət müqabilində şəxsi heyəti arzuladığı “yaxşı” yerlərə yerləşdirməklə pul qazanan, müqavilə əsasında xidmət edən çavuş Alik Hovanisyan barəsində də rüşvətxorluq faktına görə cinayət işi açılıb.

Növbəti biabırçılıq isə yalnız rüşvət verən hərbçilərin adlarının mənzil alanlar siyahısına daxil edilməsidir. Ermənistan sosial şəbəkələrində zabit ailələri belə bir xəbər paylaşıblar ki, noyabrın 15-də hərbi qulluqçulara paylanacaq mənzillərə görə hər bir zabit mütləq 3 min dollardan 10 min dollaradək rüşvət verməlidir. Sadalanan insidentlərlə bağlı Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu günədək heç bir rəsmi açıqlama verilməyib.

Əhalinin ən çox narahatçılığına səbəb olan hallardan biri də müxtəlif səbəblərdən yaralanan və əlil olan hərbçilərə qarşı Ermənistan Müdafiə Nazirliyinin biganəliyidir. Belə hallarla bağlı mətbuata müraciət edən, şikayət məktubları yazan, aylarla nazirliyin rəhbər işçilərinin qapılarında boynubükük gözləyən valideynlərin sayı yüzlərlədir. Sağlamlığını itirən və aylarla xəstəxanalarda süründürməçiliyə məruz qalan ermənistanlı ailələrin imdadına yetən, dərdinə əlac edən yoxdur. Ermənistan Müdafiə Nazirliyi yaralanan bir çox hərbçilərin müalicə və bərpasına vəsait ayırmaqdan qəti şəkildə imtina edir.

Bu dediklərimizə sübut olaraq son günlər mediada ən çox yer alan, Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Sisyan (Qarakilsə) rayonunun Anqeğakot kənd sakini 19 yaşlı Davit Bağikyanın acınacaqlı həyat hekayəsini misal göstərmək olar. Səkkiz aydan çoxdur ki, ağır vəziyyətdə İrəvanda mərkəzi hərbi klinik hospitalda yatan D.Bağikyanın atasının çoxsaylı müraciətlərinə Ermənistan Müdafiə Nazirliyi tərəfindən rədd cavabı verilib.

Ermənistan ordusuna 2016-cı ildə çağırılan Davit hospitala 47455 saylı artilleriya hərbi hissəsindən gətirilib. Xidmətinin 7-ci ayında hadisə zamanı baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı erməni əsgərin atası Samvel Bağikyanın dediklərinə görə, oğlu maşın üzərinə su çəni yerləşdirərkən, başı çən və maşın arasında qalaraq ağır xəsarət alıb. Hadisə ilə bağlı açılan cinayət işi hələ də davam edir. Bir neçə ay komada olan əsgər D.Bağikyan özünə gəlsə də, sərbəst şəkildə hərəkət edə, danışa bilmir. Kömək barədə müraciətlərinə Müdafiə Nazirliyindən rədd cavabı alan və səlahiyyətli şəxslərin qapısından qovulan yaralı erməni əsgər hazırda atası ilə birgə ağır sosial-məişət şəraitində yaşayır. Ermənistan qanunlarına görə maddi yardım ala bilməyən Bağikyan ailəsindən hətta hərbi hospitalda bəzi dərmanları belə özünün alması tələb olunur.



Bu cür məhrumiyyətlərlə yaşayan, hər addımda təhqirlərlə üzləşən hərbçi ailələri Ermənistanda yüzlərlədir və düşmən ölkənin Müdafiə Nazirliyi də onların taleyinə biganə qalır.

Onu da qeyd etmək lazımdır ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırırlar. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik qara xətt çəkir.

Təbii ki, sadaladığımız bütün bu neqativ hallar Ermənistan cəmiyyətində və hərbçi ailələrində ordu rəhbərliyinə qarşı etirazların çoxalmasına səbəb olur. İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə vəziyyət o dərəcədə acınacaqlıdır ki, Müdafiə Nazirliyi və hissə komandirləri hər vəchlə valideynləri əsgərlərdən, onların xidmət yerlərindən maksimum təcrid etməyə çalışırlar. Bu yaxınlarda sosial mediada ermənistanlı valideynlərin Dağlıq Qarabağda xidmətdə olan övladlarına baş çəkmək üçün səfər edəcəkləri barədə xəbər yayılmışdı. Komandanlıq nə qədər “qabaqlayıcı” tədbirlər həyata keçirsə də, hərbi hissədə gördüklərindən dəhşətə gələn valideynlər Ermənistan Müdafiə Nazirliyinə şikayət məktubları göndəriblər. Xankəndinə gələrək qondarma “respublika”nın “müdafiə nazirliyi” qarşısına toplaşıblar.

Hələlik nə Ermənistanın, nə də qondarma rejimin rəsmiləri tərəfindən etiraz aksiyası iştirakçılarını və şikayət edən valideynləri qane edəcək rəsmi cavab verilməyib. Bütün təqiblərə və təzyiqlərə, görülən qəti tədbirlərə baxmayaraq işğalçı orduda mövcud olan qanunsuzluqlara qarşı Ermənistan ictimaiyyətində narazılıqlar və xidmətdən yayınma halları artmaqda davam edir. Əgər ali təhsil alanların möhlət hüquqları ləğv olunarsa ermənistanlı gənclər xidmətdən yayınmaq üçün yeganə çıxış yolunu Ermənistanı tərk etməkdə görəcəklər.

Bu arada Ermənistan internet mediasında xidmət yerindən qaçan hərbçilərin də 200 min dram (təqribən 400 dollar) cərimə olunacaqları barədə qanunun qəbul ediləcəyi haqda xəbərlər yer alıb.

Qeyd edək ki, rəsmi açıqlamalara görə 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

İsa İsmayılov,
hərbi jurnalist

Teqlər: Ermənistan