Yaxın günlərdə Cocuq Mərcanlıya ikinci köç başlayacaq

  23 Noyabr 2017    Oxunub : 928
Yaxın günlərdə Cocuq Mərcanlıya ikinci köç başlayacaq

Yaxın günlərdə Cocuq Mərcanlıya ikinci köç başlayacaq. Bu, təxminən bir həftə ərzində baş tutacaq.

Bu barədə AzVision.az-a açıqlamasında Cəbrayıl rayon, şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev bildirib.

Onun sözlərinə görə, Cocuq Mərcanlıda ikinci mərhələdə tikilən 100 ev tam hazırdır.

"Bildiyimiz kimi, birinci mərhələdə Cocuq Mərcanlıya 50 ailə köçürülüb, indi isə 100 ailənin köçürülməsi gözlənilir. Qəsəbədə klub icma mərkəzi, poçt, xəstəxana, bağça və icra nümayəndəliyinin binası tikilib. Məktəb daxili vəziyyət də yaxşıdır. 60 şagird və 20 müəllimdən ibarət gözəl kollektivimiz var”.

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Ümumilikdə isə ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Ülviyyə Çingizzadə
AzVision.az

Teqlər: Cocuq-Mərcanlı