Pakistandan alacağımız “Super Mushshak” nəyə qadirdir? - ARAYIŞ

  30 Noyabr 2017    Oxunub : 15863
Pakistandan alacağımız “Super Mushshak” nəyə qadirdir? - ARAYIŞ

Azərbaycanın xarici işlər naziri (XİN) Elmar Məmmədyarov bu gün türkiyəli və pakistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda təlim təyyarələrinin alınması ilə bağlı ölkəmiz Pakistanla müqavilə imzalayacaq.

Pakistan Azərbaycanın əsas hərbi tərəfdaşlarından biridir. Adıçəkilən ölkə ilə digər sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əməkdaşlıq mövcuddur.

AzVision.az-ın məlumatına görə, Azərbaycan müqavilə əsasında Pakistandan "Super Mushshak" təlim təyyarələri alacaq. "Super Mushshak" təlim təyyarəsi daha qabaqcıl “MFİ-17 Mushshak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. “Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir.



Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.

Hazırda “Mushshak” və “Super Mushshak” təlim təyyarələri, Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Həmçinin Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib.



Pakistandan alacağımız təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. "Super Mushshak" havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.



Anar Kəlbiyev
AzVision.az

Teqlər: Təyyarə   Pakistan   Azərbaycan